NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 21:20

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Novxanı və novxanlılar | Регистрация | Вход

Bərəkətli-çörəkli torpaq

 

ABŞERON

 

     Respublikamızın dilbər guşələrindən olan Abşeron rayonu Böyük Qafqaz sıra dağlarının cənub-şərq hissəsində, əsasən Xəzər dənizinin qərb sahilindədir. Ərazinin böyüklüyünə görə respublikada ikinci rayondur. Xəzərsahili hissəsi okean səviyyəsindən 28 metrədək aşağıdır. Ceyranbatan su anbarı, Abşeron kanalı Abşeron rayonu ərazisindədir. Çay şəbəkəsi seyrəkdir.

                             

Abşeron yarımadasını qarış-qarış gəzmiş tarixçi-arxeoloq Qardaşxan Aslanov bu ərazinin qədim insan məskənləri olduğunu sübut etmişdir. Aparılan arxeoloji qazıntılar nəticəsində Tunc dövründən (6-5 min il bundan əvvəl) başlayan müxtəlif dövrlərə aid abidələr, qayaüstü rəsmlər, küp qablar, yaşayış yerlərinin qalıqları, qəbiristanlıqlar və s. aşkara çıxarılmışdır. Abşeronun müasir yaşayış məntəqələrinin çoxunda, o cümlədən Novxanıda IX-XVII əsrlərə aid zəngin maddi mədəniyyət nümunələri, Novxanı kəndi yaxınlığında Siyan adlı orta əsr yaşayış məskəninin qalıqları tapılmışdır.

     XIX əsrə aid rus mənbələri xəbər verirlər ki, Abşeron yarımadasında irili-xırdalı 27 duz gölü var idi. Bunlardan Masazır və Zığ gölləri həm duzunun keyfiyyətinə, həm də bolluğuna görə seçilir.

        1958-ci ildə Moskvada nəşr edilmiş "Dağıstanın tarix, coğrafiya və etnoqrafiyası XVIII-XIX əsrlərdə” (arxiv materialları)  kitabı o dövrə aid bir çox maraqlı faktlarla zəngindir. Bu kitabda rus hərbi arxivinin bir çox müəlliflərinin hesabat xarakterli məlumatları var. Bunlardan K.T. Drenyakinin 1796-cı ildə "Şirvanın təsviri” adlı hesabatı bizim mövzu üçün olduqca maraqlıdır. Bir çox məlumatlarla yanaşı, müəllif  Bakı kəndlərinin siyahısını da vermişdir. 168-ci səhifədə 34 kəndin adı çəkilir. Onları olduğu kimi təqdim edirik:

1.   Дига (Digah)                    18.  Надир кала (Qala)

2.   Магомед (Məhəmmədi)    19.  Зиря (Zirə)

3.   Курдуханы (Kürdəxanı)    20.  Турка (Türkan)

4.   Горадил (Görədil)              21.  Оусса (Hövsan)

5.   Фатмай (Fatmayı)              22.  Зых (Zıx)

6.   Ноухан (Novxanı)              23.  Сураханы (Suraxanı)

7.   Мусадир (Masazır)             24.  Анигаджан (Əmircan)

8.   Сарай       (Saray)             25.  Билбиле (Bülbülə)

9.   Джура      (Corat)        26.  Романа (Ramana)

10.               Пуршагай (Pirşağı)            27.  Имран Булак (Sabunçu)

11.               Заврат (Zabrat)         28.  Балаханы (Balaxanı)

12.               Нурдаран (Nardaran)       29.  Кулай Магмут(Əhmədli)

13.               Билга (Bilgəh)           30.  Кишле (Keşlə)

14.               Бузовна (Buzovna)          31.  Хурдалан (Xırdalan)

15.               Шаган (Şaqan)          32.  Гукмалы (Hökməli)

16.               Мердекен (Mərdəkan        33.  Ходжесан (Xocahəsən)

17.               Шоулан (Şüvəlan)             34.  Кубы (Qobu)

     1816-cı ilin bir sənədini də təqdim etmək maraqlı olardı. Sənəd Bakı və onun kəndlərinin tərkibini, əmlakını, sayını əks etdirir. [MDA, F.24, siy.1, iş 51]

  

XVII və XVIII  əsrlərdə Bakı və Abşeronda  

cərəyan edən siyasi durumdan bəzi faktlar

     1723-cü ilin 26 iyul tarixindən ruslar artıq Bakıda hökmranlıq edirdilər. Onlar 5 min çuvaş, tatar və Volqaboyunda yaşayan digər tayfaları Bakıya köçürdülər. Ermənilərə isə yüksək status verərək onlara Xəzəryanı şəhərlərdə məskunlaşmağa icazə verdilər. Ən nəhayət hindli tacirlərə ən imtiyazlı 

ticarət hüququ verildi. 1723-cü ildə Bakı və Abşeronu knyaz Boryatinski idarə edirdi. Az da olsa hələ nüfuzu olan Dərgahqulu bəy öz  kəndi Maştağada hələ ki, sakitcə oturmuşdu. On iki il ərzində Bakı-Abşeron rus hərbi qarnizonunun tabeliyində idi. İqtisadiyyatın əsasını təşkil edən ticarət və digər sahələr güya rusların nəzarətində olsa da, əslində hindli və erməni tacirlərinə külli-ixtiyar verilmişdi. Yalnız 1735-ci ildə Nadir şahın qələbəsindən sonra Gəncə müqaviləsinin şərtlərinə əsasən, rus hərbçiləri Bakıdan və Dərbənddən çıxarılır. Məhz bundan sonra Bakı alçaldıcı işğal vəziyyətindən xilas ola bilmişdi.

      XVIII əsrin əvvəlində bir neçə qanlı döyüşlərdən sonra İran ordusu Bakını həmişəlik tərk etdi. Xalq rəvayətlərindən və mənbələrdən öyrənirik ki, Bakı və Abşeron əhalisi bu hərbi döyüşlərdə qəhrəmanlıqla vuruşub. Məğlubiyyətdən sonra da rus işğalçılarına qarşı üsyana, ölüm-dirim mübarizəsinə qalxıb. Amma rus komandanlığının qabaqlayıcı tədbirləri ümumxalq üsyanının miqyasını məhdudlaşdıra bildi. Sonralar Türkmənçay müqaviləsi (1828) ilə İran-Rusiya münasibətlərinə birdəfəlik möhür vuruldu.    

      İlk zamanlar rus hakimiyyəti "müdriklik” göstərərək köhnədən qalmış idarəçilik sisteminə toxunmur, xan tərəfindən təyin edilmiş bəyləri dəyişmir, kəndlərdəki həyatın köhnə axarına mane olmurdu. Belə ki, o dövrdə, yəni 1813-cü ildə Güzdək, Qobu, Xırdalan, Xocahəsən, Biləcəri kəndləri Hacı Zöhrab bəy tərəfindən idarə olunurdu.  Zöhrab bəy və onun kimi beş-altı kəndə bəylik edənləri böyük bəy saymaq olar. Əsasən hər kəndin öz bəyi olurdu. Misal üçün, Novxanıda – Hacı Nurməhəmməd bəy, Fatmayıda - Əsgərəli bəy, Binəqədidə - Qasım bəy, Digah və Məhəmmədlidə - Manaf bəy, Maştağada – Kəlbəli bəy, Bilgəhdə - Həbib bəy, Nardaranda – Kərim bəy, Qalada – Məmməd Şirin bəy, Türkanda – Əliverdi bəy, Hövsanda – Qasım bəy, Bülbülədə - Məmmədqulu bəy, Zabrat, Sabunçu, Keşlədə - Məmmədyar bəy, Suraxanı və Zirədə isə Məhəmməd Həşim bəy. Onlar Bakı xanının xeyir-duası ilə bəyliklərini davam etdirirdilər. Bəzi kəndlərdə rəhbər funksiyasını icmanın özünün təyin etdiyi kəndxudalar daşıyırdı. Bütün kəndlərdə verginin miqdarını Bakı şəhər məhkəməsi təyin edirdi.         1826-cı il Bakıda, Abşeronda Rusiya hakimiyyətinin acı başlanğıc tarixi oldu. Rusiya-İran müharibəsinin iştirakçıları, əsasən də  üsyançılar sosial vəziyyətlərindən asılı olmayaraq rus komandanlığının təqiblərindən qurtulmaq üçün ailələri, qohum-əqrabaları ilə birlikdə Şərq ölkələrinə, xüsusilə də İrana mühacirət etməli oldular. Onların arasında Novxanı sakinləri də az deyildi. Qaçıb canlarını qurtara bilməyənlər isə buna imkan yaranacağı ümüdü ilə evlərindən qacaq düşüb qizlənməli oldular. İşğalçılar onları həbs edib qətlə yetirir, sürgünə göndərirdilər. Maraqlıdır ki, məhkumların sürgün edildiyi yerlər sırasında Volqaboyu ərazi və Həştərxan şəhəri birincilik təşkil edirdi. Sibir isə çox sonralar katorqa və sürgün yeri oldu. Aydın məsələdir ki, sürgün olunmuşlar arasında Novxanı kəndinin bəyi - Hacı Nurməhəmməd bəy başda olmaqla üsyanda iştirak edən novxanılılar da  vardı.

     Beləliklə, işğaldan neçə illər keçdikdən sonra Abşeron kəndlərinin idarəçiliyi yeni hökümətə loyal münasibət bəsləyən bəylərə tapşırılırdı. Tanınmış, qədim zadəgan nəsilləri siyasi arenanı tərk etməli oldu, hakimiyyətə yenı xanlar və bəylər gəldi.

 NOVXANI KƏNDİ

       Abşeron rayonunda kənd. 2010-cu il yanvarın 1-nə olan məlumata görə, kənddə 8500-ə yaxın əhali qeydə alınmışdır. Ərazisi 26,97 kv.km-dir (XVIII əsrdə təxminən 100 kv.km-r). 2 orta məktəb, kitabxana, müsiqi məktəbi, mədəniyyət evi, 2 uşaq bağçası, poliklinika, poçt, 1000 abonentlik ATS, 2 məscid fəaliyyət göstərir. Memarliq abidələrindən "Şah Soltan Hüseyn” məscidi (XVII əsr), "Hacı Səfəralı” məsçidi (XIX əsr), "Axund Əbil” sərdabası (XIX əsr), hamam (1907-ci il) və s. mövcuddur. Məhəmmədəmin Rəsulzadəyə,  Mehdi Hüseynzadəyə və  Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidələr ucaldılmışdır.

Son illərdə kəndin bir sıra sosial-iqtisadi obyektlər inşa olunub və bu iş sürətlə davam etdirilir. Ümumiyyətlə, Novxanıda infrastrukturun inkişaf etdirilməsi, yolların abadlaşdırılması, enerji, su, qaz xidmətlərinin yaxşılaşdırılması, kommunal və məişət sahələrinin geniləşləndirilməsi istiqamətində nəzərə çarpacaq addımlar atılmaqdadır.

      Kənd əhalisi  əsasən dövlət idarə və müəssisələrində, özəl qurumlarda, xidmət sahələrində, həmçinin fərdi təsərrüfatlarda çalışır, xırda və orta bizneslə məşqul olur.

      Qədimdə Novxanıda əhalinin sayı və sosial tərkibi haqda əhatəli məlumatı yalnız əldə elədiyimiz Rusiya hökümətinin 1816 (bax 1816 və 1832-ci illərdə kənd əhalisinin siyahıları) və 1832-ci (bax 1816 və 1832-ci illərdə kənd əhalisinin siyahıları)   illərdə əhalinin siyahıyaalma sənədlərindən götürə bilmişik. Bu siyahılardan 16 il ərzində kənd əhalisinin təsərrüfat məşğuliyyətinin necə dəyişdiyini də izləyə bilərik. 1816-cı ildə Novxanının bəyi Hacı Nurməhəmməd bəy idi və kənddə yaşayan Məhəmməd bəy də hələ bəylik titulunu qoruyub saxlayırdı. Əhali əsasən, taxılçılıqla və maldarlıqla məşqul olur, hər bir ailənin xeyli qoyun-quzusu, bir-iki inəyi və atı vardı. Heç şübhəsiz ki, toyuq-cücə də saxlayırdılar. Maraqlıdır ki, bu illərdə novxanılılar dəvəçiliyə də maraq göstərirdilər. Kənddə 13 baş dəvə vardı. Ümumilikdə Novxanıda 122 ev vardı, kişilərin sayı 354, qadınlar 241 nəfər idi. Əlbəttə bu siyahıya uşaqlar və yəqinliklə demək olar ki, rus hərbçilərinə qarşı döyüşlərdə iştirak edənlər daxil edilməyib. Əhali ilk           vaxtlarda mülkiyyətləri haqda düzgün məlumat verməyərək vergidən yayınmağa çalışırdı. Ancaq, bu siyahıyaalmaya inansaq bu vaxt Novxanıda 102 at, 315 iribuynuzlu qaramal, 1455 baş qoyun-quzu, 50 bağ sahəsi qeydə alınmışdı.

     Rusiya imperiyasının xəzinəsinə kənd əhalisi öz əmlakına görə 90 rubl, 50 qəpik gümüş pul ödəmişdi. Bir 1813-16-cı illərdə siyahıya alınmanın nəticələri neçə kimsəsiz, yetim ailələri, kəndin ruhanisi Molla Bəyəhməd vergilərdən azad edilmişdi. Novxanı sakini Kərbəlayi Qulu Bakının (İçərişəhər) siyahısında qeydə alınmışdı. Yəqin ki, tədricən Kərbəlayi kimi şəhərə köçənlərin sayı artırdı.     

      1832-ci ilin siyahıya alınmasından daha çox məlumat əldə etmək olur. Bu sənəddə kənd əhalisinin sayı barədə daha dəqiq məlumat alırıq: kişilərin sayı və adları, qadınların sayı, mülkiyyətdə olan torpaqların sayı, sakinlərin təsərrüfatı və məşğuliyyəti barədə. Bu dövrdə kəndin sahibi əvvəlki bəyi əvəz edən Əskərəli bəy Hacıvəli oğlu idi. Çox güman ki, əvvəlki sahib Hacı Nurməhəmməd bəy 1826-28-ci illərdə Rusiya-İran müharibəsində məğlub olmuş Hüseynqulu xanın tərəfdarlarından idi.

Davamı (bura basın)

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться