NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 11:45

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | azərbaycanlılar müqavimət hərəkatında | Регистрация | Вход

Böyük Vətən müharibəsi: azərbaycanlılar müqavimət hərəkatında

 


Azərbaycan döyüşçülərinin Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizəsi Sovet İttifaqının ərazisi ilə məhdudlaşmırdı.

Bu mübarizə Polşa, Almaniya və Fransadakı əsir düşərgələrində, İtaliya, Çexoslovakiya və Yuqoslaviya torpaqlarında davam etdirilirdi. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.
Azərbaycanın qəhrəman oğullarından Ə.Əliyev, İ.Qiyasbəyov, B.Hacıyev, H.Novruzov, H. Zeynalov və başqaları Polşada, H.Namazov, Ə.Hacıbəyov... Çexoslovakiyada, M.Hüseynzadə, M.Seyidov, R.Orucov, Ə.Məmmədov, T.Əliyev, M.Qulubəyov, Ə.Babayev... Yuqoslaviyada, Ə.Babayev, Ş.Məcidov, V.Hüseynov, M.Nəcəfov, Ə.Mirzəyev... İtaliyada, Ə.Cəbrayılov, M.Məmmədov, D.Abdullayev, X.Hacıyev... Fransada müqavimət və partizan hərəkatlarında misilsiz igidliklər göstərmişlər. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu. Edlin şəhərindəki gizli təşkilat hərbi əsirlər arasında geniş antifaşist təbliğatı aparırdı.Gizli təşkilatın izinə düşmüş faşistlər onun bir sıra üzvlərini edam etmiş, bir hissəsi qaçaraq partizanlara qoşulmuşdu. 1943-cü ilin ortalarında alman-faşist komandanlığı Polşadakı azərbaycanlı əsirləri Fransanın cənubuna köçürdü. 1944-cü ildə Rodez şəhərindəki gizli antifaşist təşkilatı Fransa Müqavimət Hərəkatının Baş Qərargahı ilə əlaqə yaratmış, hərbi əsirlərin böyük dəstəsinin partizanlara qoşulmasını təmin etmişdi.
Əslən Şəki rayonunun Oxut kəndindən olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 1941-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılmışdı. 1942-ci ilin mayında Donbas uğrundakı döyüşlərdə ağır yaralanmış və əsir alınmış, Daxau və Elzas — Lotaringiya ölüm düşərgələrinə göndərilmişdi. 1942-ci ilin noyabrında Fransada əsirlikdən qaçmış və partizanlara qoşulmuşdu. "Armed Mişel”, "Ryus Armed” və başqa adlarla Fransanın azadlığı uğrunda vuruşmalarda iştirak etmişdir. "Oktyabr inqilabı”, "Qırmızı bayraq” ordenləri və medallarla, habelə Fransanın orden və medalları ilə o cümlədən, şəxsi igidliyə görə verilən ən yüksək "Hərbi medal”la (bu mükafat hərbi paradda sıravi əsgərə generallardan irəlidə addımlamaq hüququ verir) təltif edilmişdir.
1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular. Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ.Qradnik adına İtalyan — yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər. Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat — təxribat qrupuna rəhbərlik etmiş fövqəladə qəhrəmanlıqlar göstərmişdir. Həmin qrupa M.Hüseynzadə ilə yanaşı, Mirdamət Seyidov, Ənvər Məmmədov, Tağı Əliyev və digər soydaşlarımız daxil idi.

Alman dilini bilməsi, düşmən ordusunun qayda-qanunlarına bələd olması faşist zabiti formasını geymiş Mehdi və qrup yoldaşlarının düşmənin ən gur cəmləşdiyi yerlərə nüfuz etməyə və iri əməliyyatları həyata keçirməyə imkan verirdi.
Mehdi özünün ilk əməliyyatını 1944-cü il aprelin 2-də keçirdi. Həmin günü o, Triyest şəhərinin yaxınlığında – Opçine adlı yerdə kinoteatrı partlatdı.. Nəticədə hitlerçi əsgər və zabitlərdən 80 nəfəri öldü, 110 nəfəri isə ağır yaralandı.
Onun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triyest şəhərinin özündə — "Via qeqa” küçəsində almanların "Soldatenhaus” (Əsgər evi) restoranının binasının partladılması oldu. Faşist ordusu əsgərinin paltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxdılar.
Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan oldu. İki gün ərzində hitlerçilər uçqunların altından meyitləri və yaralıları çıxarmaqla məşğul oldular. Faşist gestapoçuları həmin binanın bərbərxanasında sülənən bir neçə günahsız adamı həbs edib sonra da qətlə yetirdilər.
Azərbaycan tarixi muzeyindəki eksponatların birində partlayışın ertəsi günü çıxmış "İl Pikkolo” qəzetinin bir parçası nümayiş etdirilir. Orada oxuyuruq: "Dünən, şənbə günü kommunist elementlər Triyest şəhərində alman əsgər evində terror təxribatı törətmiş, nəticədə bir neçə alman əsgəri və italyan vətəndaşı həlak olmuşdur. Terrorçulara yaxın dairələrdən xeyli adam həbs edilmişdir. Hərbi məhkəmə onlardan 51 nəfərinə ölüm hökmü kəsmişdir. Məhkəmənin hökmü dərhal yerinə yetirilmişdir”.
Partizan qərargahına daxil olan rəsmi məlumata görə, qəzetdə göstərilən "bir neçə alman əsgəri” əslində 450 nəfərin ölüm və yaralanması demək idi.
Bundan sonra bütün qəzetlərdə "Mixaylo” ləqəbli partizan Mehdi Huseynzadəni tutana və yaxud öldürənə 100000 marka həcmində mükafat veriləcəyi haqqında məlumat dərc edildi. Sonradan bu məbləğ 400.000 markaya yüksəldi. Lakin həmin mükafat heç kimə qismət olmadı.
Təkcə Triyestdə Mehdi "İl Pikkolo” qəzetinin redaksiyasını və mətbəəsini, Via küçəsində hitlerçilər üçün açılmış fahişəxananı partlatmış, faşist hərbi qarajını yandırmış, Triyest şəhərində alman əsgər və zabitləri üçün nəzərdə tutulmuş mehmanxana və "Fartuna” küçəsindəki "kazino”nu yerlə-yeksan etmişdi.
Mehdi özünün son əməliyyatını Sezane adlı yerdə keçirdi — faşistlər filmə tamaşa edərkən kinoteatrı partlatdı.
Korpus qərargahının məlumatına görə, 1944-cü ilin 9 ayında Mehdinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 1000 nəfərdən çox alman əsgər və zabiti ölmüş və ya ağır yaralanmışdı.
Şanlı partizan və onun döyüş dostlarının uğurlu əməliyyatları getdikcə artırdı. Lakin 1944-cü il noyabrın 14-də Vitovle kəndində Mehdinin olduğu ev hitlerçilərin böyük bir dəstəsi tərəfindən mühasirəyə alındı. Mehdi son patronuna qədər düşmənə müqavimət göstərdi. Axırıncı patronu isə özünə saxlamışdı. İgid qəhrəman düşmənə təslim olmayıb axırıncı güllə ilə özünü öldürdü. Həmin gecə partizanlar faşistlərin müqavimətinə baxmayaraq Mehdinin meyitini oradan götürüb Çepovani kəndində dəfn edə bilmişdilər. Sovet hökuməti cəsur partizana ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verdi.
Tarix muzeyinin ekspozisiyasında və fondda Mehdi Hüseynzadənin doğmaları və partizan yoldaşları tərəfindən verilmiş çoxlu şəxsi əşyaları saxlanılır. Burada onun paltarı, pasportu, portsiqar və alışqan, üzük, partizan dəstəsində olduğu dövrdə çəkilmiş şəkillərin əsli saxlanılır. Şəkillərdən birini Mehdi öz döyüş dostları ilə birgə çəkdirmişdir. Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında sənəd də burada saxlanılır. Muzeyin fondunda Mehdinin həyatının məktəb və tələbəlik illərinə dair çoxlu digər əşyalar və sənədlər də vardır.
Ekspozisiyada İtaliya və Yuqoslaviyada partizan hərəkatında Mehdi ilə birgə iştirak etmiş yoldaşlarına dair materiallar vardır. Bu sənədlər arasında gizli antifaşist təşkilatının rəhbəri, partizan dəstəsinin batalyon həkimi M.Qulubəyova Yuqoslaviya Ordusu Ali Baş Komandanlığı tərəfindən verilmiş "İgidliyə görə” medalı diqqəti xüsusilə cəlb edir. Həmin orden haqqında şəhadətnamə 1945-ci il iyunun 20-də verilmişdir.
Mehdinin partizan dostu Mirdamət Seyidov Yuqoslaviyanın "İgidliyə görə” və "Xalq qarşısında xidmətlərinə görə” ordenləri ilə təltif olunmuşdur. M.Seyidovun partizan həyatını əks etdirən bu və digər sənədlər də muzeydə öz layiqli yerini tapmışdır.
Yeri gəlmişkən qeyd edək ki, Yuqoslaviya xalq – azadlıq ordusunun tərkibinə daxil olan Sovet partizan batalyonunda çoxlu azərbaycanlı vuruşurdu. Faşistlərə qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın orden və medalları ilə təltif olunmuşdur.
1942-ci ilin yazında Polşadakı hərbi əsir düşərgələrindən birində azərbaycanlıların gizli antifaşist təşkilatı yaradılmışdı. Ona zabit H.Qiyasbəyov və M.Məmmədov başçılıq edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup əsir düşərgədən qaçaraq Polşa partizanlarına qoşulmuşdu.
Fransanın Rodez şəhərindəki əsir düşərgəsində xeyli azərbaycanlı vardı. Onların çoxu gizli antifaşist təşkilatının üzvi idi. Burada üsyan hazırlanması xəbəri xain tərəfindən düşərgə rəhbərliyinə çatdırılmasına, onun qarşısını almaq üçün böyük tədbir görülməsinə baxmayaraq, gizli təşkilatın üzvlərindən həkim Əmirov son dəqiqədə fürsətdən istifadə edərək 29 nəfər əsirlə birlikdə meşəyə qaçıb fransız partizanlarına qoşulmuşdu.
Faşistlər xalqımızın qəhrəman oğulları Mirzəxan Məmmədov, Qulu Quliyev, Vəli Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla Qurbanov, İsmayıl Heydərov, Həsən Əliyev, Qurban Məmmədov, Məmməd Axundov, Abbas Hüseynov və bir çox başqalarını həbs edib, böyük əzab və işgəncədən sonra ölüm cəzasına məhkum etmişdilər. Lakin faşistlərin ölüm cəzası belə mərd mübarizlərin iradəsini qıra bilməmişdi. Üsyanın təşkilatçılarından biri, müharibədən sonra uzun müddət Lənkəran şəhərində həkim işləmiş F.Qurbanov öz xatirələrində yazır: "Biz, 12 nəfər ölümə məhkum edilmişlər yekdilliklə qət etdik ki, əgər bizi axşam güllələməyib səhərə saxlasalar, nəyin bahasına olursa-olsun gecə qaçmalıyıq. Əgər bizi axşam güllələməyə aparsalar, onda yolda əliboş da olsaq döyüşə girməli və son fürsətdən istifadə etməliyik.
Bizi qəbiristanlığa üstübağlı yük maşınında alman əsgərlərinin müşayiəti ilə aparırdılar. İkinci maşında 10-15 nəfər alman əsgəri bizim dalımızca gəlirdi. Qəbiristanlığa az qalmış Mirzəxan Məmmədov faşistə müraciət edərək almanca bir papiros istədi. Alman əsgəri əlini cibinə salarkən Mirzəxan onu güclü zərbə ilə vurub maşından atdı. İkinci əsgəri Q.Quliyev boğazladı. Biz maşından tullanmağa başladıq. Bu zaman ikinci maşındakı əsgərlər bizi atəşə tutdular". Bu qeyri-bərabər döyüşdə M.Məmmədov, M.Məmmədli, H.Əliyev, Q.Məmmədov və P.Cəfərxanlı qəhrəmancasına həlak oldular, 7 nəfər isə faşist edamından qaçıb qurtardı.
1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı partizanlar tərəfindən faşistlərdən azad edilmişdi. Bu əməliyyatda azərbaycanlılara gizli antifaşist təşkilatın üzvü Hüseynrza Məmmədov başçılıq edirdi.
Rodez zəhmətkeşləri qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin xatirəsini əziz tutaraq, onları böyük matəm mərasimi ilə Rodez qəbiristanlığında dəfn etdilər. Matəm mitinqində çıxış edən polkovnik Rişard fransız vətənpərvərlərinin sovet xalqına qarşı məhəbbətlə dolu olan fikir və duyğularını bu sözlərlə ifadə etmişdi: "Fransa, azərbaycanlı hərbi əsgərlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəklər ki, uzaq Azərbaycandan olan dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər.
Azərbaycanlı döyüşçü partizanların qardaşlıq məzarı bizim üçün əziz ziyarətgah olacaqdır. Həlak olan qəhrəmanların surəti əbədi olaraq qəlbimizdə yaşayacaqdır’’.
Qardaşlıq məzarı üzərinə qoyulan baş daşına Azərbaycan xalqının qəhrəman oğullarının şanlı adları həkk edildi.
Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen, Ravensburyuk və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər.
Avropa xalqları faşizmə qarşı vuruşan vətənpərvərlərin adlarını böyük hörmət və ehtiram hissləri ilə yad edirlər. Azərbaycandan uzaqlarda – Avropa ölkələrində faşizmə qarşı cəsarətli mübarizə aparan soydaşlarımızın kütləvi qəhrəmanlığı partizan hərəkatı tarixində parlaq səhifə təşkil edir.


Əkrəm ZEYNALOV,
tarix elimləri doktoru, professor

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться