NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 21:35

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Süleyman Rüstəm | Регистрация | Вход

Rüstəmzadə Süleyman Əliabbas oğlu

Süleyman Rüstəm - Azərbayca-nın xalq şairi, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), SSRİ (1950) və Azərbaycan SSR (1970) Dövlət mükafatı, Respublika Lenin komsomolu mükafatı (1970) laureatı.

O, Azərbaycan SSR Ali Sovetinin (1-11-ci çağırış) deputatı, 8-11-ci çağırış Ali Sovetin sədri olub. 3 dəfə Lenin ordeni, digər orden və medallarla təltif edilmişdir.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində dəmirçi ailəsində doğulub. N. Nərimanov adına Sənaye Texnikumunda (1922-24) oxuyub, 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakultəsinə daxil olub. 1929-cu ildən təhsilini 1-ci Moskva Dövlət Universitetinin ədəbiyyat fakultəsində davam etdirib. "Gənc işçi”, "Komsomol”, "Gənc bolşevik”, "Maarif və mədəniyyət” və s. qəzet və jurnallarda əməkdaşlıq edib, M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının direktoru(1937-1938), "Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru (1955-56) olub.

O, əsrin yeni dövr, yeni mərhələ poeziyasını başlamış ilk şairdir. İndi bu şairin yaradıcılığına, poeziyadakı uzunillik təcrübəsinə ən müxtəlif münasibətlər ola bilər və olmalıdır. Çünki belə münasibət təkcə S.Rüstəmə yox, onun dövrünə, onun poetik fəaliyyətinin başlandığı və davam etdiyi mərhələlərə müasir ədəbi-tarixi cəhətdən zəruridir. S.Rüstəm də burada qətiyyən istisna təşkil etmir, hətta bu mərhələnin böyük və əsas poetik simalarından biridir. O, bu mərhələnin poeziyasını başlamışdır və ondan sonrakı şairlər də mərhələnin poetik axtarışlarını özlərinə məxsus şəkildə və səviyyədə davam etdirmişlər. Səməd Vurğun hələ 1954-cü ildə S.Rüstəmə Moskvadan ünvanladığı teleqramında onu Azərbaycan sovet poeziyasının banisi adlandırır və qeyd edirdi ki, biz şairlər sənə borcluyuq. Bu qiymətin dərin tarixi mənası vardır. O, bununla hər şeydən əvvəl S.Rüstəmlə poeziyada başlanan mərhələnin müstəsna əhəmiyyətini qeyd edir, ikincisi, bu poetik mərhələdə S.Rüstəmin yerini dəqiq müəyyənləşdirir.

Ədəbi fəaliyyətə hələ texnikumda oxuduğu zaman başlamış, "Çimnaz xanım yuxudadır” (1922) adlı birpərdəli komediya yazmışdır. "Unudulmuş gənc” adlı ilk mətbu şeri 1923-cü ildə "Maarif və mədəniyyət” jurnalında dərc olunmuşdur. Həmin vaxtdan dövrün mürəkkəb ədəbi-ictimai həyatında fəal iştirak etmiş, "Gənc Qızıl Qələmlər İttifaqı”nın (1925) təşkilatçılarından olmuşdur. 1928-29-cu illərdə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi işləmişdir. "Ələmdən nəşəyə” adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilmişdir. Sonrakı illərdə yaratdığı "Addımlar” (1930), "Səs”, "Atəş”, "Yaxşı yoldaş” (1932) , "Qolsuz qəhrəman” (1928), "Komsomol”, "Partizan Əli” (1933), "Bakı misraları”, "Gecənin romantikası”, "Şirindil”, "Ulduzlar” (1934) kimi lirik-epik poema və şeirlərində şairin lirik həyəcanları  daha konkret və realist mahiyyət daşıyır.

Böyük Vətən müharibəsi illərində müasirləri olan bir çox şair kimi, S.Rüstəm də bütün yaradıcılığını səfərbərliyə aldı, poeziyasının bütün mənəvi qüvvəsini və imkanlarını vətəni, xalqı, ölkənin ləyaqətini qorumaq işinə sərf etdi. Şair qələbəyə, xalqın müharibədə qalib gələcəyinə inanırdı. Həm də bu inamı insanlara aşılayırdı. Müharibə dövrünün poeziyasında ifadə olunan hiss əsərlərində üzvü bir vəhdət təşkil edirdi. Məhz buna görə də S.Rüstəmin müharibənin təzəcə başladığı vaxtda yazdığı şeirlərdən biri "And” idisə, digəri "Gün o gün olsun ki” şeiri dərin bir inam hissi idi. S.Rüstəm yazırdı:

Süleyman, şairsən, bilirsən özün,

Qılıncdan itidir, kəskindir sözün...

Əgər ağarsa da saçın qar kimi,

O gün qapıdadır ilk bahar kimi

O günü ən yaxşı bir gün eləmək

Bizdən asılıdır, şübhəsiz, gerçək.

Gün o gün olacaq, o gün gələcək,

Bəşər dincələcək, həyat güləcək.

S.Rüstəmi bir şair kimi fərqləndirən ikinci mühüm cəhət öz yaradıcılığında Cənubi Azərbaycan mövzusuna əhəmiyyətli yer ayırmasıdır. O, həqiqətən şairin poeziyasında ən davamlı mövzu və motivlərdəndir. Şair altmış ildən çox bu mövzudan ayrılmamışdır. Və biz Cənub lirikasında onun poeziya-sının ən gözəl xüsusiyyətlərini – ideya və poetik xüsusiyyətlərini görürük. S.Rüstəm bu şeirlərində Azərbaycan vahidliyini, mənəvi bütövlüyünü təsdiqləyirdi ki, bunun yalnız tarixi bir mənası və əhəmiyyəti yox, həm də milli müstəqilliyimizin idealları baxımından da çox dərin mənası vardır.

Görün, nə qəribə bir qismətim var,

O taylı, bu tayla Süleymanam mən.

S.Rüstəmin poeziyasında Cənub mövzusu həm də dünyada baş verən proseslərlə səslənən mövzu idi. Müharibədən sonra yaratdığı "İki sahil” şeirlər kitabı (1959) bunun çox əyani bir təsdiqidir. Cənuba həsr etdiyi şeirlərdən şair "Təbrizim” adlı bir kitab nəşr etdirmişdir (1986).

Ötən əsrin 60–80-ci illəri Süleyman Rüstəmin yaradıcılığında yeni inkişaf mərhələsidir. Bu illərdə şair ictimai-siyasi və məhəbbət lirikasının gözəl nümunələrini yaratmışdır: "Günəşli sahillərdə” (1963), "Bahar düşüncələri” (1964), "Bir az da məhəbbətdən” (1965), "Keçilməmiş yollarla” (1970), "Xəzərimin səhəri” (1976), "Ürəyimin gözüylə” (1977), "Vətən təranələri” (1980), "Mənim günəşim” (1981) və s.kitabları.

S.Rüstəm poeziyanı, lirikanı dövlət təfəkkürü ilə əlaqələndirirdi. Bu da onun yaradıcılığında poeziyanın keçilməmiş yollarından biri idi. O, poeziyanı zamandan, onun siyasi mübarizələrindən, ideoloji qənaətlərindən və hisslərindən qətiyyən ayırmırdı, çünki onun yaradıcılıq görüşlərinə görə poeziya zamanın səsidir, mənəvi-siyasi və fəlsəfi təfəkkürüdür. Lakin müəyyən sosial məqsəd və fikir ifadə etdikdə belə S.Rüstəm şair olaraq qalırdı. O, müasirliyi, sosial təfəkkürü və poetik təfəkkürü ahəngdar şəkildə birləşdirirdi.

80-ci illərin axırlarında cərəyan edən Qarabağ hadisələri şairi sarsıtmışdı. 83 yaşlı şair ürək ağrısı ilə bu hadisələri izləyir, qəzəblənirdi. Öz vətənpərvərliyini, vətəndaş mövqeyini xalqına "Qarabağnamə” şeiri ilə bildirir:

... Qapına atlı gələnlər qayıdıblar atsız,

Qudurub odlu gələnlər qayıdıblar adsız,

Arxalı-adlı gələnlər qayıdıblar adsız,

Canı qurban deyərək varlığına biz, Qarabağ,

Qarşısında yağının çökməmişik diz, Qarabağ!

Gül-çiçək ətri hopub qızlarının dillərinə,

Yayılıb varlığının şöhrəti dost ellərinə,

Qoymaram qan çilənə bağlarının güllərinə!

Mən Süleyman səninəm, sən də mənimsən,Qarabağ!

Vətənimsən, Vətənimsən, Vətənimsən, Qarabağ!

Süleyman Rüstəm dramaturgiya sahəsində də çalışmışdır. O, «Yanğın» (H.Nəzərli ilə birgə, 1930), «Qaçaq Nəbi» (1940) pyeslərinin, «Durna» komediyasının müəllifidir.

Şair Nizaminin, Ş.Rustavelinin, A.S.Puşkinin, A.S.Qriboyedo-vun, M.Y.Lermontovun, T.Q.Şevçenkonun, V.Mayakovskinin, Nazim Hikmətin, U.Uitmenin və başqalarının bir sıra əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

S.Rüstəmin yaradıcılığı zəngindir, çoxcəhətlidir, bu yaradı-cılıq XX əsr ədəbiyyatının aparıcı inkişaf yolları və vəzifələri ilə dərindən, bütün mənəvi əsasları ilə bağlı olduğu kimi həm də bu inkişafa güclü və dərindən təsir göstərmişdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, keçən əsrin 20-ci illərindən yaradıcılıqa şeirlə başlayan S.Rüstəm poeziyada öz məktəbini yaratmış böyük sənətkardır. Onun poeziya məktəbi şeirimizin yeni nəsillərinin yaradıcılıq təşəkkülündə müstəsna rol oynamış və təsdiq edə bilərik ki, bu məktəbin dəyərləri yeni əsrin poeziyası üçün də öz önəmliyini qoruyub saxlamışdır. S.Rüstəm yara-dıcılığında hansı fəlsəfi dünyagörüşü izlədiyini bəyan edərək «Mənim fəlsəfəm» şeirində belə yazmışdır:

Duyumlu sözlərdən heç gəlməz xoşum,

Aydın həqiqətdir mənim fəlsəfəm

Vətənə, millətə, qardaş ellərə

Dərin məhəbbətdir mənim fəlsəfəm.

Dumanlı arzular, xam xəyal deyil,

Şan-şöhrət uğrunda qalmaqal deyil,

Fitnə-fəsad deyil, puç amal deyil,

Haqdır, ədalətdir mənim fəlsəfəm.

Mən çox bəlalara gəlmişəm sinə,

Haqqı yazmamışam heç vaxt tərsinə,

Ulu babaların yaxşı irsinə

Əbədi hörmətdir mənim fəlsəfəm.

...Gərək son verilsin hər fəlakətə,

İnsanam – düşmənəm zülmə, dəhşətə.

Azadlıq aşiqi bəşəriyyətə

Can-başla xidmətdir mənim fəlsəfəm.

Məhz bu dəyərlərinə görə S.Rüstəm poeziyası əbədiyaşar poeziyadır.

Süleyman Rüstəm 1989-cü il iyunun 10-da dünyasını dəyişib, Fəxri xiyabanda dəfn edilib.


Yazı professor Şamil Salmanovun  "Əsrin şairi” məqaləsi əsasında hazırlanıb

 

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться