NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 12:16

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Sabit Orucov | Регистрация | Вход

Orucov Sabit Kərbəlayi Atababa oğlu

    

         Sabit Orucov Şərqdə ilk demokratik cümhuriyyətin qurucusu, dahi Məhəmmədəmin Rəsulzadəni, əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni («Mixaylo»nu) Azərbaycan xalqına bəxş edən qədim Novxanı (Bakı) kəndinin nadir şəxsiyyətlərindən biri, görkəmli Sovet dövlət və ictimai xadimi, beynəlxalq aləmdə tanınmış məşhur neft-qaz mütəxəssisi olmuşdur. O, 1912-ci il mayın 31-də dünyaya gəlmiş, gənc yaşlarından neft işinə sonsuz maraq göstərmiş, Azərbaycan Neft İnstitutunun neft-mədən fakültəsini bitirmişdir. İstehsalata ayaq qoyduğu ilk günlərdən sənətinə ürəkdən bağlanıb ona ömürlük sadiq qalmışdır. Harada, hansı vəzifədə çalışmasına baxmayaraq, hər yerdə pozulmaz izlər qoyub keçmişdir. Müharibənin ən ağır çağlarında, cəbhənin Bakı neftinə daha çox ehtiyacı olduğu vaxtlarda neft quyularının sürətlə mənimsənilib istismara buraxılması üçün aerizasiya üsulunu ilk dəfə Sabit Orucov işləyib hazırlamış və onu çalışdığı Suraxanıneft trestinin mədənlərində  tətbiq etmişdir.

Faşizm üzərində tarixi qələbənin qazanılmasında, Azərbaycan neftçilərinin qara qızıl uğrunda göstərdikləri fövqəlbəşər fədakarlıq hərəkatında Sabit Orucovun özünəməxsus payı vardır.

O, 1946-cı ildə SSRİ-nin Cənub və Qərb Rayonları üzrə  Baş Neftçıxarma İdarəsinin şöbə rəisi vəzifəsinə işə götürülmüşdür. Və bir müddətdən sonra Krasnodarneft birliyi rəisinin birinci müavini - baş mühəndisi vəzifəsinə göndərilmişdir. Müharibə vaxtı bərbad hala salınmış Krasnodarneft mədənlərinin yenidən həyata qaytarılmasında əsl mühəndis fədakarlığı, təşkilatçılıq hünəri nümayiş etdirmişdir. Tədricən «quyular qəbiristanlığında» canlanma əmələ gəlmiş, iş bulaq kimi qaynamağa başlamışdır. O, Kuban mədənlərini reanimasiya halından çıxardı. Neft hasilatını müharibədən əvvəlki səviyyəyə çatdırdı və artım başlandı.

1950-ci ildə Krasnodar mədənlərinin yenidən işə salınması, inkişaf etdirilməsi və neft hasilatının artırılmasına görə Sabit Orucova Stalin mükafatı laureatı (birinci dəfə) adı verildi. Onun karyerasında yeni uğurlu mərhələ başlanmış, gözəl bir dönüş əmələ gəlmişdi. O, Krasnodar missiyasını şərəflə sona çatdırıb vətənə qayıtdı. Azərbaycanın perspektivli sahələrindəki (quruda və dənizdə) kəşfiyyat işlərini vahid bir əldə cəmləşdirmək, bütün qüvvələri yeni-yeni yataqların aşkara çıxarılmasına yönəltmək və iri strukturlarda neft-qaz axtarışlarına başlamaq məqsədilə o, eyni adlı trest əsasında özünün yaratdığı Azərbaycan Neft Kəşfiyyatı Birliyinin rəisi təyin olundu. Çox keçmədən SSRİ neft sənayesi nazirinin müavini vəzifəsinə irəli çəkildi. Eyni zamanda ona Xəzərin qoynunda axtarış-kəşfiyyat və qazma işlərini daha da gücləndirmək vəzifəsi tapşırıldı. Bunun üçün Moskvada Başdənizneft yaradıldı.

Azərneftkəşfiyyat Birliyində Sabit Orucovun başçıılığı altında çox bacarıqlı və fədakar insanlar çalışırdılar. Azərbaycan neftçiləri tarixdə misli-bərabəri görünməmiş xarüqələr yaratdılar. 1948-ci il noyabrın 14-də kiçik «Pobeda» gəmisində dənizin qoynundakı «Qara daşlar»a çıxmağa cəhd etdilər. Fəqət qayalara yaxınlaşmaq mümkün olmadı. Nəhayət, desantçılar suyun üzünə çıxan qayalardan birinə enməyə müvəffəq oldular. Dənizin dibinə vurulmuş dirəklər üstündə, çox qısa bir vaxt ərzində sahəsi 14 kvadratmetr olan ev tikildi. Radiostansiya quruldu. Dənizlə sahil arasında müntəzəm əlaqə saxlanıldı. 1949-cu il noyabrın 7-də Neft Daşlarında qazılan 1 №-li ilk kəşfiyyat quyusu neft fontanı vurdu. Quyu gündə 100 tondan artıq neft verməyə başladı. Hazırda o yerdə belə bir xatirə lövhəsi diqqəti cəlb edir: «Dəniz neft yatağının ilk kəşfiyyatçısı, əfsanəvi dəniz şəhəri və mədəninin əsasını qoyan Sabit Atayeviç Orucov burada yaşayıb-işləmişdir».

Xəzər neftinin mənimisənilməsi üçün maddi-texniki bazanın yaradılması da Sabit Orucovun adı ilə bağlıdır.

1949-cu ilin dekabrında S.A.Orucovun təklif və təkidi ilə «İzmail» neftdaşıyan lixterindən kran-quraşdırma gəmisi kimi istifadə olunması Neft Daşları rayonunda dərinliyi 10-20 metrə çatan sahələrdə estakada və özüllərin tikilməsini sürətləndirildi.

…1951-ci ilin fevralında neftlə dolu tanker Neft Daşlarından sahilə yola salınmışdır.

1956-cı ildə Azərbaycanın quru sahələrindəki bir quyunun gündəlik orta hasilatı 8,4 ton olduğu halda, Neft Daşlarında 37,9 ton təşkil etmişdir. Təkcə 1967-ci ildə Neft Daşları akvatoriyasında 7,4 milyon ton neft çıxarılmışdır.

Fəxrlə demək lazımdır ki, Neft Daşları yatağında neft və qaz hasilatının, eləcə də Xəzər neftinin Avropaya axıdılmasına hazırlıq işlərinin təməl daşı Sabit Orucovun vahid komandası altın-da görkəmli Azərbay-can neftçilərinin fövqə-ladə və qətiyyətli qəh-rəman əməyi sayəsin-də qoyulmuşdur.

1951-ci ildə Neft Daşları yatağının kəşfi və genişmiqyaslı mə-nimsənilməsi üçün maddi-texniki bazanın yaradılması işləri başa çatdırıldı. Bir qrup görkəmli neft mütəxəssislərimizlə birlikdə Sabit Orucov da Stalin mükafatına (ikinci dəfə) layiq görüldü.

1965-ci ildə Qərbi Sibir yataqlarının mənimsənilməsi prob-lemlərinin həlli SSRİ Neft sənayesi nazirinin birinci müavini Sabit Orucovun iradəsinə verildi. Məhz o gündən böyük təşkilatçının Xəzər sularında göstərdiyi möcüzələr yeni şəraitdə yeni vüsət aldı. Yürüş iştirakçıları onun rəhbərliyi altında qısa dövr ərzində yüzə yaxın neft-qaz xəzinəsinə pəncərə açdılar.

1970-ci ildə Qərbi Sibir yataqlarından 250 milyon tondan artıq neft çıxarıldı. Tümen vilayətində neft hasilatının yüksək tempini təmin edən səmərəli texniki-texnoloji kompleksin mühəndis həllinə və geniş tətbiqinə görə Sabit Atababa oğlu Lenin mükafatı laureatı fəxri adına layiq görüldü.

1972-ci ildə o, SSRİ Qaz sənayesi naziri təyin olundu.

1956-cı ildə ölkədə cəmi 12 milyard kubmetr, 1977-ci ildə isə ondan 29 dəfə çox, yəni 346 milyard kubmetr qaz istehsal edilmişdir. Sovet İttifaqı bu illərdə qaz hasilatına görə həqiqətən nəhəng sıçrayışa nail olmuşdur.

Ucsuz-bucaqsız Qərbi Sibir düzənliyi (sahəsi üst-üstə İngiltərə, Fransa, İtaliya və Finlandiya ərazilərindən böyükdür) başdan-başa bataqlıqlarla örtülmüşdür. Bunun üçün də Sabit Orucov Xəzər dənizindəki təcrübəsindən istifadə etdi. Yataqların bir özüldən qazılan küt və maili quyular vasitəsilə mənimsənilməsinə üstünlük verildi. Hər özüldə (meydançada və ya platformada) 8-18 quyu qazıldı.

1980-ci ildə Tümen vilayətində 312 milyon ton neft və qaz-kondensat hasil edildi. Həmin ildə «Neft və qaz sənayesinin inkişafında Sovet hökuməti qarşısındakı xidmətlərinə görə» Sabit Orucova Lenin ordeni və Qızıl Ulduz medalı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı adı verildi.

Neftçilər onu çox sevirdilər. Elə həmin ehtiramın və qədir-qiymətin nəticəsidir ki, vəfatından sonra neft-qaz işçilərinin təşəbbüs və tələbi ilə Urenqoy Qazçıxarma İstehsalat Birliyinə Sabit Orucovun adı verilmişdir. Nadım çayının qırağında salınmış eyni adlı şəhərin sahil xiyabanı (evləri sahil boyu səpələndiyi üçün elə fərz elə ki, bütün Nadım şəhəri) da Sabit Orucovun adını daşıyır: «Naberejnaya imeni S.A.Orudjeva».

Tarixi mənbələr cəsarətlə deməyə əsas verir ki, təkcə Neft Daşları və Qərbi Sibir yataqlarının işlənilməsində deyil, eyni zamanda

Orenburq vilayəti, Türkmənistan, Özbəkistan, Komi MSSR və Qazaxıstanın bir sıra neft-qaz yataqlarının mənimsənil-məsində Sabit Orucovun misilsiz töhfəsini və şəxsi iştirakını heç kəs dana bilməz!

Manqışlaq (Qazaxıstan) neft yataqlarının mənimsənil-məsində qarşıya çıxan problemlər qəliz və çoxcəhətlidir. Həmin problemlərin həlli ilə bir sıra elmi-tədqiqat təşkilatları məşğul olurdular və onların fəaliyyətini Neft və Geologiya nazirlikləri əlaqələndirirdilər. Aparılan bu işlərə isə bütövlükdə öz sahəsinin Böyük Bilicisi, Neft sənayesi nazirinin birinci müavini, Qaz sənayesi naziri, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası EA-nın müxbir üzvü, Azərbaycan SSR əməkdar elm və texnika xadimi Sabit Orucov rəhbərlik edirdi. Onun gecə və gündüz keçirdiyi müşavirələrdə, operativ   yığıncaqlarda tikintiyə, təchizata və əməyin təşkilinə dair ən kəskin, ən qəliz məsələlər konkret, cəsarətlə elmi əsaslandırılmış şəkildə həll olunurdu.

Moskvalı soyda-şımız, geologiya-mineralogiya elmləri namizədi İbrahim Ələkbər oğlu Abbasov neft-qaz ya-taqlarının işlənilməsi sahəsində böyük Mü-təxəssis Sabit Orucovu iftixar his-silə xatırlayır: «SSRİ Neft Sənayesi nazirli-    

yində neft-qaz yataq-larının işlənilməsi üçün mərkəzi komissiyanın birinci sədri SSRİ Qaz sənayesinin əfsanəvi naziri Sabit Atayeviç Orucov idi. Qərbi Sibir, Komi MSSR həmin dövrün ən qızğın çağlarında mənimsənilmişdir. Ucsuz-bucaqsız ərazilərdə mürəkkəb geoloji-coğrafi və istehsalat problemlərinin layihələndirilmisində və elmi əsaslandırılmış uğurlu həllində Sabit Atayeviç Orucov müstəsna xidmətlər göstərmişdir».

1978-ci ildə kontinental şelf problemlərinin qlobal, ümumdövlət əhəmiyyətini, eləcə də Qaz sənayesi naziri Sabit Orucovun müraciətlərini nəzərə alan SSRİ Nazirlər Soveti Qaz sənayesi nazirliyinin mərkəzi aparatında Dəniz neft-qaz yataqlarının kəşfiyyatı və mənimsənilməsi üzrə «Başdəniz-neftqaz» deyilən Baş İdarənin yaradılması haqqında qərar çıxardı. SSRİ-nin kontinental şelfində neft-qaz axtarışları, kəşfiyyatı, istehsalı və nəql edilməsi məsələləri Qaz sənayesi nazirliyinə həvalə olundu. Doqquz iri sənaye, elmi-tədqiqat və layihə təşkilatı yaradıldı, onların tərkibinə 250-dən çox müəssisə qatıldı. Baltik, Uzaq Şərq, Barens, Arktika, Oxot və Kars dənizlərində bir sıra unikal qaz-kondensat və neft yataqları kəşf edildi. Sabit Orucovun arzuları həqiqətə çevrildi. Sovet İttifaqı sənayesinin qüdrətli Sərkərdəsi Sabit Orucovun coşğun təşkilatçılıq istedadından qaynaqlanan möhtəşəm əsəri - «Kontinental şelfn mənimsənilməsi» layihəsi hələ bundan sonra tamamlanacaqdı. Təəssüf ki, ömür tələsdi. Sabit Kərbəlayi Atababa oğlu Orucov ağır xəstəlikdən sonra 1981-ci il aprelin 20-də 69 yaşının tamamına 40 gün qalmış vəfat etdi. Mərhumun cənazəsi aprelin 23-də Moskvanın Novodeviçye qəbiristanlığında torpağa tapşırıldı.

Xalqımızın müdrik övladı, görkəmli şəxsiyyət və məşhur neft korifeyi Sabit Orucov heç vaxt unudulmayacaq, qədirbilən insanların qəlbində yaşayacaq.

Rəhmət o kəslərə ki unudulmazları yada salmaqla özləri də unudulmurlar. Uzun illər Novxanı kəndində Sovet və kolxoz sədri, sovxoz direktoru işləmişHacı Əlikövsər Əlimədət oğlu öz həmyerlisini belə xatırlayır: "İnsanın yaxşısı xalqına xeyir verəni, onun qayğı və təəssüb çəkənidir. Rəhmətlik Sabit bu cür kişi idi. Yüksək dövlət kürsülərində əyləşdiyi vaxtlarda belə öz el-obasını unutmurdu. Respublikamızın xalq təsərrüfatına rəhbərlik etdiyi illərdə Sumqayıt şəhərinə gedərkən hər dəfə yolunu kənddən salar, camaatla görüşüb hal-əhvallaşar, nədən korluq çəkdikləri ilə maraqlanardı. Belə görüşlərin birində ehtiyaclarımız barədə ona məlumat verdim. Bir neçə müddətdən sonra kəndimizdəki yeganə səkkizillik məktəb təmir olunub orta məktəbə çevrildi. Sonra 640 yerlik ikimərtəbəli geniş və yaraşıqlı yeni orta məktəb binası ucaldıldı. Və ona Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüseynzadənin («Mixaylo») adı verildi. Kəndimizin qız və gəlinlərini işlə təmin etmək məqsədilə köhnə məktəb binası 250 nəfərlik tikiş sexinə çevrildi. Aşağı məhəllədə yaşayan, evlərini və həyət-bacalarını su basmış 80 ailəyə kəndin yuxarı hissəsində, bağ yolunun kənarında yeni sahələr ayrıldı, onlar münbit torpaqlara köçürüldü və təbii qazla təmin olundu. «Əhəng yandırılan» sahədən kəndə 4 kilometr uzunluğunda boru kəməri vasitəsilə içməli su gətirildi.

Böyük Vətən müharibəsində həlak olmuş igid həmyerlilərimizə xatirə abidəsinin qoyulması, iki mağazanın, bir məişət pavilyonunun (12 yerlik) tikilib istifadəyə verilməsi, küçələrin və qəbiristanlıq yolunun asfaltlaşdırılması və s. o dövrdə görülən işlərdəndir.

Novxanı camaatı böyük həmyerlimizin xatirəsini əziz tutur. Əhalinin xahiş və təkidi ilə kəndin ən uzun və yeni küçəsinə Sabit Orucovun adı verilmişdir.”

 Fətulla Fəcri, şair-publisist,

«Humay» milli mükafatı laureatı

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться