NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 00:47

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Kamil Dadaşov | Регистрация | Вход

   Dadaşov  Kamil Hənifə oğlu

                                                                                Azərbaycan səhnəsinin mahir rəqqası 

 

        Sənət əbədi, sənətkar isə ölməzdir. Təbii ki, söhbət əsl sənətdən və ömrünü-gününü öz peşəsinə həsr etmiş sənətkardan gedir. Əslində sevdiyi peşə ilə məşğul olmaq, uğur qazanmaq, çəkilən zəhmətin bəhrəsini görmək və xalqın gözündə sənətkar kimi yüksəlmək hər insana qismət olmur. Ona görə də əsl sənətkar adını qazananlar çox xoşbəxtdirlər. Böyük incəsənət xadimi, xalq artisti Kamil Dadaşov da belə xoşbəxt insanlardandır. Bu böyük sənətkarın ömrünü yada salmaq Azərbaycan milli rəqs sənətinin tarixinin uzun bir dövrünü vərəqləmək deməkdir.

    Tanınmış incəsənət xadimi Böyükağa müəllimdən rəqsin sirlərini öyrənən və uzun müddət peşəkar səhnədə öz sözünü demiş Kamil Dadaşov ömrünü-gününü bu sənətə həsr edib. Kamil Dadaşov uzun illər rəqs səhnəsində Roza Cəlilovanın tərəf müqabili olub. Bu iki korifey hələ gənclik illərindən dünyanın böyük ölkələrinin çoxunda Azərbaycan rəqsini məharətlə nümayiş etdirib. Yüksək səhnə temperamenti, böyük sənət texnikası, özünəməxsus plastika, cəngavərlik ruhu Kamil Dadaşov sənətinin əsas özəllikləridir. 1955-ci ildə Moskvada keçirilən Ümumittifaq festivalında Ramiz Eynullayev, İmran Qasımov, Ramiz Şabanov, Rəfi Əsədullayev kimi mahir sənətçilərlə birgə birinci yeri tutması onun ilk böyük uqurlarından olub. Bununla da Ümumdünya festivalına vəsiqə qazanan Kamil müəllim həmin il Varşavadakı müsabiqədən də qızıl medalla qayıdıb. Bundan sonra K.Dadaşovu solist kimi yeni yaranmış Azərbaycan Dövlət Estrada Orkestrinə dəvət ediblər. Ardınca böyük səhnələr, parlaq konsertlər, xarici səfərlər, bir-birini əvəzləyən uğurlar başlayır. Pərəstişkarları sənətkarı "Naz eləmə” rəqsinin möhürünü vuran rəqqas kimi tanıyırlar. O, bu rəqsi ilə həmişəlik yaddaşlara həkk olunub. Kamil müəllim  Azərbaycan mentalitetini dərindən duyub nümayiş etdirməyi bacaran sənətkardır. Adı çəkilən rəqsdə Azərbaycan psixologiyasına uyğun olaraq kişinin mərdliyi, hünəri, cəsarəti fonunda qadının incəliyi, məlahəti, gözəlliyi, işvə-nazı  daha qabarıq görünür. Bütün bu keyfiyyətləri rəqs elementləri ilə tamaşaçıya çatdırmaq sənətkardan psixoloji hazırlıq, emosionallıq və tarixi keçmişə bələdlik tələb edir. Çünki milli rəqslərimiz mənəvi dəyərlərimizin güzgüsüdür. Böyük ustadların yolu ilə gedən, sonradan özü də böyük ustada çevrilən K.Dadaşov hər zaman xalq sənətimizin keşiyində durur. O, Azərbaycan rəqslərini yad elementlərdən qorumaqla onun inkişafına nail olmağa çalışır. Bunun üçün Kamil müəllim, müasir rəqslərimizi xalq rəqslərinin elementləri əsasında zənginləşdirməyə çalışır.

      1971-ci ildə Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkectrində çalışan Kamil Dadaşovun 3 böyük işi olmuşdu. Bu işlərin quruluşçusu olmaqla yanaşı, o, həm də həmin rəqsləri yüksək səviyyədə ifa etmişdi. Böyük rəqqas "Çobanlar”, "Qaytağı”, "Gəl-gəl” kimi rəqslərə öz möhürünü vurmuşdu. Bunlardan əlavə, onun oynadığı "Yallı”, "İspan rəqsi”, "Meksika rəqsi”, "Nar nağılı” rəqsləri incəsənət tariximizin əsl incisi hesab olunur. 1971-ci ildə Mahnı və Rəqs Ansamblına solist kimi dəvət olunan, 1975-ci ilə qədər baletmeystr  Əlibala Abdullayevin rəhbərliyi altında çalışan Kamil Dadaşov burada da mədəniyyət tariximiz üçün önəmli işlər görüb. O, xalq musiqisi əsasında  "Zorxana” rəqsini hazırlayıb. Bundan əlavə, Kamil müəllim ilk dəfə toppuzdan rəqs vəsaiti kimi istifadə edərək, "Şıdırğı” rəqsini qurub. Özünün ifa etdiyi bu rəqs K.Dadaşovun şəxsi keyfiyyətləri ilə uyğun gəldiyindən əsl sənət zirvəsini fəth edib. Həmin illərdə Kamil müəllim Dağıstan rəqsi olan "Üç dost”u, "Qəhrəmanlıq” rəqsini, xalq artisti Afaq Məlikova ilə birlikdə Cahangir Cahangirovun "Azərbaycan süitası”nı, Süleyman Ələsgərovun "Neftçilər süitası”nı ifa etmişdi.

Bir çox rəqslərə öz dəsti-xəttini, emosionallığını, şəxsi temperamentini əlavə edən  K.Dadaşov sənəti həmişə yaşayacaq. Rəqqas Cahangir Cahangirovun "Bulaq başı” rəqsini Roza Cəlilova, Nailə Mahmudova, Zemfira Camalova ilə ifa etmiş və dünyanın bir çox ölkələrində böyük uğurlar və tamaşaçı alqışı qazanmışdı. Kamil Dadaşovun şah əsəri "Naz eləmə” rəqsində onun tərəf müqabillərini yanaşı sadalasaq, gözlərimiz önündə  Azərbaycan rəqsinin böyük bir epoxası canlanar: Əminə Dilbazi, Şərqiyyə İskəndərova, Roza Cəlilova, Afaq Məlikova, Nailə Mahmudova, Zemfira Camalova, Nisəxanım Rəhimova, Təranə Muradova. Bu qədər gözəlin səhnədə "nazını çəkdiyini” nəzərə alsaq, Kamil Dadaşovu səhnəmizin igid rəqqası adlandıra bilərik. Onun qurduğu "Gənclik” ansamblı vətənimizə 13 qızıl medal gətirib. O, 1976-cı ildə Moskvada keçirilmiş Azərbaycan ongünlüyündə 

Kremlin Qurultaylar Sarayında konsertdə qurduğu "Şıdırğı” rəqsini tamaşaçıların alqışları altında 3 dəfə ifa etmişdi. Bu, rəqs tarixində bir konsertdə 36 dəfə təkrar olunmuş yeganə rəqsdir. Nəticədə Bakıya qayıdan kimi əməkdar artist adını alan Kamil müəllim bu gün də Azərbaycan rəqsi üçün bütün bilik və bacarığını, təcrübəsini əsirgəmir. İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müəllimi kimi rəqsin sirlərini yeni nəslə öyrədir. O, artıq 55 ildir ki, müəllimlik edir. "Tamaşaçı alqışı mənim üçün qlükozadır” deyən böyük sənətkar səhnəni və tamaşaçı alqışını həyatının mənası hesab edir.

 

                                                                                                                                Nurlan Atamoğlanlı,

                                                                         "Bono Mente” jurnalı, 6, iyul 2009-cu il

 

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться