NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 21:50

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Eyvaz Vəliyev | Регистрация | Вход

Vəliyev Eyvaz Mirzəağa oğlu

       Eldar Hüseynzadənin rəssamla müsahibəsi

         Rəssam Eyvazın emalatxanasında xüsusi bir ab-hava duyulmaqdadır. Rəngarəng tablolar... Açıq dənizdə gəmilər, fonda – məbədlər, məscidlər, azmış ruhların  və tənha səyyahların sığınacaq yeri... Natürmortlar – şirəli narlar, armudlar, üzümlər. Köhnə Bakı, Abşeron abidələri... Gözü oğrun-oğrun bizdə qalmış qadın portretləri... Eyvaz zarafatyana deyir ki, "bunlar mənim fərdi sərgimdir”.

        Bu əsərlər onun dünyaya özünəməxsus, işıqlı baxışıdır.

        Kətan üzərində mistik mövzuda işlənmiş zəfər ilahəsi  Nikanın nurundan, əzəmətindən, eyni zamanda heyrətamiz zərifliyindən işıqlanan ayparanın rəng keçidləri sanki maqnit kimi nəzərləri ona yönəltməyə məcbur edir.

        Dünyanın hərtərəfli qavranılması istedadın ayrılmaz hissəsidir. Eyvazın sözlərinə görə, rəssamın yaradıcılığındakı  mərhələlikdə təəccüblü heç nə yoxdur.

        - "Biz, eləcə də bizim dünyaya münasibətimiz də hər gün dəyişir. Bu  gün bizim üçün dəyərli yalnız bir şeydirsə, sabah başqasıdır. Başlıca məsələ odur ki, bunların hamısı olsun”.

        Eyvaz şəkil çəkməyə hələ uşaq yaşlarından başlayıb. Rəssam təbəssümlə bildirir ki, bir vaxtlar əsas məşğuliyyətim kin bəslədiyim, incidiyim adamların "portretlərini” çəkmək idi. Bir dəfə bu, mənə çox bahabaşa gəlib.

        Ciddi yanaşsaq, əslinə qalsa, Eyvaz öz yolunu elə uşaqlıqdan seçib. Harada olurdusa, elə həmişə nəsə çəkirdi. Dəniz sahilində qumdan nəsə yapır, ya da qumda nəsə çəkirdi.

        "Məni dəniz həmişə valeh edib. Dənizi sadəcə sevmirəm, onun sahillərində gəzintiyə çıxmadan həyatı təsəvvür edə bilmirəm”. Rəssam deyir ki, bəlkə də buna görə yaradıcılığımın bir dövrü dənizə həsr olunub.

        Eyvaz Vəliyev hələ məktəbdə oxuduğu illərdən Yuri Qaqarin adına Pionerlər Sarayına gedib. 8-ci sinifdən sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinin rəngkarlıq sinfinə daxil olub.       "Mən yalnız orada incəsənətin nə olduğunu anladım, daha doğrusu, bütün varlığımla dərk etdim. Müəllimlərimiz Əliağa Məmmədov və Hafiz Məmmədov təkcə ustad deyildilər. Onlar insanda mürgüləyən istedadı oyadır və bu istedadın üzə çıxması üçün çalışmağa məçbur edirdilər”.

        Eyvaz rəssamlıq məktəbindən sonra Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun bədii fakültəsinə qəbul olunub. Həmin fakültənin müəllimləri arasında Nadir Qasımov, Mikayıl Abdullayev, Cabbar Qasımov kimi məşhur rəssamlar var idi.

        Monumental sənətlə, qrafika ilə məşğul olsa da, rəngkarlığa olan məhəbbəti bütün ömrü boyu qalıb.

        Maraqlıdır, ondan soruşanda ki, incəsənət aləmində pərəstiş etdiyin varmı? – belə cavab verdi:

-         Azərbaycan rəssamlarının hamısı. Bizim ustadlarımız kimi rəssamları heç yerdə görməmişəm. Onların hər birində öyrənməli təzə nəsə var.

Söhbət zamanı Eyvaz öz müəllimlik fəaliyyətindən danışarkən təvazökarlıqla bildirdi:

- Mən, necə deyərlər, "tranzit”  rolunu oynayıram. Özümün öyrəndiklərimi tələbələrimə ötürürəm və bütün bunları qəlbimə köçürürəm.

Hələlik müsahibimizin fərdi sərgisi olmayıb.

        - Mən fərdi sərgini nəsə bir hesabat kimi qiymətləndirirəm. Ancaq, sərgi üçün çalışmıram və tanınmaz qalmaqdan da qorxmuram. Təəssüf ki, bu gün rəssamların bir çoxu konyukturaya – mövcud siyasi şəraitə işləyir. İncəsənət bədii zövqü tərbiyə etməkdən uzaqlaşıb. Bu gün incəsənət bayağı, bəsit zövqsüzlüyə meyl edir. Rəssamların tabloları incəsənətə məhəbbət üçün deyil, interyerin bəzəyi, əksər hallarda "nüfuzlu” hədiyyə kimi  alınır. Heç kim rəssamın əsərinin mənəvi məziyyəti barədə  düşünmür. Əslində tablo onu fırçaya alan rəssamın qəlbinin bir parçası olmalıdır.

        - Kətanın hər santimetrini hiss etmək lazımdır.

                                Məqalə "Qalereya” jurnalının

                                                2006-cı il fevral sayındandır.

                                       * * *

        P.S.  Eyvaz Mirzəağa oğlu Vəliyev 1956-cı ildə Bakıda dünyaya göz açıb. Rəngkarlıq, qrafika üzrə  9 beynəlxalq  simpoziumun iştirakçısıdır.

        1998-1999-cu illərdə ekologiyaya, narkomanlığa həsr olunmuş Respublika plakat müsabiqələrinin mükafatlarına layiq görülüb.

        2001-ci ildə Türkiyənin İzmir və Manisa şəhərlərində pedaqoji fəaliyyətilə yanaşı, bir il yaradıcılıq ezamiyyətində olub. Həmin il Manisa şəhərində yaradıcılıq ezamiyyətinin hesabatı kimi öz əsərlərini sərgiləyib. Türkiyə sənətsevərləri Azərbaycan rəssamının əsərlərini yüksək  dəyərləndiriblər. Manisa şəhər bələdiyyəsinin valisi Müzəffər Ecemiş həmyerlimizi üzərində Mustafa Kamal Atatürkün silueti həkk olunmuş Türkiyə Cümhuriyyətinin yubiley qızıl medalı ilə təltif edib. Rəssam  sərgidəki bütün əsərlərini Manisa şəhər bələdiyyəsinə bağışlayıb. Eyvaz Vəliyev 1995-ci ildən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində rəngkarlıq sənətinin sirlərini  gənc istedadlara öyrədir.

       

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться