NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 22:46

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Nazim Bəykişiyev | Регистрация | Вход

Bəykişiyev Nazim Zöhrab oğlu

Xalq rəssamı, dövlət mükafatı

laureatı, sənətşunas, professor

 

     Nazim Bəykişiyevin yaradıcılığı müasir milli incəsənətin parlaq təzahürlərindən biridir. O, sənət aləmində müxtəlif istiqamətlərə maraq göstərən, fitri istedada malik sənətkarlarımızdandır. Nazim müəllim əsasən teatr rəssamı kimi tanınır. 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamıdır. H.Cavidin milli teatrın səhnəsində uğurla tamaşaya qoyulan ˝İblis˝ və ˝Afət˝, M.F.Axundovun ˝Lənkəran xanının vəziri˝, V.Səmədoğlunun ˝Yayda qartopu oyunu˝, U. Şekspirin ˝Hamlet˝, Elçinin ˝Qatil˝, J.Koktonun ˝İnsan səsi˝, Mir Cəlalın ˝Dirilən adam˝ kimi əsərlərinin bədii tərtibatı məhz Nazim Bəykişiyevə məxsusdur.

SSRİ xalq artisti, professor Mehdi Məmmədovun ˝İblis˝ tamaşasına verdiyi  tərtibata görə rəssam 1984-cü ildə Respublika Dövlət mükafatına layiq görülmüşdür.

     Avstriyanın Vyana şəhərindəki Kammeroper teatrında Üzeyir Hacıbəyovun ölməz ˝Arşın mal alan˝ musiqili komediyasına verdiyi tərtibat rəssama böyük uğur  qazandırmışdır.Bu tamaşada ənənəyə hörmət rəssamın cəsarətli eksperimentçi ruhu ilə vəhdət yaradır. Tamaşanın dekorasiyalarında rəssam Azərbaycan milli koloritini sərhədsiz, dünyəvi müasirliklə uzlaşdırmağa nail olmuşdur.

     Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemət Nazim müəllim haqqında belə yazır:

     ...”Rejissorluqla rəssamlığın bir sıra oxşar, hətta üst-üstə düşən yaradıcılıq səciyyələrini aşkarlamaq mümkündür. Belə ki, hər ikisinin yaradıcılıq məkanı boşluqdur: boş səhnə və boş kətan!...Və hər ikisi bu məhsuldar boşluğu bədii təxəyyülündə yaşayan görüntüləri...görkləri...sayrışan məkanları ilə yaratdığı əsərə çevirməyə can atır. Hər ikisi bu tələbkar boşluğu öz ruhunda çırpınan duyğu...xəyal...kədər və sevincləri...şübhə və ümidləri ilə canlandırmaq həvəsiylə yaşayır. Və hər ikisi bu məsuliyyətli, cazibədar...mürəkkəb...mübarək işi ləyaqətlə yerinə yetirməkdə sənətkarlıq və peşəkarlıq təməllərindən təkan almağa çalışır!...

     Məndən ötrü Nazim Bəykişiyev hər iki sənətin təbiri caiz səlahiyyətli nümayəndəsidir. Fikrimi açıqlayaraq onu deməliyəm ki, Nazim Bəykişiyev, məncə, səhnəyə boyakarlığın azadlığını, boyakarlığa isə səhnənin nizamını gətirib. Tam səmimi olaraq onu da vurğulamalıyam ki, dostum-həmkarım Nazim Bəykişiyevin kətan üzərində yaratdığı əsrarəngiz dünyadan şəxsən çox zövq almaqdayam. Bəlkə ona görə ki, boyakarlıqda Nazim Bəykişiyev, sözün tam mənasında, özünü... dünyagörüşünü... kəsəsi, istədiklərini kətan üzərində gerçəkləşdirə bilər.”

Nazim Bəykişiyev səhnə sənəti ilə yanaşı, öz emalatxansında teatr dünyası ilə çətin uyğunlaşan rəngkar rəssam kimi də çalışır və onun elə dərinliklərinə baş vurmuşdur ki, hətta bir müddət teatrdan uzaqlaşmışdır. Biz sərgilərdə N.Bəykişiyevin həm tamaşaçıların, həm də tərifləməyi o qədər də xoşlamayan rəssam həmkarlarının diqqətini özünə cəlb edən istedadlı, rənginə görə çox incə lirik əsərlərini gördük.

      N. Bəykişiyevin dəzgah boyakarlığı olduqca fərdidir və ona görə də seçilən və tanınandır. Rəssamın əsərlərinin ən cəlbedici keyfiyyəti insan və onu əhatə edən mühit arasında tam harmoniyaya yetməsindədir. Abşeron mənzərələri möcüzəli şəkildə bəzən mələklərə dönən yatmış gözəllərin qeyri-adi təsviri, ibtidai sənət lövhələrini xatırladan simvolik ov səhnələri, milli atributların və məişət əşyalarının əks olunduğu gözəl natürmortlar rəssamın sevdiyi motivlərdir. Onun əsərlərində xətlər formanı qabardır, kontur isə rəng ləkələrinin müəyyən çərçivədə saxlanmasına xidmət edir.  Rəssamın mənzərələri, fiqurlu kompozisiyaları gözəl röyaların real təcəssümü kimi görünür. Onun boyakarlıq əsərləri xətlərin səlisliyi, qrafikası, pastel rəng çalarları ilə seçilir.

Nazim Bəykişiyev, yaradıcılığında şəxsi keyfiyyətlərin parlaq təzahür tapdığı sənətkarlardandır. Yetkinlik, daxili nizam, saf ruh, şəxsiyyətin iç dünyası və ətraf mühitlə harmoniyası – N.Bəykişiyevin bütün bu insani keyfiyyətləri yaradıcılığında öz əksini tapır.

Rəssamın ən çox sevdiyi rəng ağ rəngdir. N.Bəykişiyev yaradıcılığında ağ rəngin əhəmiyyəti böyükdür. Gah günəş kimi parlaq və bərq vuran, gah da sonsuzluq qədər qəmli və sirli-sehrli görünən ağ rəng rəssamın qarşısında qoyduğu məqsəddən asılı olaraq müxtəlif əsərlərdə tamamilə fərqli effekt yaradır.

      Əsl sənət də məhz elə buna görə mövcuddur.

O, 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1975-ci ildə Rusiya Teatr Sənəti Akademiyasının (Moskva, QİTİS) quruluşçu rəssam fakültəsini bitirib. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının, 1980-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1984-cü ildən Azərbaycan Dövlət mükafatı laureatıdır. 2004-cü ildə ˝Qızıl Dərviş˝mükafatı laureatı adına, 2006-cı ildə Beynəlxalq ˝Humay˝ mükafatı laureatı adına, "Azərbaycanın xalq rəssamı” fəxri adına layiq görülüb. 2006-cı ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Biyennalın qalibi olub. 2008-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.  2009-cu ildən      Prezident təqaüdçüsüdür. Əsərləri ABŞ, İngiltərə, Kanada, Norveç, Türkiyə, Rusiya, Almaniya, Fransa, Macarıstand və digər ölkələrdə nümayiş etdirilib və şəxsi kolleksiyalarda saxlanılır. Nazim Bəykişiyevin yaradıcılığına dövri mətbuat və televiziyada görkəmli sənətşunas və teatrşünasların məqalə və çıxışları həsr edilib.

Vaqif Böyükağa oğlu

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться