Bəykişiyev
Nazim Zöhrab oğlu
Xalq rəssamı,
dövlət mükafatı
laureatı,
sənətşunas, professor
Nazim Bəykişiyevin yaradıcılığı müasir
milli incəsənətin parlaq təzahürlərindən biridir. O, sənət aləmində müxtəlif
istiqamətlərə maraq göstərən, fitri istedada malik sənətkarlarımızdandır. Nazim
müəllim əsasən teatr rəssamı kimi tanınır. 2001-ci ildən Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının baş rəssamıdır. H.Cavidin milli teatrın
səhnəsində uğurla tamaşaya qoyulan ˝İblis˝ və ˝Afət˝, M.F.Axundovun ˝Lənkəran
xanının vəziri˝, V.Səmədoğlunun ˝Yayda qartopu oyunu˝, U. Şekspirin ˝Hamlet˝,
Elçinin ˝Qatil˝, J.Koktonun ˝İnsan səsi˝, Mir Cəlalın ˝Dirilən adam˝ kimi
əsərlərinin bədii tərtibatı məhz Nazim Bəykişiyevə məxsusdur.
SSRİ xalq artisti, professor
Mehdi Məmmədovun ˝İblis˝ tamaşasına verdiyi
tərtibata görə rəssam 1984-cü ildə Respublika Dövlət mükafatına layiq
görülmüşdür.
Avstriyanın Vyana şəhərindəki Kammeroper teatrında Üzeyir Hacıbəyovun
ölməz ˝Arşın mal alan˝ musiqili komediyasına verdiyi tərtibat rəssama böyük
uğur qazandırmışdır.Bu tamaşada ənənəyə
hörmət rəssamın cəsarətli eksperimentçi ruhu ilə vəhdət yaradır. Tamaşanın
dekorasiyalarında rəssam Azərbaycan milli koloritini sərhədsiz, dünyəvi
müasirliklə uzlaşdırmağa nail olmuşdur.
Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri, xalq artisti, professor Azər Paşa Nemət Nazim müəllim haqqında belə
yazır:
...”Rejissorluqla rəssamlığın bir sıra oxşar, hətta üst-üstə düşən
yaradıcılıq səciyyələrini aşkarlamaq mümkündür. Belə ki, hər ikisinin
yaradıcılıq məkanı boşluqdur: boş səhnə və boş kətan!...Və hər ikisi bu
məhsuldar boşluğu bədii təxəyyülündə yaşayan görüntüləri...görkləri...sayrışan
məkanları ilə yaratdığı əsərə çevirməyə can atır. Hər ikisi bu tələbkar boşluğu
öz ruhunda çırpınan duyğu...xəyal...kədər və sevincləri...şübhə və ümidləri ilə
canlandırmaq həvəsiylə yaşayır. Və hər ikisi bu məsuliyyətli,
cazibədar...mürəkkəb...mübarək işi ləyaqətlə yerinə yetirməkdə sənətkarlıq və
peşəkarlıq təməllərindən təkan almağa çalışır!...
Məndən
ötrü Nazim Bəykişiyev hər iki sənətin təbiri caiz səlahiyyətli nümayəndəsidir.
Fikrimi açıqlayaraq onu deməliyəm ki, Nazim Bəykişiyev, məncə, səhnəyə
boyakarlığın azadlığını, boyakarlığa isə səhnənin nizamını gətirib. Tam səmimi
olaraq onu da vurğulamalıyam ki, dostum-həmkarım Nazim Bəykişiyevin kətan
üzərində yaratdığı əsrarəngiz dünyadan şəxsən çox zövq almaqdayam. Bəlkə ona
görə ki, boyakarlıqda Nazim Bəykişiyev, sözün tam mənasında, özünü...
dünyagörüşünü... kəsəsi, istədiklərini kətan üzərində gerçəkləşdirə bilər.”
Nazim
Bəykişiyev səhnə sənəti ilə yanaşı, öz emalatxansında teatr dünyası ilə çətin
uyğunlaşan rəngkar rəssam kimi də çalışır və onun elə dərinliklərinə baş
vurmuşdur ki, hətta bir müddət teatrdan uzaqlaşmışdır. Biz sərgilərdə
N.Bəykişiyevin həm tamaşaçıların, həm də tərifləməyi o qədər də xoşlamayan
rəssam həmkarlarının diqqətini özünə cəlb edən istedadlı, rənginə görə çox incə
lirik əsərlərini gördük.
N.
Bəykişiyevin dəzgah boyakarlığı olduqca fərdidir və ona görə də seçilən və
tanınandır. Rəssamın əsərlərinin ən cəlbedici keyfiyyəti insan və onu əhatə
edən mühit arasında tam harmoniyaya yetməsindədir. Abşeron mənzərələri möcüzəli
şəkildə bəzən mələklərə dönən yatmış gözəllərin qeyri-adi təsviri, ibtidai
sənət lövhələrini xatırladan simvolik ov səhnələri, milli atributların və
məişət əşyalarının əks olunduğu gözəl natürmortlar rəssamın sevdiyi
motivlərdir. Onun əsərlərində xətlər formanı qabardır, kontur isə rəng
ləkələrinin müəyyən çərçivədə saxlanmasına xidmət edir. Rəssamın mənzərələri, fiqurlu kompozisiyaları
gözəl röyaların real təcəssümü kimi görünür. Onun boyakarlıq əsərləri xətlərin
səlisliyi, qrafikası, pastel rəng çalarları ilə seçilir.
Nazim Bəykişiyev, yaradıcılığında
şəxsi keyfiyyətlərin parlaq təzahür tapdığı sənətkarlardandır. Yetkinlik,
daxili nizam, saf ruh, şəxsiyyətin iç dünyası və ətraf mühitlə harmoniyası
– N.Bəykişiyevin bütün bu insani keyfiyyətləri yaradıcılığında öz əksini tapır.
Rəssamın ən çox sevdiyi rəng ağ
rəngdir. N.Bəykişiyev yaradıcılığında ağ rəngin əhəmiyyəti böyükdür. Gah günəş
kimi parlaq və bərq vuran, gah da sonsuzluq qədər qəmli və sirli-sehrli görünən
ağ rəng rəssamın qarşısında qoyduğu məqsəddən asılı olaraq müxtəlif əsərlərdə
tamamilə fərqli effekt yaradır.
Əsl
sənət də məhz elə buna görə mövcuddur.
O, 1948-ci ildə Bakı şəhərində
anadan olub. 1969-cu ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1975-ci
ildə Rusiya Teatr Sənəti Akademiyasının
(Moskva, QİTİS) quruluşçu rəssam fakültəsini bitirib. 1979-cu ildən SSRİ Rəssamlar
İttifaqının, 1980-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
1984-cü ildən Azərbaycan Dövlət mükafatı laureatıdır. 2004-cü ildə ˝Qızıl
Dərviş˝mükafatı laureatı adına, 2006-cı ildə Beynəlxalq ˝Humay˝ mükafatı
laureatı adına, "Azərbaycanın xalq rəssamı” fəxri adına layiq görülüb. 2006-cı
ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Biyennalın qalibi olub.
2008-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2009-cu ildən Prezident
təqaüdçüsüdür. Əsərləri ABŞ, İngiltərə, Kanada, Norveç, Türkiyə, Rusiya,
Almaniya, Fransa, Macarıstand və digər ölkələrdə nümayiş etdirilib və şəxsi
kolleksiyalarda saxlanılır. Nazim Bəykişiyevin yaradıcılığına dövri mətbuat və
televiziyada görkəmli sənətşunas və teatrşünasların məqalə və çıxışları həsr
edilib.
Vaqif
Böyükağa oğlu