NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 16:51

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əzim Əzimzadə | Регистрация | Вход

Əzimzadə Əzim Aslan oğlu

 

       Bu gün misilsiz əsərləri ilə bütün dünyada Azərbaycan təsviri sənətini ləyaqətlə təmsil edən neçə-neçə şan-şöhrətli fırça ustası Əzim Əzimzadə məktəbinin yetirməsidir. Əzim Əzimzadə Azərbaycan xalqının görkəmli mədəniyyət xadimləri arasında xüsusi yer tutur. O, realist qrafikanın banisi, satirik rəsmin mahir ustası, milli rəngkarlıq sənətinin öncül nümayəndəsidir.

      Müasir Azərbaycan qrafikasının təşəkkülü, formalaşması və inkişafı bu böyük sənətkarın adı ilə ayrılmaz şəkildə bağlıdır. O, XX əsr milli təsviri sənətimizin inkişafında əvəzsiz rol oynamış, qrafikamızı yeni janrlar və obrazlarla zənginləşdirmiş, rəssamlıq kadrlarının yetişdirilməsinə güclü təkan vermişdir.

      XX əsr Azərbaycan xalqının tarixində iqtisadi və mədəni yüksəliş yüzilliyi kimi qiymətləndirilməlidir. Mədəni tərəqqinin inkişafında mütərəqqi mətbuat, maarif, sənət ocaqları və görkəmli ziyalılarımız xüsusi rol oynamışlar. Bu baxımdan 1906-cı ildə böyük yazıçı-demokrat Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə Tiflis şəhərində nəşr olunan satirik "Molla Nəsrəddin” dərgisinin  fəaliyyəti  xüsusilə qeyd olunmalıdır. Mirzə Cəlilin fikrincə, "Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev,  Y.V. Çəmənzəminli, Ə.Nəzmi, Ə.Qəmküsar və başqa tərəqqipərvər ziyalılar ilə birlikdə O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi rəssamlar da dərginin fəaliyyətində yaxından iştirak edirdilər. Dərginin qabaqcıl demokratik ənənələri, satirik janrın, karikaturanın təşəkkülü sahəsindəki təşəbbüsləri Əzim Əzimzadə yaradıcılığı üçün sonsuz dərəcədə faydalı təcrübə və ilham mənbəyi olmuşdur.

Əzim Aslan oğlu Əzimzadə 1880-cı ildə Novxanı kəndində dünyaya göz açıb. Atası Aslan kişi şəhərə köçüb bənnalıq edir, oğlunun taleinə qayğı ilə yanaşır, onu mollaxanaya qoyur. Lakın az müddətdən sonra Əzim rus-tatar məktəbinə daxil olur. O, burada oxuduğu illər ərzində rəsm çəkməyə xüsusi həvəs göstərir, ədəbi əsərlərə illüstrasiyalar çəkir. İbtidai təhsili uğurla bitirdikdən sonra balaca Əzim şəhərin dövlətlilərindən Ağabala Quliyevin dəyirmanında çapar işləməyə başlayır. Burada həmin sahibkarın evini dekorativ şəkillərlə bəzəmək üçün dəvət olunan Maslov soyadlı rus rəssamının yanında təsviri sənətin əlifbasına yiyələnməyə başlayır. Peşəkar rəssamlıq təhsili almamasına baxmayaraq Əzimzadə özünün səyi, bacarığı ilə şəkil çəkməkdə uğur qazanır, özünün bu nadir istedadını inkişaf etdirməyə nail olur.

        Peşəkər sənət yoluna özfəaliyyətdən gələn Əzim Əzimzadə 40 illik səmərəli yaradıcılığı ərzində 3000-dən artıq satirik rəsm, karikatura, illüstrasiya, plakat, səhnə dekorasiyası, geyim eskizi və başqa əsərlər yaratmışdır. Milli sənətin klassik nümayəndəsi zirvəsinə ucalmışdır.

Əzimzadənin rəssamlıq sahəsində ilk ciddi addımları «Molla Nəsrəddin» dərgisində nəşr etdirdiyi karikaturaları ilə əlaqədardır. Bununla bərabər  o zamankı «Kəlniyyat», «Baraban», «Məzəli», «Tuti», «Zənbur», «Babayi-Əmir» adlı dərgilərdə də satirik rəsmlərlə çıxış edirdi. Həmin rəsmlərin  əsas  mövzusu xalqın acınacaqlı güzəranı, ölkənin daxili vəziyyəti, ictimai  ədalətsizliklər,  hər  cür  tüfeyli ünsürlərin  fırıldaqlarının ifşası idi. Patriarxal ailədə qadınların dözülməz həyat tərzi, hüquqsuzluğu, şəxsiyyətin təhqirlərə məruz qalması Əzimzadə rəsmlərinin əsas mövzularındandır.

1914-cü ildə, ilk yaradıcılıq mərhələsinə aid əsərlər arasında "Ağlargüləyən” böyük Sabirin "Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikasının klassik nümunəsi hesab olunur. Rəsmlər şairin satirik  poeziyası ilə qırılmaz  vəhdət təşkil edir, üslub və bədii ifadə tərzinin yaxınlığı ilə səciyyələnir. «Əkinçi», «Dilənçi», «Fəhlə», «Satiram» və başqa şeirlərə çəkilən rəsmlər fikir aydınlığı, forma sadəliyi,satirik kəsərliliyi ilə diqqəti cəlb edir. Əzimzadənin 1922-ci ildə kitabın yeni nəşri üçün yenidən işlənib tamamlanmış bu rəsmləri "Hophopnamə”nin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Maraqlıdır ki, Əzim Əzimzadə realist portret janrında məşhur şərq şairi Cəlaləddin Ruminin, sərkərdə Səlahəddin Əyyubinin (1912) və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin (1919) obrazlarını yaratmışdır. Həmin portretlər R.Mustafayev adına  Azərbaycan Dövlət İncəsənət Muzeyinin qiymətli eksponatlarındandır.

XX əsrin əvvəllərindən başlayaraq milli təsviri sənətin karikatura, illüstrasiya, səhnəqrafiya sahələrində çalışan Əzimzadənin yaradıcılığı respublikada sovet hakimiyyəti dövründə yeni vüsət alır. O, Maarif Komissarlığı nəzdində incəsənət idarəsinə, ilk dəfə təşkil olunan rəssamlıq məktəbinə rəhbərlik edir. Təsviri sənətin plakat, satirik qrafika və səhnəqrafiya sahələrinin örnəklərini yaradır.

       Əzimzadə satirası ilk növbədə öz parlaq ifadəsini məişət janrı sahəsində tapmışdır.  "Müsəlmanların müqəddəs yerlərə ziyarəti”, "Köhnə Bakı tipləri” (100 tip) kimi silsilə əsərlər rəssamın keçmiş məişətin bütün təzadlarına, ixtilaflarına dərindən nüfuz etdiyini göstərir. Rəssam «100 tip» silsiləsində keçmiş Bakının müxtəlif təbəqələrə, peşələrə mənsub adamlarının, xırda küçə alverçilərinin, burjua ziyalılarının, neft milyonçularının, inzibatçi məmurların ictimai və psixoloji aləmini məharətlə ümumiləşdirmişdir. Obrazların milli koloriti, folklor ənənələrinə yaxınlığı, satira və yumor ünsürlərinin dərin ifadəliyi Əzimzadə yaradıcıqini mühüm sənətkarlıq xüsusiyyətləridir. Rəssam buna təkcə zahiri etnoqrafik vasitə ilə deyil, xalqın ruhunu, nəcib arzularını, mənəvi-əxlaqı incəliklərini yumor dilində ifadə etməklə nail olmuşdur.


Əzimzadə həm də istedadlı plakat ustası idi. Savadsızlığa, cəhalətə, riyakarlığa, qadın azadlığına həsr etdiyi plakatları siyasi və satirik məzmunu ilə fərqlənirdi. "Vətəndaş, savadsızlığını ləğv et” (1921) plakatı buna parlaq misal ola bilər. Rəssamın başlıca yaradıcılıq dairəsi dərgi-qəzet qrafikasında, xüsusilə yenidən nəşrə başlanan "Molla Nəsrəddin”in səhifələrində geniş əhəmiyyət qazanır. 1922-ci ildə çəkilmiş «Azərbəyim» rəsmində cavan, cazibədar gözəl qadın – "Neft gözəli” təsvir olunub. Bu xanıma ingilis, amerikan, fransız və italyan ağaları eşq elan edirlər. Lakin arxadan görünən iri yumruq onların xam xəyallarını puça çıxarır. "Lotu bambılılar sağlıq deyil!” sözləri də rəsmin satirik məzmununu tamamlayır. Rəssamın bir sıra rəsmləri Yaxın Şərqdə, İranda və Azərbaycanda müstəmləkəçilik siyasətinə və qərb dövlətlərinin iddialarına qarşı çevrilmışdir.

Əzimzadə əsərləri acı gülüş, məzhəkə, qrotesk hissləri ilə aşılanamışdır. Onun gah kəskin satira, gah incə məzhəkə, gah mənalı mübaliğə və ifşaedici eyhamla dolu rəsmlərini seyr etdikcə realist sənətin qüdrətini bir daha duymuş oluruq. Çünki həmin əsərlərdə xəlqilik, ictimai ənənəçilik, milli kolorit güclüdür. O, canlı tipaj, mühit, geyim, əşya, interyer və sairə yaradarkən milli sənətin, folklorun, məzhəkəli teatr və milli musiqi sənətlərinin ənənələrinə əsaslanırdı.

Əzimzadə fitri istedadı, səmərəli əməyi sayəsində realist təsviri sənətin forma rəngarəngliyinə hərtərəfli yiyələnmiş, özünün çoxşaxəli istedadını qrafik rəsmlərlə yanaşı, səhnə tərtibatı və geyimi sahəsində də nümayiş etdirmişdir. O, Ü.Hacıbəyovun "O olmasın, bu olsun” musiqili komediyasına,  "Şah Abbas və Xurşidbanu”, "Əsli və Kərəm”, "Leyli və Məcnun», M.Maqomayevin "Nərgiz”, Z.Hacıbəyovun "Aşıq Qərib” və "Şah Sənəm” operalarının, M.F.Axundovun "Hacı Qara”, "Molla İbrahim Xəlil kimyagər”, "Müsyö Jordan və Dərviş Məstəlişah”, C.Məmmədquluzadənin "Ölülər” komediyalarının, Ə.Haqverdiyevin "Dağılan tifaq”, H.Cavidin "Şeyx Sənan”, C.Cabbarlının "1905-ci ildə” dramlarının tamaşalarına dərin məzmunlu səhnə geyimi və tərtibat eskizləri yaratmışdır.

       Əzimzadənin pedaqoji fəaliyyəti xüsusilə qeyd olunmalıdır. O, Bakı Dövlət Rəssamlıq Məktəbində  təhsil   alan   gənc  rəssamlar  nəslinin  müəllimi  olmuş,  onların  sənət  aləmində uğurlarını  təmin  etmişdir. İkinci dünya müharibəsi illəri Əzimzadə yaradıcılığının son mərhələsini təşkil edir. O, özünün kəskin satira süngüsünü faşist quldurlarına qarşı mübarizə silahına çevirmişdir. Rəssam 80-dən artıq kəsərli karikatura, o cümlədən "Şir və pişik balası”, "Tovuz lələkli qarğa”, "Fürerin qənimətləri”, "İmperializmin zəncirli köpəkləri”, "Faşist heyvanxanası” (1942) və başqa dərin məzmunlu, dəyərli əsərlərini yaratmışdır. Rəssam sərsəm fürerin zahiri simasını verərkən mübaliğə, şişirtmə üsuluilə satirik personajın mənəvi heçliyini, vəhşiliyini, lovğalığını aşkarlamışdır. Müharibə illərində yaratdığı əsərlər Əzimzadə istedadının son parıltısı idi. O dövrdə  rəssamın çoxillik, çoxşaxəli, rəngarəng yaradıcılıq fəaliyyətinin son akkordları səslənirdi. 1943-cü ildə vəfat edən sənətkar xalqımızın xatirəsində əbədiyyətə qovuşmuşdur.

Əzim Əzimzadənin əsərləri Bakının, Moskvanın və bir sıra digər şəhərlərin muzeylərində saxlanılır, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Bakıda onun əsərləri xatirə ev muzeyində, eləcə də Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir.                         

                                                                                                  

          Nurəddin Həbibov,

sənətşunaslıq doktoru, professor   

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться