Ucalığa gedən yol
Azərbaycan, Odlar diyarı, Şərqin
ən qədim, təbii-coğrafi şəraitinə görə isə dünyanın ən səfalı, ən zəngin ölkələrindən
biridir. Azərbaycan ərazisi, əsasən subtropik və mülayim iqlim zonasında yerləşir.
Mürəkkəb relyef, Xəzər dənizinin yaxınlığı, günəş radiasiyasının çoxluğu və
hava dövranının kompleks təsiri nəticəsində Azərbaycanda yer kürəsinin 11 əsas
iqlim tipindən 9-u müşahidə olunur. 9 iqlim qurşağında nəfəs alan gülzar
torpağımızın rəngarəngliyi və zənginliyi burada bitki aləminin inkişafını və
torpağımızın bollu-bərəkətli floraya malik olmasını göstərir.
Torpağımızın altı da, üstü də sərvətli, bərəkətlidir. Ulu Tanrı doğma yurdumuzdan heç bir nemətini əsirgəməyib. Torpağımız elə bir iştah açan süfrədir ki, ta qədimdən dostun da, düşmənin də gözü
bu süfrədə qalıb. Gündoğandan günbatanadək çoxları bu süfrəyə can atıb, dəfələrlə
zəngin yerüstü və yeraltı sərvətimizi ələ keçirməyə çalışıb, yurdumuzu,
xalqımızı əsarətə salmağa cəhd edib. Görünür, elə başımıza gətirilən müsibətlərin
səbəbi də bundadır.
Xalqımız zaman-zaman çox
şeyini - bütövlüyünü, müstəqil-liyini, milli adını, soy kökünü, əlifbasını,
qeyrətli, ləyaqətli oğullarını itirib. Torpağımız hərrac bazarına qoyulub
satılıb, iqtisadiyyatımız bərbad vəziyyətə salınıb, milli sərvətlərimiz talan
edilib karvan-karvan daşınıb.
Heç bir ölkənin ərazisinin
başına Azərbaycandakı qədər oyun gətirilməyib. 1828-ci ildə o, iki dövlət -
Rusiya ilə İran arasında parçalandı. 1920-ci il təcavüzkar sovet bolşevik
qoşunları tərəfindən həyata keçirilən 28 aprel işğalından bəri torpağımızın sahəsi
20 min kvadrat kilometrədən çox azalıb. İndinin özündə belə Azərbaycana qarşı ərazi
iddiaları qurtarmaq bilmir.
Heç bir xalqın mənəviyyatına
Azərbaycandakı kimi zərbə vurulmayıb. Yüzlərlə azad fikirli ziyalı qırmızı
imperiyanın qurbanı olub. Yüz minlərlə insan evindən-eşiyindən didərgin
salınıb. Neçə dəfə əlifbamız dəyişdirilib. Əski əlifbaynan yazılmış cild-cild
qiymətli kitablar, nadir əlyazmaları məhv edilib, tarix tarixdən gizlədilib,
neçə-neçə tarixi yer-yurd adları yad adlara dəyişdirilib. Xalqımızın
milli-tarixi keçmişi ilə bağlı müqəddəs təsisatlar amansızcasına təqib olunub,
bir çox dini ibadətgahlar dağıdılıb, məscidlər bağlanıb, dinimiz qadağan
edilib, dindarlar, ruhanilər kütləvi şəkildə sürgünə sürülüb.
Vətənimizin, elimizin neçə
ildən bəri çəkdiyi müsibəti yalnız 80-90 il bundan qabaq bədnam qonşularımız
ermənilərin Naxçıvanda, Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda,
Sisyanda törətdikləri ilə müqayisə etmək olar. Ancaq çox təəssüf ki, biz ermənilərin
həmin illərdə Azərbaycanımızın onlarca şəhər və kəndlərində törətdikləri o
qanlı günləri tez unutduq. Axı, ermənilərin bu gün yurd-yuvalarından qovduqları
qardaş-bacılarımızın ata-anaları 1918-ci ilin qanlı mart günlərində, 1919-cü
ilin əvvəllərində də bax elə bugünkü bəlaya bərabər əzab-əziyyətə məruz
qalmışdılar. Nə qədər kəndlərimiz dağıdılmışdı o vaxt, nə qədər
adamlarımız-qocamız, cavanımız, uşağımız qırılmışdı onda.
Ta qədimdən yaxının-uzağın
iddiasından olmazın zülmlər görmüş Azərbaycan xalqı dünyanın sərt sınaqlarına
dözmüş, acılı-şirinli, dostlu-düşmənli, ağır və nisbətən yüngül illəri arxada
qoyaraq, nəhayət uzun əsrlərdən bəri həsrətində olduğu amalına - dövlət müstəqilliyinə
yetişdi (1918, 28 may).
Dünya tarixinin ən demokratik
dövlət qurumlarından olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun
artırılması, demokratik dəyişikliklər edilməsi, iqtisadi geriliyin aradan
qaldırılması, ərazi bütövlüyünün qorunması, Azərbaycanın suverenliyinin təmin
edilməsi üçün ölçüyəgəlməz tədbirlər həyata keçirdi. İctimai-siyasi həyat, mədəniyyət
sahəsində bir sıra mütərəqqi işlər gördü, dünyanın bir çox ölkələri ilə səfirlik
və nümayəndəliklər səviyyəsində diplomatik nümayəndəliklər yaratmış, ikitərəfli
və çoxtərəfli müqavilələr, sazişlər bağlamış, milli ordu təşkil etmiş, zabitlər
hazırlayan hərbi məktəb yaratmış, inkişaf etmiş Avropa ölkələrinə ali təhsil
almaq üçün yüzdən çox tələbə göndərilmiş, Bakı Universiteti təsis olunmuş, Gəncə
şəhərinin adı bərpa edilmiş, ədəbiyyatda milli özünüdərk, vətənpərvərlik, milli
qürur və iftixar hissi güclənmişdir. Bu müddətdə Azərbaycan xalqının milli mənlik
şüurunun formalaşması ilə bağlı millətin öz soy-kökünə müraciəti gücləndi.
Azərbaycan Xalq Cümhuriyyəti
1920-ci il aprelin 27-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet
Rusiyasının hərbi müdaxiləsi nəticəsində süquta uğradı. Ərazimiz təcavüzkar
sovet-bolşevik qoşunları tərəfindən işğal olundu və Azərbaycanın müstəqilliyinə
son qoyuldu.
Xalqımız ikicə il də olsa
istiqlaliyyətin, azadlığın, bəxtəvərliyin dadını bildi. Məhəmmədəmin Rəsulzadə
"Xalqa nə verdiniz?” sualına cavabında demişdi:
- "Çox şey verə bilmədik...
Amma milli azadlığın nə oldu-ğunu başa saldıq. Azca da milli istiqlal
dadızdırdıq”.
Müharibənin alovuyla ən yaxşı
oğul və qızlarımız yanıb kül olub, arxada qalanlarımız da bir qarın ac, bir
qarın tox dolanıb, ürəklərimizin istisini gəlinlərimizin barmaqlarındakı qızıl
nişan üzüyü ilə birlikdə ümumi qələbəyə qurban vermişik.
"Yaman günün ömrü az olar”
demişlər. 70 ildən sonra
xalqımız müstəqilliyini bərpa etdi. Lakin ağır itkilər bahasına əldə edilmiş müstəqilliyi
qazanmaq nə qədər çətin olmuşdusa, onu hər tərəfdən iştahla açılmış ağızlardan
qorumaq daha çətin oldu. Bu gün doğma Azərbaycanımızın 20 faizdən çox ərazisi,
başının tacı Şuşa, özləri qorxaq tula olsalar da, quyruq buladıqları qüdrətli
havadarlarının silah verib üstümüzə qısqırtdıqları üzü dönük, məkrli ermənilərin
murdar çəkmələrinin tapdağı altındadır. Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Füzuli,
Qubadlı, Cəbrayıl, Zəngilan azad olunmayınca xalqımızın qeyrətli, ər oğulları,
mərd qızları rahatlıq tapa bilməz, başlarını dik tutub gəzə bilməzlər.
Ana adlandırdığımız Vətənin şərəfini,
namusunu qoruyan neçə-neçə gül balalarımızın, şirinli-acılı həyatı yarıda
qalmış bacı və qardaşlarımızın müsibətini beynimizdə dərk etsək də, ürəyimizi
bu çəkilməz dərdə alışdıra bilmirik. Artıq neçə ildir ki, bu nakamları uğrunda
al qanlarını tökdükləri müqəddəs Vətən torpağına tapşırmışıq. Lakin bununla belə
xalqımız ruhdan düşmür, sabahkı gününə böyük ümidlə baxır. Çünki, xalq öz siyasətinin
ana xəttini Azərbaycanın ucalığa doğru gedən dövlət müstəqilliyini qorumaqda
görür, inanır ki, "dünya” belə qalmayacaq, haqq zəfər çalacaq, ədalət zəfər
çalacaq, torpaqlarımız geri qaytarılacaq, qaçqınlarımız doğma obalarına dönəcək,
güzəranımız düzələcəkdir.
Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş
yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil
dövlət quruculuğu prosesi başlandı. Mayasını müstəqillik, azərbaycançılıq, dövlətçilik,
respublikaçılıq, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi,
dünyəvilik və s. ümummilli, ümumbəşəri dəyərlər təşkil edən yeni bir
ideologiyanın əsası qoyuldu.
Bu gün Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətinin daha da möhkəmləndirib
inkişaf etməsində, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişində,
xalqımızın sosial rifahının yaxşılardırılmasında, reqionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının hayata keçirilməsində Heydər Əliyev siyasətini
layiqincə davam etdirir.
Novxanı. Azərbaycanımızın xəritəsində kiçik bir yaşayış məkanı. Balaca bir kəndin tarixını yazmaq bəzən böyük bir məmləkətin tarixini yazmaqdan çətin olur.
Yuxarıda tariximizə etdiyimiz qısa ekskursda nəql
etdiyimiz proseslər sözsüz ki balaca bir kəndin həyatından yan keçməyib. Əksinə,
əsasən son 100-150 ildə novxanılılar da bu proseslərin önündə olublar. Dövlət
quruculuğunda, respublikanın elm, ictimai-siyasi yüksəlişində, maarifin, mədəniyyətin,
səhiyyənin inkişafında öz təsirli sözlərini deyiblər. Vətən uqrunda düşmənlə
üz-üzə gəliblər, qurbanlar veriblər. Dinimizi, dilimizi, milli adət və ənənələrimizi
nəsillər ücün qoruyub saxlayiblar. İqtisadiyyatımızı qurublar.
Vətənimizin hər bir yaşayış məskəni öz görkəmli şəxsiyyətləri ilə fəxr edə bilər.
Təqdim etdiyimiz kitabda
Novxanını, yaxud da novxanılıları heç də başqalarından fərqləndirmək fikrində
deyilik. Məqsədimiz bu insanları heç olmasa kitabımızda əbədiləşdirməkdir.
Onlar unudulmamalıdır. Adlarını nəsillərə çatdırmalıyıq. Gələcək nəsil öz soy
köklərini, məşhur həmkəndlilərini tanımalıdır. Azərbaycanın, bəzən də dünya
sivilizasiyasının inkişafında iz qoymuş babalarının, qohum-qonşusunun simasında
gənclərin tərbiyəsi fikrimizcə daha məqsədyönlü olardı. Qoy cavanlarımız bilsin
ki, mollanın oqlu dövlət başçısı, sadə bir kəndlinin övladı dini lider, Azərbaycanda
müasir rəssamlıq sənətinin, poeziyanın, anatomiyanın banisi, Sovetlərİttifaqı
kimi nəhəng, qüdrətli dövlətin rəhbərlərindən biri ola bilər. 65 il keçməsinə
baxmayaraq igid özgə bir dövlətdə ehtiramla yad edilə bilər.
Kiçik adlandırdığımız kənd əslində
çox böyükdür. Onu böyük edən, ucaldan məhz bu kitabda adlarını çəkdiyimiz şəxsiyyətlərdir.
Ucalığa, yüksəlişə gedən yol
çox ağırdır, eyni zamanda şərəflidir!
Tofiq
Babayev, tarix elmləri namizədi
Vaqif Ağayev,
kitabın baş redaktoru