Balakişiyeva Böyükxanım Ağadayı qızı
Böyükxanım Balakişiyeva 1934-ci ildə Bakı şəhərində doğulub. Uşaqlıqdan səyahətçilər,
macəra ilə dolu həyatlarından çoxlu kitab oxumuşdur. Xəyallarında özünü gəmidə
səyahətə çıxan və ya təhlükəli kəşfiyyat ekspedisiyasının üzvü təsəvvür edirdi.
Uşaqlıq arzuları geoloq olmaq istəyinə gətirib çıxardı.
O, 1952-ci ildə Azərbaycan Sənaye
İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin tələbəsi oldu. 1957-ci ildə
institutu bitirərək dağ-mədən mühəndis-geofizik ixtisası alıb. 1958-ci ildən ömrünün
sonuna kimi Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyib.
1965-ci ildə ”Azərbaycan polimetallik
yataqlarında nadir elementlərin
geokimyası” mövzusunda namizədlik dissetasiyası müdafiə edib. Onun 25
ildən artıq Xəzər dənizi ilə bağlı spektrokimya tədqiqatları elmin yeni bir
sahəsinin formalaşması ilə nəticələnib -su və süxurların geokimyası. İlk dəfə
olaraq nadir kimya elementlərinin xəritəsini tərtib edib və Xəzərin kimya
modelini təqdim edib.
Neft və qaz yataqları axtarışında
geokimyəvi meyarları müəyyən etmək onun daimi maraq dairəsində idi. Anam
Xəzərin dib çöküntülərində mikroelementlərin paylanması qanunauyğunluğunu
ixtira edib. ”Neft və qaz yataqlarının geokimyəvi axtarışı” adlı ixtirasına
SSRİ-nin kəşfiyyat və ixtiralar üzrə komitəsi tərəfindən müəllif şəhadətnaməsi
verilib. Bu üsula əsasən dənizin dib çöküntülərinin tərkibində
mikroelementlərin (vanad,bor, marqanes) anomal konsentrasiyası burada neft və
ya qaz yatağı olması haqqında fikir söyləməyə imkan verir. Bu üsul Abşeron
yarımadasının Bahar, Qərbi-Abşeron yataqlarında, Xamadaq qalxmasında öz
təsdiqini tapıb, ölkəyə böyük iqtisadi səmərə verib.
B.Balakişiyeva uzun müddət Geologiya İnstitutunun "Spektrogeokimya”
laboratoriyasına başçılıq edib. 53 elmi əsərin müəllifidir.
Çox mübariz olması təkcə elmi
fəaliyyətində deyil, ümumiyyətlə həyatında iki qızına qayğıkeş, böyükürəkli
ana, ən yaxın, mənəvi dayağ olan dost olmağa imkan verirdi. Qızlarına deyirdi
ki, çətinliklərlə qarşılaşanda ruhdan düşməsinlər, güclü iradəyə malik
olsunlar. Deyirdi ki, insanın daxili dünyasının meyarı onun hər bir adamda
yaxşını tapmaq qabiliyyətidir. Həyatın acılarını yaşamış anam istəyirdi ki,
uşaqları insanlara və bir birinə qarşı mehriban, nəcib olsunlar. Hər səhər
çıxan günəşə sevinsilər, Allahın bağışladığı hər günə şükür etsinlər. Özü məhz
belə yaşayırdı.
Planları çox idi. Təəssüf ki, xəstəlik
onların reallaşmasına imkan vermədi. 1995-ci ildə dünyasını dəyişdi.
Lalə
Əsgərova, qızı