Abdullayev Ağaməmməd Səməd oğlu
Ömrünü xalqının
maariflənməsinə, savadlanmasına sərf etmiş ziyalılardan söz düşəndə
alim-metodist Ağaməmməd Abdullayev hörmətlə yad edilir. Onun Azərbaycan dilinin
tədrisi sahəsində geniş xidmətləri olub. Professor A.Abdullayev Azərbaycan
dilinin tədrisi metodikası elminin yaradıcısı, orta və ali məktəb
dərsliklərinin, elmi-metodik vəsaitlərin, yüzlərlə elmi-publisistik və metodik
məqalənin müəllifidir.
O,
1909-cu ildə Bakının Novxanı kəndində dəmirçi ailəsində dünyaya gəlib.
Ağaməmməd
Abdullayev zəhmətkeş və məhsuldar alim idi. 50 illik əmək və elmi fəaliyyəti
dövründə 80-dən çox böyük həcmli monoqrafiya, dərslik və dərs vəsaitinin,
500-dən artıq elmi-publisistik məqalənin müəllifi olub. Onu həmişə iş başında
görmək olardı.
Ağaməmməd
müəllim Azərbaycanda metodika elminin əsas bayraqdarı sayılırdı. O, SSRİ
adlanan məkanda fənlərin tədrisi metodikası sahəsində ilk pedaqoji elmlər
doktoru elmi adı alan dörd nəfərdən biri idi. Böyük alim həm orta, həm də
ibtidai məktəblər üçün ana dilinin tədrisi metodikası elminin proqramını və
dərsliyini yaradıb.
1958-ci
ildə çap etdirdiyi "Azərbaycan dilinin tədrisi tarixinə dair"
monoqrafiyası arxivlərdə uzunmüddətli gərgin əmək nəticəsində yaradılmış ölməz
əsərdir. Alim bu əsərində Azərbaycanda ana dili tədrisinin zəngin tarixə malik
olduğunu göstərməyə çalışıb.
N.Tusi
adına ADPU-da ilk dəfə müstəqil Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasını yaradan görkəmli alim ömrünün sonunadək bu kafedraya rəhbərlik
edib. Böyük təşkilatçılıq qabiliyyətinə malik olan bu şəxsiyyət M.F.Axundov
adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun rektoru (1966-70-ci illər) olarkən yaratdığı iki-üç
dilli fakültələr bu günlə səsləşir. Vaxtilə Mərkəzi Komitə Azərbaycan dilini
rus və xarici dillərlə yanaşı öyrətməyi bəyənmədiyi üçün öz ərizəsi ilə
institut rəhbərliyindən uzaqlaşan alim Azərbaycan dilini, onun tədrisini həmişə
yüksək dəyərləndirib. A.Abdullayev "Azərbaycan dili və ədəbiyyatının
tədrisi" məcmuəsində uzun müddət redaktorluq edib.
O dövrdə
Azərbaycanda metodist alimlərin, elmlər namizədi və doktorlarının yetişməsində
professor misilsiz xidmətlər göstərib. Bu alimlərin bəzilərinin elmi rəhbəri,
digərlərinin məsləhətçisi, ya da opponenti olub. Onun rəhbərliyi ilə 50-dən
artıq azərbaycanlı doktorluq, namizədlik dissertasiyaları müdafiə edib.
O, sözün
əsl mənasında xeyirxah, qayğıkeş insan, hamının əlindən tutub kömək etməyə, həm
də təmənnasız etməyə çalışan, bu cəhətdən heç kəslə müqayisə edilə bilməyən
əvəzsiz şəxsiyyət idi. Elm aləminə daxil olmaq üçün hər kim onun ətəyindən
yapışırdısa, o, iki əlilə tutub onu yüksəklərə qaldırmaq istəyirdi. Bu məsələdə
onun üçün qohum da, tanış da eyni idi. Kimin haralı olması onu heç
maraqlandırmazdı.
Ağaməmməd
müəllimin həyatı və fəaliyyəti nəinki böyüməkdə olan nəsil, eləcə də orta nəsil
üçün örnəkdir.
İlham Əzimov,
elmlər doktoru