Abuzərov Əsgər Məmmədağa oğlu
Əsgər Məmmədağa oğlu Abuzərov 1964-cü il mart ayının
29-da Bakı şəhərinin Binəqədi qəsəbəsində anadan olmuşdur. Əslən Novxanı kəndindəndirlər.
1981-ci ildə M.Hüseynzadə adına Novxanı kənd orta məktəbini bitirib Novxanı
üzümçülük sovxozunda fəhlə işləyib.
1982-ci ildə Sovet ordusu sıralarında
hərbi xidmətə çağırılan Əsgər Arxangelskdə qulluq edib. Həmin il ailənin
qapısını qara xəbər döyür – Əsgərin böyük qardaşı, Qazaxıstanda hərbi xidmətdə
olan Əfqan uçmuş binanın divarları altında qalıb həlak olur.
1984-cü ildə hərbi xidmətini başa vuran
Əsgər Novxanı kəndinə qayıdaraq uzun müddət kənd sovxozunda fəhlə işləyib.
1993-cü ildə Abşeron batalyonunun
tərkibində könüllü cəbhəyə gedən Əsgər Beyləqan istiqamətində bir sıra hərbi
əməliyyatlarda iştirak edir. Həmin il dekabrın ayının 10-da döyüş zamanı ŞƏHİD
olur.
Məzarı Novxanı kənd qəbristanlığındadır.
Ayşən adlı bir qız yadigarı var.