Hacı Səfəralı məscidi
"Səfəralı”
məscidi 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilib. Onun
ilkin inşası həcmcə kiçik bir təkyədən ibarət idi. 1882-ci ildə isə həmin
tikilinin yanında daha bir təkyə inşa olunur. Buraya eyvan və namaz zalı əlavə
edilir, təkyənin şimal divarından dama qalxmaq üçün daş pilləkən də tikilir.
Əsrin əvvəlində (1904) Novxanı kəndinin sakini
Hacı Səfəralı dövlətlənir və qərara gəlir ki, məscidi yenisi ilə əvəz etsin. O,
təkyələrə bitişik yeni bir ibadət zalı inşa etdirir. Məscidin qərb tərəfində
sahənin uzunluğu boyunca birmərtəbəli mədrəsə də tikdirir. Sonra bütün ərazi
hündür divarla əhatə olunur və həyətə daxil olmaq üçün darvaza qoyulur.
Məscid ərazisinin şimal tərəfi memarlıq şərtlərinə
cavab verməyən kənd meydançasına çıxır, qərb tərəfi dar küçəyə baxır, cənub
tərəfi qonşu sahə ilə həmsərhəddir və şərq tərəfi isə yeni tikililərə açılırdı.
Məscidin tikiliş uslubu yeni tikililərə qətiyyən mane olmur, hətta memarlıq
baxımından kənd evləri ilə bir vəhdət təşkil edirdi. Qeyd etmək olar ki, ilk və
sonralar tikilmiş məscid arasında memarlıq fərqi çox azdır.
Digər
məscidlərdən fərqli olaraq namaz zalının planlaşdırılmasında sütunların
yerləşdirilməsi bərabər şəkildə həll olunub. Bu da namaz zalının geniş
görünməsi üçündür.
Pəncərələrin
ətrafındaki qabarıq çərçivələr namaz zalının divarlarına xüsusi yumşaqlıq
verir. Gümbəzin aşağı hissəsini nəzərə almasaq, zalın mərkəzinin ətrafı kəsişən
tağlarla əhatə olunub. Sütunların dörd tərəfi kəsişən tağlardan ibarətdir.
Hacı Səfəralı vəfat
etdikdən sonra məscidin həyətində dəfn olunub. Sonralar onun
qəbri vəsiyyəti əsasında Kərbəla şəhərinə köçürülüb. 1987-88-illərdə aparılan
bərpa işləri zamanı Hacının və gəlininin baş daşları məscidin həyətində
tapılıb. Hacı novxanılılar üçün möhtəşəm bir abidə ucaldıb, neçə nəsil onun
xeyriyyəçi əməlindən bəhrələnir. Hər Cumə namazında Hacının adı yada salınır,
Böyük Allahdan ona rəhmət dilənir, salavat çevrilir.
XX əsrin 30-cu illərində
sovet hakimiyyəti məscidi bağlayır. Allahın evi anbara çevrilir. Novxanılılar
repressiyalara baxmayaraq məscidi tam məhf edilməsinə imkan vermədilər.
Bağlanan məscidin taxıl anbarına çevirilməsi təklifi də bu məqsədi güdürdü. 30
ildən artıq anbar müdiri işləmiş Ağa Həşim oğlu məsciddə saxlanılan Quran
kitablarının yandırmağa imkan verməyib, gecələr onları divarların içinə
yerləşdirib, üstünü malalayıb (təmir vaxtı həmin kitablar tapılıb). Bolşevik
Atakişi məscid daşlarınından yeni məktəbin inşasında istifadə e əmrinin
müqabilində yiyəsiz qalmış bağ evlərinin daşlarından istifadə etmək təklifini
irəli sürür və əmr verən onunla razılaşır.
80-ci illərin ortalarında "Yenidənqurma” şuarı ilə
SSRİ-də yeni siyasi proseslərə təkan verilir. Bu proseslər hökümətin dinə
münasibətinə də yeni yanaşma tələb edirdi. Ölkədə kilsələr, məscidlər
dindarlara qaytarılır, bərpa edilirdi. Amma bu işlər asan başa gəlmirdi. 70 il
Sovet tərbiyəsi almış məmurlar öz mövqelərini asanlıqla təhvil vermək
istəmirdilər. Kənddə məscidin açılmasına icazəni Moskva verməliydi.
Bu icazə üçün hökümətə ilk
müraciət edənlərdən biri də Novxanı kəndinin əhalisi oldu. 1987-ci ildə
dindarlar icma yaradıb müvafiq instansiyalara müraciət göndərək yararsız hala
düşmüş məcidin bərpasına başladılar. Bu işlərin başında Hacı Məmmədəli Manafov
dayanmışdı. Azərbaycan üzrə Moskvadan məscidin yenidən açılışına icazə alınan
ilk 2 məsciddən biri Səfəralı məscidi oldu. İcazə gələn vaxta qədər məscidin
bərpa işləri əsasən başa çatmışdı. 1988-ci ildə Hacı Əliövsət Əlimədət oğlu
verdiyi azanla 60 illik fasilədən sonra dindarları bərpa olunmuş məscidə namaza
dəvət etdi.
Məsciddə aparılan bərpa işləri yeni mühəndis
ixtirarları tətbiq etməyi tələb edirdi. Divarlar aralanmış, dam örtüyü yararsız
halda idi. Adi üsulla onları bərpa etmək mümkün deyildi. Respublikanın tarixi
abidələrinə nəzarət edən təşkilatlar təmir-bərpa işlərinə ciddi nəzarət
edirdilər. Məscidin, mədrəsənin 1908-ci ildəki görüntüsü tam şəkildə
saxlanılıb. Divarlardan qopmuş qədim daşlar öz yerinə qaytarılıb.
1994-ci ildə Hacı Azər
Novruzovun vəsaiti hesabına məscidin cənub tərəfində minarə tikildi. Mürəkkəb
obyektin inşaasına Hacı Azər Türkiyədən mütəxəssislər cəlb edib. Minarənin
arxitekturası mövcud məscidə uyğunlaşdırıldı.
17 ildən sonra, 2005-ci ildə Hacı Vəli Nağıyevin
rəhbərliyi ilə məsçiddə yenidən tikinti-bərpa işləri başlanır. 1865-ci və
1882-ci illərdə inşa edilmiş iki kiçik otaq yeni tikilmiş zalın divarları ilə
əhatə olunur. Yeni zaldaki günbəz əvvəlkinə uyğun, məscidin proporsiyalarını
saxlamaq şərti ilə inşa olunub. İkinci minarə məscid kompleksini möhtəşəm edib.
Məscidin, mədrəsənin divarlarına Abşeronun memarlıq ənənələrinə uyğun daş
örtükləri ilə üzlük çəkilib. Məscidin ərazisi abadlaşdırılıb, dindarlara lazım
olan bütün texniki məsələlər yüksək səviyyədə həll olunub. 2007-ci ildə
yenidənqurma işləri başa çatdırılıb. Bu gün Səfəralı məscid kompleksi memarlıq
baxımından Apşeronda ən yaraşıqlı dini ocaqlardan biridir.
Nəriman Qəhrəmanlı,
Vaqif Ağayev,
Akademik Şamil Fətullayev-Fiqarovun
"Abşeronun
memarlığı” (Bakı-2003-cü il)
kitabının materialları əsasında.