Məmmədzadə Bəxtiyar Məmməd oğlu
GÖRÜNDÜYÜNDƏN
BÖYÜK İNSAN
Dərin biliyi, intellektual düşüncəsi, əhatəli nitqi,
bütün insani dəyərləri özündə ehtiva edən şəxsiyyəti, eyni zamanda heç kəsə
bənzəməyən davranışı, rəftarı ilə seçilən
Bəxtiyar müəllim haqqında keçmiş zamanda danışmaq nə qədər ağırdır.
Yaxşı müəllim olmaqdan əvvəl yaxşı
insan olmaq lazımdır. Atası vaxtıilə müxtəlif bölgələrdə raykom katibi
vəzifəsində çalışıb. Amma o, bir dəfə də olsun öz keçmişi ilə fəxr etməyib.
Cünki buna ehtiyacı olmayıb. Hər məqaləsi başqa alimlərin bir kitabına bərabər,
bəzən isə hətta onu ötüb keçən bir
alimin bu zamana kimi sadəcə elimlər namizədi olması, doktorluq
dissertasiyasının otuz il bundan əvvəl hazır olsa da, müdafiəyə can atmaması,
ancaq və ancaq təmiz alim vicdanıyla, həqiqi müəllim düşüncəsiylə, səmimi insan
ürəyiylə baş-başa qalıb şərəfli bir ömür yaşaması zəmanəmiz üçün bəlkə də
möcüzədir. Bu ğün Bəxtiyar müəllimin yas mərasimində onun bütün müəllimlərdən
fərqli, bütün alimlərdən fərqli bir ömür yaşaması faktı dilə gətirilir.
Filologiya elimləri doktoru Azad
Musayevin görkəmli türkoloq, filologiya elimləri doktoru, professor Samət
Əlizadə haqqında dediyi bir fikiri xatırlayıram:”Samət müəllim klassik müəllim
xüsusiyyətlərini özündə qoruyub saxlayan yeganə alimdir”. Mən bunu Bəxtiyar
müəllimə də şamil edirəm. Qoy müəllimlərim məndən inciməsinlər, tanıdığım
müəllimlər içərisində Bəxtiyar Məmmədzadədən savadlı, məsuliyyətli, səmimi
ikinci bir müəllim tanımıram. Bir dəfə Pedaqoji
Universitetin professoru Xeyrulla Məmmədovla söhbətimizdə söz
müəllimlərdən düşdü. Dedim ki, ən çox sevdiyim müəllimlər Samət Əlizadə və
Bəxtiyar Məmmədzadədir. Xeyrulla müəllim gülə-gülə qayıtdı ki, ”Bakı Dövlət Universitetində
iki nəfər ciddi alim var, sən də onları seçmisən”.
O, sadəcə "Bəxtiyar müəllim” idi .Bu
Bəxtiyar müəlimin içində elə bir aləm var idi ki, onu görənlər bəxtiyardır. Mən
ona ilk kitabımı verəndə belə bir avtoqraf yazmışdım:”Bəxtiyar tələbələrin
bəxtinə düşən Bəxtiyar müəllimə”. O vaxtdan on altı il keçib. Hər dəfə Bəxtiyar
müəllimə kitab verəndə nəsə yeni bir söz yazmaq istəyirdim, amma hər dəfə
qələmimə eyni sözlər gəlib: ”Ən sevimli müəllimim Bəxtiyar Məmmədzadəyə”. Bəzən
söz düşəndə müəllimlərim içərisində qibtə ilə, hətta paxıllıqla gileylənənlər də
olurdu. Amma onları qınamıram, axı, Bəxtiyar müəllimin içindəki aləmi ğörmək
üçün adi göz kifayət deildi...
Nəslən novxanılı olan Bəxtiyar Məmmədzadə 1947-ci il
fevralin 10-da doğulub. 1964-cü ildə Bakıdakı 172 saylı orta məktəbi qızıl
medalla, 1969-cu ildə Azərbaycan Dövlət Universtetinin filologiya fakültəsini
fərqlənmə diplomu ilə bitirib. 1969-72-ci illərdə Biləsuvar rayonunun
Xırmandalı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1972-ci ildən
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi idi, 1985-ci ildən dosent vəzifəsində
çalışırdı. Eyni zamanda Asiya Universitetində şərqşünaslıq və filologiya
fakültəsinin dekanı idi.
O, 1979-cu ildə "Nəcəf bəy Vəzirovun
komediyalarında sənətkarlıq” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Hələ o zaman Abbas Zamanov bu işin doktorluq dıssertasiyası səviyyəsində
olduğunu qeyd edib.
Bəxtiyar Məmmədzadə yüzdən artıq elmi
məqalənin müəllifidir. Amma istəsəydi bu sayı beş dəfə artıq edə bilərdi.
Bəxtiyar müəllimin cəmi üç kitabı var, amma istəsəydi , otuz kitab müəllifi ola
bilərdi.
Onun ”Seyid Əzim Şirvani anadilli poeziyasında
bədii dil (poetik sintaksis)” kitabı görkəmli şairin yaradıcılığı üzərində
apardığı gözəl, dərin tədqiqat işidir. Bu, yəqin ki, Bəxtiyar müəllimin doktorluq dissertasiyasının bir hissəsidir. Bədii dilin
müəyyənləşməsində bədii semantika ilə bədii
sintaksisin vəhdətini zəruri amil hesab edən, poetik sintaksisin
işığında məcazəli sistemin daha dərindən aydınlaşa bildiyini əsas ğötürən
müəllif Seyid Əzim poeziyasında istifadə olunan poetik fiqurları önə cəkir,
onların özünəməxsus funksiyasını, xüsusiyyətlərini və potensial imkanlarını
açıb göstərir. Burada bədii təyin, ellipsis inversiya , təkrir, təzad, bədii
sual, nida, xitab haqqında məlumat verən müəllif bu vasitələrin Seyid Əzim
poeziyasında yaratdığı poetik zənginliyi şairin əsərlərindən götürdüyü əyani
misallarla bizə çatdırır. Kitabda təkrir
daha cox yer almışdır. Səs təkriri, söz təkriri, rəddül-əcüz, anafora, enafora
kimi təkrir növlərinin geniş işləndiyi və onların şeirə gətirdiyi rəngarəngliyi
diqqətə catdıran alim, bütün vasitələrin əsərlərin bədiilik səviyyəsini təyin
edən amillər, əsəri tanıdan cəhətlər sistemi kimi gərəklirolunu qeyd edir.
Bütün bu bədii vasitələri Seyid Əzim yaradıcılığında axtarıb tapan,onların
dəyərini açıqlayan tədqiqatcı həcmcə kicik olan bu kitabda olduqca böyük
tədqiqat işi aparmışdır. Əsər klassik şeirlə məşqul olan tədqiqatçılar,
alimlər, tələbələr, habelə klassik üslubda yazan şairlər ücün gərəkli, qiymətli
vəsaitdir.
Bəxtiyar Məmmədzadənin ”Seyid Əzim
Şirvani anadilli poeziyamızda vəzn”adlı kitabı daha çətin, daha gərgin illərin
məhsuludur. Müəllif burada şairin 1172 əsərini tədqiqata cəlb edərək gərgin
təhlil aparmış, şairin müraciət etdiyi 14 janrdan bəhrlər və janrlara görə kəmiyyət
göstəricilərini konkret cədvəllər şəkilində vermişdir. Burada, eyni zamanda,
bəhrlərin növləri və variantları üzrə tədqiqat aparılıb, şairin əsərlərindən
gətirilən misallar aydın şəkildə oxuculara çatdırılıb. Müəllif həm də hər janr
üzrə hansı bəhrin daha aktiv və ya daha passiv işləməsini də diqqət mərkəzində
saxlamış, hətta əsərlərin növlərinə görə də təhlil aparmışdır. Mənə elə gəlir
ki, B. Məmmədzadənin elə bu əsəri onun bənzərsiz alim kimi tanınması üçün
kifayət edir. Bu əsər bütünlükdə Azərbaycan divan ədəbiyyatını öyrənmək
istəyənlərə, filoloq olmaq istəyən tələbələrə, müəllimlərə böyük hədiyyədir.
İstedadlı tədqiqatçının ”Feyzulla
Qasımzadə. Ömrün yüz ili” kitabı f.e.d. professor Şamil Salmanovun redaktorluğu
ilə çap olunub. Görkəmli alimin 100 illik yubileyinə həsr olunan bu əsərdə filologiyamızda özünəməxsus yer
tutan, yüzdən artıq kitabın, yüzlərlə məqalənin müəllifi olan akademik Feyzulla
Qasımzadənin dəyərli, zəngin ömrünə nəzər salınmış, bu ömrün nələrə sərf
edildiyini, bir alim ömrünün nələri yaratmağa və yaşatmağa qadir olduğu
açıqlanmışdır. Akademikin mənalı ömür yolunu izləyən B.Məmmədzadə onun həyatı,
yaradıcılığı və şəxsiyyəti haqqında danışarkən müxtəlif mənbələrə müraciət etmiş, alimin portiretini olduğu
kimi yaratmağa calışmışdır.
Bəxtiyar Məmmədzadənin bu kitabları,
habelə müxtəlif məqalələri haqqında cox danışmaq, hətta elə onun özu barədə
belə kitab yazmaq olar. Çünki Bəxtiyar müəllim mənalı, təmiz bir ömür yaşamış,
olduqca dəyərli elmi irs qoyub getmişdir.
Bəxtiyar müəllimə Allahdan rəhmət
diləyirik.
Sona Xəyal
"Aydın fikir” qəzeti.
06-12.03.10.