Kazımov Davud Mehdi oğlu
"Altı yaşında ikən atamı itirmişəm. Sonra ailəmizin bütün üzvləri ilə
əmim Kərbəlayı Kazımın himayəsinə sığınmışıq. Əlimə bir parça kağız düşən kimi,
qələmlə başlayırdım şəkil çəkməyə. Əmim savadlı adam idi. Ərəb və fars dillərini
yaxşı bilirdi. O, rəssamlığa həvəsimi görüb Pionerlər evi nəzdindəki rəssamlıq
dərnəyinə apardı. O zaman dərnəkdə ilk müəllimim rəssam Kamil Xanlarov olub.
Beləcə, illər ötdükcə, taleyimi həmişəlik rəssamlıq peşəsinə bağladım”. Bu sətirlərin
müəllifi Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya gəlib. 1945-ci ildə Azərbaycan
Dövlət Rəssamlıq məktəbini bitirib. 1947-ci ildən respublika və ümumittifaq sərgilərinin
iştirakçısıdır. İlk əsərləri "Zuğulba”,
"Dəniz sahili” kiçik həcmli mənzərələri, eləcə də mövzusu Sovet ordusu həyatından
olan tabloları lirizmi, səmimi, incə koloriti ilə seçilir.
Fırça ustasının
yaradıcılığında əmək mövzusu əsas yer tutur. Sonrakı illərdə respublikamızın kənd
rayonlarına səfərləri zəhmət adamlarının qadir əlləri ilə yeni vüsət alan doğma
diyarımızın gözəlliyini dərindən duymağa sövq edir. Xüsusilə Masallı, Lənkəran
və Astara bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri,
etnoqrafik özəllikləri, rəngarəng milli geyimləri rəssamın əsl ilham mənbəyidir.
Səfərlərindən gətirdiyi bir
sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə respublika və ümumittifaq sərgilərində
sənətsevərlərin böyük rəğbətini qazanıb. "Xəzərin təkində”, "Sağıcılar”,
"Yollar” və başqa tablolar mövzunun lirik yozumu ilə obrazların xarakterinə
uyğun gəlir. Doğma yurdumuzun əmək adamlarına həsr olunmuş əsərlərində rəssamın
öz təbiətinə xas səmimiyyəti, insanlara məhəbbəti rənglərin dili ilə inandırıcı təsir bağışlayır.
Davud Kazımov Azərbaycan təsviri
sənətində istedadlı qrafika ustası kimi də tanınıb. O, kitab illüstrasiyası sahəsində
daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər
Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri ayrıca
qeyd olunmalıdır. Cənubi Azərbaycanın satirik şairi Mirzə Əli Möcüzün şeirlərinə
çəkilmiş rəsmlər kəskin publisistik təsvir dili, obrazların dinamikliyi, daxili
gərginliyi və dramatizmi ilə seçilir.
Fidan balalarımız da yaddan
çıxmayıb. Abdulla Şaiqin "Tülkü həccə gedir”, "Yaxşı arxa” kitablarına, Mikayıl
Rzaquluzadənin "Ovçu Elişlə qoçaq Aytəkinin nağılı”na, Nəriman Nərimanovun
"Pir” hekayəsinə, Xanımana Əlibəylinin "Sənubərin gözləri” adlı şeirlərinə pero
və sulu boya ilə illüstrasiyalar çəkib.
Əfsanəvi "Neft daşları”nda xarü-qələr yaradan Xəzər neftçilərinin
romantik həyatı, fədakar əməyi rəssamın sevimli mövzularından biridir. O, dəfələr-lə
dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün
bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib. Sərt
boyalarla işlənmiş "Neftçilər” tablosunda surətlərin üzündən mərdlik, dönməzlik
hissləri oxunsa da, bu nişanələrlə yanaşı, bir rahatlıq, lirik ovqat da
duyulmaqdadır. Məşhur neftçi "Qurban Abbasovun portreti” tamaşaçılara bu duyğuları
aşılayır.
1980-ci ilin sonunda Davud
Kazımov İspaniyanın şəhərlərini, kəndlərini dolaşıb, qədim memarlıq abidələrini
seyr edib, muzeyləri gəzib, sadə, qonaqpərvər ispanlarla görüşüb. Sonralar bu əyani
material müxtəlif tabloların və mənzərələrin
yaranması üçün zəngin mənbə olub. Elə həmin il "İspaniya silsiləsi” Davud Kazımovun yaradıcılıq səfərinin
hesabatı kimi Bakıda sənətsevərlərin mühakiməsinə verilib və tamaşaçıların rəğbətini
qazanıb.
1979-cu ildə Bolqarıstanda yaradıcılıq səfərində olub. Onun tablolarından və rəsmlərindən ibarət "Bolqarıstan silsiləsi” yaradıcılıq səfərinin hesabatı idi.
Səfərin sonunda
Simolin şəhərində maraqlı sərgisi açılıb.
"Atasının Məcnunu Kəbəyə
aparması” tablosunun mövzusu dahi Nizami Gəncəvinin "Leyli və Məcnun” mənzum
romanından alınıb. Əsər hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin ekspozisiyasında nümayiş etdirilir.
Dünya ədəbiyyatı xəzinəsinin,
eləcə də Şərq poeziyasının ən dəyərli incisi olan "Şahnamə” epopeyası... Kitab
dahi söz xiridarı Əbülqasim Firdovsinin portreti ilə açılır. Rəssam
hökmdarların sərgüzəştlərini, saysız döyüş səhnələrini, cəngavərlərin qəhrəmanlığını,
xeyir və şərin mübarizəsini zəngin boyalarla əks etdirən lövhələr yaratmağa
nail olub. "Şahnamə” əsərinə çəkdiyi illüstrasiyalar kitab qrafikası sahəsində
yaratdığı ən böyük uğurlarından biridir.
Xalq rəssamının əsərlərinin
"səyahət coğrafiyası” genişdir: Almaniya, Çexoslovakiya, İtaliya, İraq, Türkiyə
və başqa ölkələr.
Hazırda Azərbaycan
Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi binasının interyerini
Davud Kazımovun "Abşeron mənzərələri” bəzəyir. İndi bir sıra əsərləri Azərbaycan
tarixi, Nizami Gəncəvi adına milli Azərbaycan ədəbiyyatı və Rüstəm Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət muzeylərində
nümayiş etdirilir.
Davud Kazımov Azərbaycan Dövlət
Rəssamlıq Akademiya-sının professorudur. Rəngkarlıq fakültəsində dərs deyir.
Professor peşəkar rəssamlığın
özəlliklərindən söz açır: "Rəssam rəsm çəkən deməkdir. Rəsm rəssamlığın, necə
deyərlər, "fəqərə sütunudur”. Hər bir adam şəkil çəkə bilər, ancaq hər adam
sözün həqiqi mənasında rəssam ola bilməz.
Gördüyün, müşahidə etdiyin hər şeyi kətana, kağıza köçürmək hələ rəssam olmaq
deyil. Təsviri sənətin bu sahəsi ilə məşğul olanların yüksək bədii təxəyyülü olmalıdır”.
Davud müəllim sonra söhbətinə
davam edərək yağlı boya ilə işlədiyi, qələmlə çəkdiyi saysız-hesabsız cizgi rəsmlərini,
natürmortlarını göstərir. Deyir ki, emalatxanada işləyib yoru-landa rəsm çəkirəm.
Elə bil yorğunluğum çıxır. Natürmortlar çəkməyi çox xoşlayıram. İstedad hər
insanda var. Ancaq istedadın üzə çıxması üçün zəhmətə qatlaşmalısan. Yalnız zəhmətlə
istedad bir yerdə olanda yaradıcılıq uğurları da olur, sənət sevincləri də. Gənc
rəssamlara tövsiyəm odur ki, dəb ardınca qaçmasınlar. Müntəzəm öyrənməkdən,
çalışmaqdan utanmasınlar.
Hacı Arif
Bahadıroğlu,"Qızıl
qələm” mükafatı
laureatı