Süleymanov
Qafur Salman oğlu
Qabaqcıl maarif xadimi Qafur Süleymanov
1911-ci ilin yanvarında Novxanı kəndində anadan olub. Atası dinə bağlı,
dövrünün maarifpərvər simalarından idi. Təsadüfi deyil ki, beş oğlundan dördü
ali təhsil alıb. İlk təhsilini mədrəsədə alan Qafurun atası Salman və əmisi
Əliağa Süleymanzadə (sonralar Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam) onun ruhani olmasını istəyirdilər. Balaca Qafur bacarığı və
istedadı ilə fərqlənirdi. O, az bir vaxtda Quranın bir neçə surəsini əzbərləyə
bilmişdi.
Lakin tale onu başqa bir şərəfli peşəyə
doğru yönəltdi. Kənd məktəbini bitirdikdən sonra ailəsi şəhərə köçdü və gənc
inşaat texnikumuna daxil olaraq mühəndis ixtisasına yiyələndi. Amma bu, onun
ürəyincə deyildi. Odur ki, sənədlərini V.İ.Lenin adına (indi Tusi adına)
Pedaqoji İnstitutun dil-ədəbiyyat fakultəsinə verdi. 1939-cu ildə təhsilini
başa vurandan sonra şəhərdə və Bakı kəndlərində müəllimlik etdi.
O, 1941-44-cü illərdə Böyük Vətən
müharibəsi cəbhələrində artilleriya alayında vuruşub, yaralanıb, qospitalda
müalicədən sonra ordudan tərxis edilərək Bakıya göndərilib. Az sonra Azərbaycan
SSR Xalq Maarif Komissarlığı onu 92 saylı Xırdalan kənd məktəbinə direktor
təyin edib. 1948-ci ildə isə Qafur müəllim rayon təhsil söbəsinin müdiri olub.
1959-ci ilin ortalarından 1963-cü ilədək
bir sıra şəhər və kənd məktəblərinə rəhbərlik edib, eyni zamanda çox sevdiyi
ədəbiyyat fənnindən də uğurla dərs deyib.
1963-cü ildə mərkəzi Xırdalan qəsəbəsi
olmaqla Abşeron rayonu yaradılır, Qafur müəllim axşam fəhlə gənclər məktəbinin
direktoru təyin edilir, ömrünün sonunadək (1977-ci il) bu vəzifədə çalışır. O,
həmçinin həmkarlar təşkilatının sədri kimi rayonun ictimai-siyasi həyatında
fəal iştirak edir. Əməyi dəfələrlə dövlət səviyyəsində qiymətləndirilib. İki
dəfə "Rəşadətli əməyə görə” medalı və digər medallarla təltif olunub, Təhsil
Nazirliyinin və rayonun rəhbər qurumlarının fəxri fərmanlarını alıb. Harada,
hansı vəzifədə işləməsindən asılı olmayaraq Qafur müəllim öz xeyirxahlığı ilə
uşaqdan ağsaqqaladək hamının hörmətini qazanmışdı. Əziz xatirəsi onu tanıyanlar
tərəfindən hörmətlə anılmaqdadır.
Üç oğul və dörd qız atası olan Qafur
müəllimin övladları da təhsil görmüş və ədəbiyyata bağlı olaraq yetişmişlər.
Elçin Novruzov, Hökməli qəsəbə
məktəbinin dərs hissə müdiri