Ovdanlar
Abşeronun
ərazisində açıq tipli göl, çay halında içməli su anbarları olmayıb. Buna görə
də əhali suya olan tələbatını ödəməkdə
çətinliklərlə üzləşib. Bu səbəbdən onlar quyular, ovdanlar qazdırmağa məcbur
olublar. Ovdan yeraltı su anbarıdır. Ovdanlar Abşerona xas olan memarlıq
abidələri sırasına daxil edilib. İlk ovdanların XVI əsrdə ipək yolu
tacirlərinin köməyi ilə qazılan memarlıq abidələri kimi qəbul etmək olar. XVI
əsrdə ipək yolu məhz Azərbaycandan - Bakı şəhərindən keçirdi.
Ovdanlar Abşeron kəndlərinin
memarlıq-planlaşdırma strukturuna daxil olmuş ərazinin ayrılmaz hissəsidir.
Onlara təkcə kəndlərdə deyil, kəndləri bir-birilə əlaqələndirən yol
kənarlarında, karvansara ərazilərində, hətta adamların az olduqları yerlərdə
belə rast gəlmək olar. Ovdanlar xeyirxahlıq və xeyriyyəçilik məqsədilə tikilib.
Abşeronun bütün kəndlərində və yarımadadan
ovdanların geniş çeşiddə yayılması memarlığının inkişafında öz önəmli izini
qoyub. Sözügedən tikililər kəndlərin içməli su mənbəyi olması ilə yanaşı, həm
də karvanların susuzluğunu yatıran, uzaq, məşəqqətli yol gələnlərin dincəlməsi,
ehtiyyat su götürməsi üçün çərait yaradan qurğular idi.
Novxanı kəndində də bir neçə ovdan olub.
Təəssüf ki, onları qoruyub saxlaya bilməmişik. Ovdanlar yeni salınmış həyətlərin
ərazilərində olunduğuna görə sonralar müxtəlif tikililər üçün yer təmizlənərkən
sökülüb. Siyanşəhrin yerləşdiyi ərazidə də ovdanların qalıqlarına rast qəlmək
olar. Amma onlar da bərbad vəziyyətdədir.
Nəriman Qəhrəmanlı,
akademik Şamil Fətullayev-Fiqarovun
"Зодчество Апшерона” (Bakı-2003-cü il)
kitabının materialları əsasında