Son söz əvəzi
sayt necə yarandı, kitab nə cür yazıldı
Əvvələr kənd əhalisi ilə ünsiyyətim zəif olub. Uzaq
qohumlarımdan bir neçəsini tanıyırdım. Böyük Allaha ibadətə başlayandan sonra
cümə və bayram namazlarına çox zaman kəndin "Hacı Səfəralı” məscidinə gedirəm.
Namazdan sonra hər dəfə möminlərin birinin təklifi ilə alimlərin, dövlət xadimlərinin,
din xadimlərinin və diqər tanınmış kəndlilərimizin əmvatı haqqında salavat çevirirdik.
Məhəmmədəmin Rəsulzadənin, Şeyx Əliağanın, Hacı Cəbrayılın, Sabit Orucovun, Şıxəli
Qurbanovun, Kamil Balakişiyevin, Mehdi Hüseynzadənin, Əzim Əzimzadənin adları çəkilirdi.
Fərəhlənərdim. Bu böyük insanların yad edilməsinə görə sevinirdim. Onları yad
etmək, millətimizə, bəlkə də dünyaya, ən əsası isə uşaqlarımıza tanıtdırmaq
fikri məndə oyandı. Hesab edirəm ki, cavanlarımız öz babalarını, nənələrini, əmilərini,
qohumlarını, qonşularını tanımalıdırlar. Onların keçdiyi həyat yollarını bilməlidirlər,
onları özlərinə nümunə etməlidirlər, onlarla fəxr etməlidirlər, həyatda
qazandıqları nailiyyətləri təkrarlamalı və üstələməlidirlər.
Son vaxtlar çox sayda müxtəlif
kitablar nəşr olunur. Bu da Azərbaycanımızda mövcud yeni ictimai, siyasi,
iqtisadi münasibətlərin təzahürüdür. Qələm əhli öz düşüncələrini kitab
formasında oxucu ilə bölüşməyə imkan əldə edə bilib. Müxtəlif icazələr, növbələr,
razılaşmalar, yoxlamalar aradan götürülüb. Respublikamızın şəhər, rayon və kəndləri
haqqında kitablar da oxucuya çatdırılır. Kitab əbədidir və nəsillərə yadigar
qalır.
Bu kateqoriyadan olan kitabların yazılma təcrübəsi ilə tanış olduqdan sonra qərara qəldik ki, kitabı kimsə yox, bütün novxanılılar yazmalıdır. Belə də oldu. Bu, birgə əməkdir. Həm şəhərdə, həm də kənddə yaşayan soydaşlarımızın zəhmətidir. Kitabın hazırlanma prosesində demək olar köhnə Novxanı sakinləri bütövlüklə, bu və ya digər formada iştirak edib. Kimsə məqalə yazıb, kimsə atasının, babasının, əmisinin, qohumunun fotoşəklini axtarıb tapıb, ünvan, telefon nömrəsi verib, kimsə təkliflərini verib, kimsə kənddə baş verən hadisələr, görkəmli adamlar haqqında söhbət açıb. Prosesdə elmin bizə bəxş etdiyi yeni üsullardan da istifadə olundu.
Bütün məqalələr internet saytımız vasitəsilə dünyaya yayıldı. Nəticəni də gördük. Saytımıza 3000 dəfədən artıq daxıl olunub, yazılarımız oxunulub. Belə kateqoriyadan olan saytlar üçün bu çox böyük rəqəmdir. Oxucular bizə məktublar yazır, məqalələr haqqında rəylərini bildirir, təklıflərinin verir, iradlarını söyləyirlər. Ümumiyyətlə, yaratdığımız sayt kitabın hazırlanma prosesində önəmli rol oynadı. Ağsaqqallarla görüş
Onu da qeyd etmək istəyirəm ki, kitab "Novxanılılar” adı ilə hazırlanırdı. Bu adın səslənməsi, qrammatik baxımdan düzgün olsa da bu sözün kənd ləhcəsində səslənməsi bir qədər fərqlidir. "Novxanı. Sərvətimiz şəxsiyyətlərimizdir” adı kitabın tərtibatına daha uyğun gəlir.
Kitab üzərində işləyərkən bəzi
həmkəndlilərimizlərdən fərqli olaraq (heyif ki, belələri də tapıldı) Novxanı
ilə heç bir bağlığı olmayan, əslən diğər rayon və kəndlərdən olan Azərbaycan
ziyalıları bizə əməlı yardımçı oldular. Onların arasından şair-publisist Teyyub
Qurbanın, professor Tahir Cəfərlinin, alimlər İdris Əliyevin və Tofiq
Babayevin adlarını xüsusilə çəkmək
istərdim.
Bilmirəm, təqdim etdiyimiz
kitab sizin üçün nə qədər maraqlı oldu, amma bir Böyük Allah şahiddir ki, niyyətimiz
təmiz və aydın olub. Çalışmışıq ki, kitab kəndimizin, təqdim etdiyimiz şəxsiyyətlərin
adlarına layiq olsun.
Kitabın hazırlanmasında daha çox zəhmət çəkən
həmkarlarımla sizi yaxından tanış etməyi özümə borc bilirəm. Qoy həmkəndlilərimiz
onları tanısın
Abuzərova
Lalə Nurulla qızı. 1958-ci il
avqustun 29-da Bakı şəhərində anadan olub. Mehdi Hüseynzadə adına Novxanı kənd
orta məktəbini, Bakı Məktəbəqədər Pedoqoji məktəbini, Azərbaycan Pedaqojı
İnstitutunu bitirib. 1980-ci ildən
Novxanı kənd orta məktəbində müxtəlif pedaqoji vəzifələrdə çalışıb.
Hazırda Novxanı kənd İcra Nümayəndəliyinin mədəni-maarif, bədii-kütləvi tədbirlərin
təşkilatçısı və kütləvi kitabxananın rəhbəridir.
Lalə xanım Novxanının tarixi, mədəniyyəti və
başqa sahələri ilə bağlı filmlərin, radio proqramlarının, məqalə və publisistik
yazıların hazırlanmasında birbaşa iştirak edir. Bakı teleşirkətlərinin əməkdaşları
işlə bağlı yardım üçün çox vaxtı ona müraciət edir, əməli kömək ala bilirlər.
Lalə xanımla tanışlığım 2009-cu ilin aprel
ayinda baş verdi. Gülərüz, mehriban bu qadın niyyətimizi eşidib çox sevindi. Kənd
haqqında kitabın hazırlanması prosesinə qatıldı. Materialların tapılmasında,
yazılmasında yaxından iştirak edib. İş prosesində kəndə aid bir çox təşkilatı məsələləri
o həll edib.
Abuzərova
Sayadxanım Aydın qızı. 1988-ci ildə
anadan olub. Novxanı kənd orta məktəbini bitirib, 11 saylı liseyin mühasib və fərdi
kompüter operatoru fakultəsini bitirib.
Bu fədakar qız hazırda aldığı
təhsilin gərgin proqramına baxmayaraq yuxusuz gəcələrin bahasına demək olar ki,
kitabın bütün yazılarını kompüterdə yığıb.
Babayev Hacı Rahim Nadir oğlu. 1963-cü
il dekabrın 9-da dünyaya gəlib, kənd orta məktəbini
bitirib, aşpaz işləyib, 1989-cu ildən "Əlvan Metal” pansionatının "Qış bağı”
restoranının müdiridir. 2 övladı var.
Neçə il idi ki, kənd haqqında
kitabın hazırlanması arzusunda idi. İlk gündən qollarını çırmalayıb ümumi
işimizə qatıldı. Qədim fotoşəkillərin tapılmasında, novxanılılar haqqında materialların
əldə edilməsində fəalliq göstərib.
Babayev Hacı Zakir Nadir oğlu
Bax "Din xadimləri" bölməsinə
Kitabın mətbəədə çap olunması
üçün texniki baxımdan hazırlıq işini öz üzərinə götürüb və uğurla başa
çatdırıb.
Əliyev Əliabbas Əlimədət oğlu.
Bax "Mədəniyyət xadimləri" bölməsinə
Bir çox məqalənin müəllifidir.
Kitabın redaksiyası onun zəhmətidir. Uşaqlıq və gənclik illəri Novxanıda
keçdiyi üçün yaşlı nəslin əksəriyyətini tanıyır, onlar haqqında önəmli yazılar
verib.
Əliyev
Məmmədəli Sərdar oğlu. 1944-cü il may ayının 21-də Novxanı kəndində dəyirmançı
ailəsində anadan olub. 1961-ci ildə Novxanı kənd onillik məktəbini bitirib.
Novxanı Maldarlıq-Üzümçülük Sovxozunda mühasibat işlərində çalışıb. 1967-ci ildə
Bakı Rabitə Texnikumunu bitirib, 1967-70-ci illər ərzində Bakı şəhər Telefon Şəbəkəsi
idarəsində texnik, 1970-1991-ci illərdə Bakı Şəhər Radiotranslyasiya Şəbəkəsində
radiomühəndisi vəzifələrində işləyib. Respublikanın ali tədbirlərində (plenum,
müşavirə, konfrans) səsqücləndirməni təmin edib. 1991-94-cü illərdə Abşeron
rayon İcra hakimiyyəti aparatında təsərrüfat müdiri olub. Hazırda pensiyaçıdır.
Saytı yaradanda məni ilk növbədə
maraqlandıran məsələlərdən biri də müharibə iştirakçılarının siyahısı idi.
Dedilər ki, siyahılar Məmmədəli kişidə var. Siyahıları ondan aldım. Rəsmilərin
vasitəsilə onları dəqiqləşdirmək fikrinə gəldim. Nə icra nümayəndəliyində, nə bələdiyyədə,
nə də hərbi komissarlıqda belə siyahılar tapılmadı, məktəbdə olan siyahı isə
tam deyildi. Bu insanın kəndinə, yerlilərinə, kəndin tarixinə nə qədər vurğun
olduğunu dərk etdim. Sonralar ağsaqqala müharibə iştirakçılarının fotolarını
toplamaq xahişilə müraciət etdim. Demək olar ki, bütün kəndi qapı-qapı gəzib
qısa bir müddətdə buna nail oldu. Bu qədər
fotonun toplanmasını, açıqı deyim, mən heç gözləmirdim.
İbrahimova Aynur Rəhman qızı. 1995-ci ildə Novxanı kəndində anadan olub. Hazırda
Mehdi Hüseynzadə adına Novxanı kənd orta məktəbinin 9-cu sinif şagirdidir.
Yaqışda, küləkdə, qizmar günəş altında
bibisi Lalə xanımla birgə kəndi gəzib, evlərə baş çəkib, fotolar hazırlayib.
Kitabda dərc olunan fotoların əksəriyyəti bu
qızın əməyidir.
Qəhrəmanlı Nəriman Fərman
oğlu. 1946-cı ildə Göyçay rayonunun
İncə kəndində dünyaya göz açıb. Uşaqlıqdan ədəbiyyata böyük marağı olub.
1973-cü ildə BDU-nun filologiya fakültəsini bitirib. Doqma kəndində orta məktəbin
direktor müavini, dil-ədəbiyyat müəllimi işləyib. 20 ilə yaxın Azərbaycan
Televiziya və Radiosunda müxtəlif vəzifələrdə çalışıb. Müxtəlif qəzet və
jurnallarda 1500-dən çox bədii və publisistik yazıları dərc olunub.
Dostluq münasibətlərimizdən istifadə edib
kitabın hazırlanmasında mənə yardımçı olmaq xahişi ilə ilk olaraq ona müraciət
etdim. Təklifimi məmnuniyyətlə qəbul etdi. Bunu Novxanıya və novxanılılara olan
böyük maraq və hörməti ilə izah etdi. Bir çox məqalələnin və tərcümələrin müəllıfidir.
Quliyev Hacı Gülhüseyn Novruz oğlu. 1939-ci il sentyabrın 26-da Novxanı kəndində anadan
olub. Kənd orta məktəbini bitirib. 1961-1980-ci illərdə Sumqayıtdakı 2712 №-li avtomobil dəstəsində
sürücü işləyib. Kənddə bir sıra xeyriyyə işlərinin başında durub. Kəndin məişət
problemləri ilə bağlı bir neçə yeniliyin təşəbbüskarı olub. 5 oğlu, 9 nəvəsi
var.
Kitabın
hazırlanma prosesində fəal iştirak edib. Kəndin tarixi, məişəti, abidələri
haqqında, görkəmli şəxsiyyətləri barədə maraqlı məlumatlar verib.
Manafov Hacı Əliheydər Hacı Dəyanət oğlu. 1946-cı il yanvarın 4-də Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik İnstitutunu bitirib. Sumqayıt şəhərində Yerli Sənaye nazirliyinin müəssisələrində mühəndis vəzifələrində çalışıb. Novxanıda bir sıra xeyriyyə işlərini həyatə keçirib.
Kitabın
hazırlanma prosesində fəal iştirak edib. Təşkilatı işlərinin bir qismi onun üzərinə
düşüb. Kəndin tarixi, məişəti haqqında, görkəmli şəxsiyyətləri barədə məlumatlar verib.
Manafov Hacı Cavanşir Hacı Məmmədəli oqlu. 1980-ci il noyabrın 26-da Bakıda dünyaya gəlib. 1997-ci
ildə 60 saylı orta məktəbi, 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq
fakültəsini bitirib. 2001-ci ildə Ədliyyə Nazirliyinin Ekspertiza və Elmi Tədqiqat
İnstitutunda ballistika və trasaloqiya şöbəsində əmək fəaliyyətinə başlayıb. Hazırda
bizneslə məşqul olur.
Məqalələrin müəlliflərindəndir.
Kitabda yerləşdirilən fotoların əksəriyyətinin üzərində çalışıb. Eyni zamanda
sayt və kitabın hazırlanması ilə bağlı
texniki məsələlərin həlli onun üzərinə düşüb.
Süleymanlı
İlqar Qafur oğlu
Bax "Şairlər" bölməsinə
Kitabın şeirlər bölməsinin
formalaşmasında fəallıq göstərib. Bir neçə məqalənin hazırlanmasında iştirak
edib.
Teymurov Hacı Arif Bahadır oğlu.
Bax "Mədəniyyət xadimləri" bölməsinə
İncəsənət, televiziya, xüsusilə də rəssamlarla, din
xadimləri ilə bağlı bir çox məqalələr bu sənətkar tərəfindən hazırlanıb.
Saytın yaradılmasında təsirli kömək göstərmişlər:
Malikəjdər əmi
Tahir müəllim Cəfərli
Kəmalə xanım
Hacıağa
Xoşqədəm müəllim
Vaqif Ağayev