Əzimov
Faiq Həsənbala oğlu
Polkovnik Faiq Əzimov 1938-ci
ilin mayın 3-d’ Bakıda doğulub. 1955-ci ildə 7 saylı orta məktəbi, 1958-ci ildə
Hərbi Ümumqoşun komandirləri məktəbini bitirib. 1958-62-ci illərdə Rostovda
vzvod komandiri, rota komandirinin siyasi işlər üzrə müavini, 1963-64-cü
illərdə polk komsomol komitəsinin katibi vəzifələrində xidmət edib.
1969-cu
ildə Moskvada Hərbi Hüquq akademiyasını bitirərək Zaqafqaziya daxili qoşunları
siyasi idarəsi rəisinin komsomolçu gənclərlə iş üzrə köməkçisi təyin edilib.
1972-ci ilin noyabrından 1976-cı ilin sentyabrınadək polk komandirinin siyasi
işlər üzrə müavini olub. Sonra xidməti davam etdirmək üçün Azərbaycan SSR
DİN-in sərəncamına göndərilib. 1976-89-cu illərdə DİN qərargahı operativ şöbəsi
rəisinin müavini, DİN partiya komitəsi katibinin müavini, Bakı şəhəri Daxili
İşlər İdarəsi kadrlar şöbəsinin rəisi, DİN Müəssisədən-kənar Mühafizə Baş
İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. 1989-cu ildə istefaya çıxaraq,
1991-ci ilin oktyabrınadək Nizami Rayon Soveti İcraiyyə Komitəsi sədrinin
müavini olub.
1992-ci
ilin oktyabrında könüllü olaraq Azərbaycan Milli Ordusunda xidmət etməyə
başlayıb.
1993-cü
ildə Azərbaycan Respublikası Orduya Aviasiyaya Donanmaya Könüllü Yardım
Cəmiyyəti sədrinin müavini seçilib, çağırış yaşına çatmamış gənclərin
təlim-tərbiyəsi ilə məşğul olub. 1999-cu ildə pensiyaya çıxıb, o vaxtdan Milli
Aviasiya Akademiyasının müəllimidir.
Faiq
Əzimov xidmət dövründə bir orden, 28 medal (biri Polşanın medalıdır), Azərbaycan
SSR Ali Sovetinin, SSRİ DİN-in və Azərbaycan SSR DİN-in fəxri fərmanları ilə
təltif olunub. Azərbaycan və Gürcüstan Komsomolu Mərkəzi Komitələrinın üzvü
seçilib.
Hazırda
respublikanın ictimai həyatında fəal iştirak edir, Müharibə və Hüquq Mühafizə
Orqanları Veteranlar Şurasının üzvüdür. Qızı Sevinc müəllim, digər qızı Samirə
həkim, oğlu Əziz daxili işlər orqanının əməkdaşıdır.
Vaqif
Ağayev