Məgələnin əvvəli (bura basın)
QOYUNÇULUQ
Maldarlıq
da Novxanıda mühüm yer tuturdu. Vaxtilə bu kənd iri qoyunçuluq təsərrüfatlarına
malik olmuşdur. Sürülərin otarılması üçün iri təsərrüfat sahibləri muzdla çoban
tutar, beş-on qoyunu olanlar öz heyvanlarını camaat sürüsünə qoşardı. Bundan
ötrü qoyuna gedən çobana hər heyvan üçün aylıq məbləğ ödənilirdi. Baş çoban sərkar
adlanırdı.
Qədim
zamanlarda kənddə həftənin günlərini belə
sayardılar:
1-ci gün – süd
günü
2-ci gün - süd gününün dannası
3-cü gün - süd
gününün dannasının dannası
4-cü gün –
qatıqlı aş bişən gün
5-ci gün –
küçük südə düşən gün
6-cı gün – oba
eldən köçən gün
7-ci
gün – naxır sağına gələn gün
Ömrünü-gününü
qoyunçuluqda keçirən, hər üzünü bilən sərkarlardan Şirinbəy kişinin, Məmmədəli
kişinin, İmaməli kişinin, çobanlardan qoyunçu Əliisgəndərin, Zərbəli Gülü
oğlunun, Məmməd Sərkar oğlunun, Əkbər Mehdi oğlunun, Kərbəlayi Ağabəy Xocabəy
oğlunun, Kərbəlayi Mehdinin, Kərbəlayi Qulaməlinin, çoban Balaağanın, Qurban
kişinin, Həsənalının, Məmmədbəyin, Məmmədsəid və Ağasəid qardaşlarının, Əbdüləli
kişinin, Gülbalanın, Əhədin, Camalın və s. adları bu gün kənddə hörmətlə yad
edilir. Onlar bu var-dövləti salamat
qoruyub saxlamaq üçün gecə də, gündüz də ayaq üstə, sərvaxt, qazdan ayıq
olardılar. Qoyunçuluğun hər sirrinə bələd idilər, qoyunu rənginə, əlamətinə görə
seçib tanıyırdılar. Yaylağın-qışlağın qayğılarını az bilməyiblər. Onlar sağlam,
damazlıq heyvan yetişdirməyə səylə çalışıblar, ət, yun, bala artımına diqqətlə
yanaşıblar. Bunun üçün də ürəyincə olmayan qoyunu, qoçu sürüdən ayırmazdılar.
Mayasına haram qatmayıblar, təcrübəli Novxanı çobanları damazlıq xeyir verməlidir,
ziyan yox - fikrinə həmişə əməl ediblər.
Onlar hər bir toğlunun, quzunun doyunca otarılması və
yemləndirilməsi, gümrah bəslənməsi qayğısına qalar, ətə-cana gəlib böyüməsinə
diqqət edərdilər.
El-oba
arasında yayılan qədim bir el məsəlində usta çobanların bu sahədə əldə etdikləri
çoxəsrlik təcrübə görk kimi öz xələflərinə belə ötürülür: "qoyunu yaz otar, yaz
otarmadın güz (payız) otar”. Camaat da bu müdrik məsləhətə əməl edərək
qoyun-quzunu qışlağa sağlam, gümrah, əti üstündə gətirməyə çalışırdılar. İnək-qoyun
sağılar, sərinclər, badyalar, köpüklənən südnən dolar. Elə oradaca üzlü-gözlü
pendir mayalanar, qış üçün azuqə ehtiyatı görülərdi.
Qoyunçuluq
məhsullarının istehsalı həm yerli istehlak, həm də əmtəə xarakteri daşımışdır.
Qoyunçuluq kustar toxuculuq sahələrinin, o cümlədən xalçaçılıq, kürkçülük, digər
üst paltar növləri, corab, əlcək, kəndir, ciyə və s. sahələrin inkişafına səbəb
olmuşdu. Yun əmtəə bazarına xammal şəklində çıxarılırdı. Bu xammalın satışı həm
kənddə, həm ətraf məntəqələrdə, xüsusən
də Bakı şəhərində təşkil edilirdi. Məhsullun xammal şəkilində bazara çıxarılmasının əsas
səbəbi kənddə manufaktura və sex tipli istehsal sahələrinin olmaması idi.
Qoyunçuluq təsərrüfatında
yerli quyruqlu cinslərə daha çox üstünlük verilirdi. Keçən əsrin 60-70-ci illərinədək
bu təsərrüfat sahəsi novxanılıların məşğulluğunda başlıca yer tutmuşdur.
TAXILÇILIQ
Taxılçılıqda
yerli xırda, lakin şirin Bakı buğda növünə (sarı buğda) üstünlük verilirdi.
Yaz
fəslinin axırında, yayın başlanğıcında tez-tez əsən gilavar küləyi (cənubdan əsən
quru külək) torpağı qurudur, şehin, dumanın torpağa enməsinə mane olur, zəmiləri
rütubətsiz,nəmsiz qoyurdu.
Bənd
atmış buğdanı, taxıl zəmilərini gecəli-gündüzlü göz bəbəyi kimi qoruyardılar.
Taleyini torpağa bağlayan Novxanı kəndlisi düşünüb ki, tər töküb əkin əkən, becərən
onun qədrini də bilməlidir, öz əlinin barını, öz əməyinin məhsulunu
qorumalıdır. Əkinə mal-qara ayağı dəysə, oradan məhsul gözləmək olmaz, -deyərdilər.
Zəhmətlə
dolu gərgin günlərdən sonra ilin gözəl fəsli, zəhmət fəsli yaz, öz ömrünü əkinçiliyin
"dostu” yaya bağışlayır.
Keçmişdə iyun ayının ortalarından
başlayaraq iyul ayının sonuna qədər Novxanı qədri, çorək qədri bilənlər əl-ələ
verib taxıl biçiminə başlayırdı, necə deyərlər əkib-becərdiyini
yığıb-yığışdırardılar, qış ruzusunu toplayardılar.
Azərbaycanda buğdadan, digər taxıldan hazırlanmış ərzaq məhsulları əhalinin əsas qidasıdır. Xalqımızın mütərəqqi adət-ənənələrindən biri də taxıla və çörəyə olan böyük hörmət və ehtiram göstərməsidir. Novxanı camaatı da taxılı, çörəyi bütün nemətlərin tacı bilmiş, süfrənin bərəkəti saymışdır. And-amanlarının bir ucu çörəyə bağlı olub ulularımızın, Novxanı ağsaqqallarının həlledici anlarda səadət, etibar andı içmək istəyəndə "Çörək haqqı”, "bərəkət haqqı”, "Çörəyə and olsun”- deyiblər. Bir sözlə çörəyə olan hörmət və ehtiram nə mizana gəlib, nə ölçüyə sığıb.
Taxılçılıqın
kənd iqtisadiyyatında mühüm yer tutmasına vaxtilə kənddə çoxsaylı dəyimanların
olması da xəbər verir. Onlara at dəyirmanı deyilərdı, daşlarını atlar hərəkətə
gətirərdi. Buğdadan savayı burda duz da narınlaşdırılardı.
BAĞÇILIQ
Bağ
yerlərində meynələr talvara çıxarılmaz, yaşayış yerlərində isə kölgəlik üçün
bir neçə meynə talvara çəkilərdi. Meynələrin budanmasını bu işdə təcrübəsi olan
adamlar həyata keçirərdi. Bağ meyvələrindən ən müxtəlif çərəzlər hazırlanardı.
Bakı camaatının yay fəslində bağa köçmə ənənəsinin tarixi də çox qədim çağlara gedib çıxır. XIV yüzilliyin ikinci yarısı, XV yüzilliyin əvvəllərində yaşamış əslən bakılı Əbd ər-Rəşid əl-Bakuvi "Kitabi-təlxis əl-əsər və əcaib əl-Malik əl-Qəhhar” əsərində yazırdı” "Əncir, nar və üzüm burada boldur. Bağlar şəhərdən uzaqdır. Buna görə şəhər əhalisinin çoxu yay vaxtı oraya köçür, bir müddət orada yaşayır, sonra isə geri qayıdırlar. Və onlar hər il belə edirlər”.
Qədim çağlardan keçən əsrin 70-80-ci illərinədək Abşeron kəndlərində "bəhər”, "bəhər almaq” adı ilə məlum olan ənənə mövcud olmuşdur. Bu ənənəyə görə öz bağ sahəsi olmayan bir qisim şəhər sakinləri yay fəslində müəyyən haqq müqabilində bir-iki aylığa icarəyə bağ sahəsi götürər, bağın bəhərindən tam istifadə etmək hüququna malik olardı.
Abşeron
kəndlərinin hər birinə məxsus bağ sahələri olmuşdur. Bunlardan, məsələn, Qalaya
aid Şüvəlan bağlarını, Şağana aid dəniz sahili və çöl bağlarını, Binənin Təmənis
bağlarını, Giləzi, Xızı, Altıağac, Şurabad bağlarını, Zirə bağlarını, Novxanıda
Sarıqaya və Aşağı bağları və s. göstərmək olar.
Abşeron
tarixən Azərbaycanda üzümçülüyün inkişaf etdiyi ərazilərdən biri olmuşdur.
Verilən məlumatlara görə, bu ərazidə 50-dən çox üzüm növü yetişdirilirdi ki,
bunların da əsasını ağ şanı, qara şanı, sarıgilə, xatını, pişraz, gavangir,
göybəndəm, pişbaba, xalbəsər, gəlinbarmağı, keçiəmcəyi, ağadayı, qızıl üzüm,
kişmişi (Təbrizi), mövüci, dərbəndi, salyani, Zabrat üzümü təşkil edirdi.
Abşeronda Şüvəlan, Maştağa, Buzovna, Bilgəh, Şağan, Nardaran, Qala, Fatmayı,
Novxanı, Kürdəxanı, Saray kəndləri öz dadlı üzümü ilə məşhurdur.
Deyilənə
görə şanı, ümumiyyətlə, bütün üzüm növlərindən şəkərliliyinə görə faydalıdır.
Bu, hər şeydən əvvəl, Abşeronun özünəməxsus torpaq-iqlim şəraitindən, qızıl
qumunun tərkibindəki mikroelementlərdən asılıdır.
Novxanının ağ şanısı, qara şanısı, ala şanısı min bir dərdin dərmanıdır. Onun sağalmaz dərdlərə şəfa-təpər verən qüvvəsi vardır. Bu torpağın şəhdi-şəkəri adamı bir loğman kimi dünya durduqca saxlar. Alimlər ağ şanının müalicəvi əhəmiyyətinə qiymət verərək göstərirlər ki, bu üzümdə şirinlik çoxdur, onu çox yedikdə mədədə ağırlıq hiss olunmur. Qanı az olan və üzgün düşən adamlara ağ şanı şəfalıdır. O, qırmızı qan kürrəciklərinin artmasına səbəb olur, ciyərin və ürəyin fəaliyyətini yaxşılaşdırır, onun tərkibindəki müxtəlif mineral birləşmələr, vitaminlər orqanizm üçün çox faydalıdır. Novxanı torpağının xoş ətri, tamı ilə ağıza dad-ləzzət gətirən, bədənin gümrahlığını artıran şanısı dəniz, qum, günəş ilə birlikdə yüksək müalicə və şəfa keyfiyyətlərinə malikdir.Abşeron üzümünün məhsuldarlığının yüksəl-dilməsində və keyfiyyətinin yaxşılaş-dırılmasında dəniz iqliminin, bu yerlərin xəzrisinin, gilavarının da böyük təsiri vardır. Çünki uzun illərin təcrübəsindən müəyyən edilmişdir ki, belə şəraitdə xəstəlik və zərərvericilər tənəklərə bir o qədər ziyan vura bilmir.
Deyirdilər
ki, Abşeronun şanısı xaricdə də böyük şöhrət qazanıb. Vaxtilə Azərbaycandan
köçüb getmiş bir mühacir özü ilə apardığı Abşeron şanısının çubuğunu əkib
çoxaltmış, xeyli məhsul götürmüşdür. Orada yurd-yuva tapmış bu üzümlərin nazını
çəkmiş, qayğı ilə becərib artırmışdır. Sonra bazarlara yol açmış bu üzümü yerli
növlərə nisbətən qat-qat baha qiymətə almışlar, hər yerdə ondan söhbət
salmışlar. Onu da söyləyirlər ki, Abşeron üzümü orada sonralar əsl dadını, ətrini,
keyfiyyətini itirib.
Daha
çox şirəli yerli üzümlərdən şireyi, sarıgilə növlərini göstərmək olar. Giləsinin
ətliliyinə görə dərbəndi növü də məşhurdur. Novxanının qoca bağbanları nəql
edirlər ki, bu üzüm növünün ətliliyi elə bərk (sıx) olur ki, onu hətta bıçaqla
kəsirlər. O, bütün üzüm növlərindən ən davamlısıdır və onu uzun müddət - Novruz
bayramına qədər saxlamaq mümkündür. Ümumiyyətlə, Bakı üzümü az şirəli olsa da şəkərliliyi
çox yüksəkdir. Abşeron üzümləri daşınmaya əsasən dözümlüdür və qışa çətin
saxlanılır. Tam dəydikdən sonra dərilməlidir, yoxsa büzüşür, hətta salxımda
çürüyür.
Üzümçülər
hər üzüm sortunun hansı məhsul üçün xarakterik olduğunu da çox yaxşı və düzgün
müəyyən edirlər. Bağ sahibi bazar üçün yetişdirmək istəyirdisə, onda bu məqsədlə
ağ şanı və qara şanı becərir. Kim xalqımızın, eləcə də Novxanı əhalisinin həyat
və məişətində möhkəm yer tutan doşab, sirkə, abqora, riçal və.s üzüm məhsulları
hazırlamaq istəyirsə, onda şireyi, sarıgilə və s. şirəli üzüm növləri
yetişdirir.
Bakı
üzüm növləri o qədər də çox məhsuldar deyildi. Bu, üzümün çiçəkləndiyi dövrün
güclü şimal küləklərinin əsdiyi may ayına düşməsi ilə əlaqədardır. Belə ki, həmin
zaman küləyin təsiri ilə çiçəklərin xeyli hissəsi tökülür və nəticədə salxımlar
o qədər də sıx olmur.
Uzun
müddət bağçılıqla, eyni zamanda üzümçülüklə məşğul olan Novxanının səriştəli
bağbanlarının təcrübəsi, zəngin biliyi göstərir ki, təsərrüfatın bu sahəsində
onların özünəməxsus əkinçilik mədəniyyəti olmuşdur. Ağaclarda, tənəklərdə
budama aparmaq, diblərini belləmək, ağac əkib-becərmə, üzüm növləri yetişdirmək,
onlara qulluq etmək heç də sadə, asan bir iş olmayıb, böyük ustalıq tələb edir.
Bağban tənəkləri yaxşı tanımalı, onların növlərini, hansı üzüm sörtlarının
hansı şərait üçün əlverişli və üstün olmasını, budama zamanı hər sorta uyğun tənəklərdə
neçə barmaq, çilik, göz saxlamasını da bilməlidir. Adətən, bağbanlar güclü,
sağlam ağacları, tənəkləri payızın sonlarında, zəif ağacları, tənəkləri isə qış
şaxtaları keçəndən sonra budayarlar ki, bu da yaxşı nəticə verir.
Qorabişirən ayın sonlarında Novxanıda yemiş-qarpızın tağı saralır. Yayın bu bürkülü günlərində bostan qırağında əyləşib tağdan qopub düşmüş şirəsi axan qovun yeməyin ayrı ləzzəti var. İllah da ki, yayın qızmarında susuzluğu yatırdır, bədənin gümrahlığını artırır qarpız. İsti təndir çorəyi, yaxşı motal pendiri, dadlı-tamlı qarpız yayın ən ləzzətli yeməyi sayılır. Xəstəyə şəfa, sağa dad, ləzzətdir.
Payız
fəslinin xəzəl ayından başlayaraq təcrübəli novxanılı bağbanları əllərində
qayçı, mişar bağlara çıxar, torpağın canından buğ qalxanacan bircə-bircə
ağacların, meynələrin başına dolanar, azı qırx yerə şaxələnən ağacların ağzını
bir yerə yığar, quru, yararsız budaqları kəsərdilər. Qocalar deyərdi ki, hər
ağacın, hər meynənin başına pərvanə kimi dolanmasan, səndən üz döndərər, barını
görməzsən
Bir
az da əncir barədə. Novxanı əncirinin misli-bərabəri harda var?! Elimizin,
obamızın çox yerində olduğu kimi Novxanıda da adət idi hansı meyvə hansı gün
dişə dəysə, yəni meyvənin ilk barından (nübar) xonça tutar, təmtəraqla oğlan
evindən qız evinə göndərərdilər. Nişanlı oğlanların qız evinə apardıqları səbət-səbət
meyvə sovqatına xalq arasında novbarlıq, bağbaşı deyərdilər. Novbarlıqdan
qohum-qonşuya da paylanılır. Belə deyirlər ki, meyvənin nübarını yeyən adamın
ürəyindən keçən dilək tezliklə hasil olar. Bütün bayramlarda da oğlan evindən
qız evinə hədiyyələr, xonçalar getməliydi.
Çox
doğru olaraq Novxanıda yaşlılar deyirlər ki, meyvəni gərək özün ağacdan dərib
doyunca yeyəsən, özün dərmədin, nə ləzzəti? Meyvə ki, tərəziyə girdi dadı-bərəkəti
qaçır. El-oba arasında avqustun sonu – sentyabrın əvvəllərində olan müddət "əncir
yetişən dövr” və yaxud "mövüc qurudan dövr” adlanır. Əncir bizim torpağımızın ən
qədim və şanlı-şöhrətli nemətlərindən biridir. Novxanının şirəli, tamlı və çox
şirin sarı əncirinin qədrini yeyənlər bilir.
Əncir
çox faydalı bitkidir. Onun meyvəsinin tərkibində bir sıra bioloji fəal, müalicə
əhəmiyyətli və orqanizm üçün olduqca xeyirli maddələr var. Ömür ləzzəti olan əncirdən
mürəbbə hazırlanır. Əncirin həm təzəsi, həm də qurudulmuşu insan üçün
faydalıdır. Müəyyən olunmuşdur ki, əncir yarpağı ürək xəstəliyi üçün müalicəvi əhəmiyyətə
malikdir.
Novxanı
bağbanlarının adları hörmətlə çəkilərdi. Hətta bəzi bağların yerlərini onların
adları ilə adlandırardılar. Bu gün də belə bağların adları yaddaşlarda qalıb: Kərbəlayi
Soltan bağı, Gülü Mirfətalı bağı, Atababa (S.Orucovun atası) bağı, Əmirhəmzə
bağı, Axund (M.Rəsulzadənin atası) bağı, Qızana bağı, Vahab bağı və s. Bağbanlardan Mehdi oğlu İsgəndərin,
bağban-bostançı Mollababanın, Zairin, Balababanın, Manafın, Abuzərin,
Cahanşahın, Dadaşbalanın, Kərbəlayi Soltanın, Məmmədəlinin, bostançı Baba Əhəd
oğlunun, Şirməstanın, Nadir, Sabir, Zakir Səfərov qardaşlarının və bir
çoxlarının adları çəkilir.
Vaxtilə
Novxanı bağlarının yaraşığı olan püstə, badam, iydə, innab, tut və s. o qədər
olub ki, indi onun yarıbayarısı yox, heç çərəyi də qalmayıb.