"Vətən xaini"ndən Sovet İttifaqı
Qəhrəmanınadək...
Dövlət Təhlükəsizlik Komitəsi olduqca təhlükəli saydığı bir "casus" haqda material toplayanda müharibə təzə qurtarmışdı. "Casusun" şəxsiyyətini müəyyənləşdirmək üçün tam məxfi aparılan axtarış işinə yazılan ilk ifadələrdən: "Bu şəxs 1943-44-cü illərdə Almaniyanın Ştrans məntəqəsində yerləşən Azərbaycan Milli Legionunda təbliğat-təşviqat şöbəsində işləyib. Legionları Hitler Almaniyasına vicdanla xidmətə çağırıb. Axtarılan şəxsin sonrakı taleyi barədə dəqiq məlumat yoxdur. Əgər bu şəxs sağdırsa, deməli, SS-lərdə xüsusi vəzifə sahibidir. Almaniya istənilən vaxt ondan SSRİ-yə qarşı güclü silah kimi istifadə edə bilər".
Bu sənəd 1946-cı ilə aiddir. "Casus" kimi axtarışda olan şəxsin adı
Mehdi, soyadı Hüseynzadə idi. Təəccüblü olsa da, yuxarıda dediklərimiz
həqiqətdir. Elə isə gəlin bir daha Mehdi Hüseynzadə haqda danışaq...
"Bu günün heçi gələcəyin klassiki"
Atası öldürüləndə Mehdinin 5 yaşı vardı. Çərkəz oğlu
Hənifə adıyla Bakı kəndlərində məşhur olan bu adamı Sovet hakimiyyətinin ilk
illərində qaçaqlar güllələmişdi. Sonra da anasını itirdi. İki bacısı- Bikə
və Hürriyyətlə birgə bibisi Mahsənəmin himayəsinə sığındı. Böyüdü... məktəbə də
getdi. Süleyman Sani Axundovun rəhbərlik etdiyi məktəbdə Səid Rüstəmov kimi
sənətkardan görüb-götürdü. Tarın, royalın sirlərinə burda agah oldu. Şer də
yazdı, muğam da oxudu, üstəlik dram dərnəyində bir- birindən maraqlı obrazlar
da yaratdı. Sonra da meyli rənglər dünyasına düşdü. Bakı rəssamlıq məktəbini
bitirən kimi Leninqrada üz tutdu. Ağır güzəran, ehtiyac... Amma bu çətinliklərə
baxmayaraq, böyük arzularla yaşadı. Devizi "Bu günün heçi, gələcəyin
klassiki olmaq" idi. Leninqradda rəssamlıq məktəbinə sənəd versə də, girə
bilmədi. Özünü dil sarıdan sınağa çəkdi. Leninqrad Xarici Dillər İnstitutunun
fransız dili fakültəsinə girdi. Burda alman, italyan, ispan dillərini öyrənəndə
ağlına da gətirmirdi ki, az sonra arzuların səmti dəyişəcək. Amma o günlərə
hələ var... Mehdi hələ tələbədi. Yaşadığı mühitə sığmayan bir tələbə... Buna
sübut onun Leninqrad məktublarıdır:
"...Yaşayışıma gəldikdə köləlik durumunda satılmış bir qul
vəziyyətindəyəm... Çalışdığım bir neçə dil öyrənib Moskva Sovet Yazıçılar
İnstitutuna qayibanə girməkdi, amma ... tərcümə kursu açılıb. Bu kursa mükəmməl
frəng dilini bilənləri qəbul edirlər ki, 2 il onlara dərs keçəndən sonra
komunterndə və ya xaricdə bir işə yollasınlar... Etiraz etdim. İşi əvvəlcədən
bildiyim üçün 3 kontrol işində 16-18 qramatik səhə (səhvə) yol verdim... Bir
yandan etirazım, bir yandan da 3 kontrol işim onları, yəni Moskvadan gələnləri
şübhəyə salıb..."
Birinci dəfə canını Sovetin caynağından belə qurtarmışdı. Amma az sonra
anlamışdı ki, o, Leninqradda qala bilməyəcək. Getməlidir. Əks tədqirdə
bilə-bilə ölümə gedəcək. Odur ki, Leninqrad təhsilini yarımçıq qoyub Bakıya
dönür. Bakı Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə qəbul olunur. Fəqət
elmi dərəcəyə can atan gəncin təhsili yenə də yarımçıq qalır...
"Keçilən dərslərdən mənə sağ qalmayacağım aydındır"
Onu Tbilisiyə Piyadaların Hərbi Məktəbinə göndərdilər. Bu məktubu isə Mehdi
1941-ci ildə yazıb:"... Ölümümü satın almağıma baxmayaraq, nədənsə bura
bənd olub qaldım. ... Burda hörmətim çoxdu. Onlara gözəl şəkillər çəkirəm. Odur
ki, daima şəhərə gəzməyə gedirəm. Hər istirahət günü sirkə, kinoya, teatroya
gedirəm...
... Keçilən dərslərdən mənə sağ qalmamağım aydındır. Odur ki, həyatımın
səhifələrini bu əyləncələrlə doldururam ki, özüm-özümü aldada bilim".
Sevdiyi qızdan da gileylidir: "Xəndandan kağız almıram. Ehtimal ki, o da
məndən üz döndərib... Bəlkə də yazdığım məktublar ona çatmır. Buna ki, mən
təqsirkar deyiləm.
Buna təqsirkar yalnız VƏTƏNDİR".
Haşiyə: Amma Mehdinin Xəndan deyə xitab etdiyi sevgilisi Qüdrət etibarsız
deyildi. Sadəcə tez-tez ünvanı dəyişən həsrətlisinə məktubu çatmırdı. Heç
Mehdinin ölüm xəbərini də eşitməyib. Çünki Qüdrət bu dünyadan köçəndə müharibə
hələ qurtarmamışdı.
"İnsan insana canavardır"
Mehdinin son məktubu Stalinqraddan gəlib. Latınca qeyd
etdiyi bu kəlmələr 1942-ci ilin Stalinqrad mənzərələrini əks etdirir:
"İnsan insana canavardır".
Canavarların hərb meydanında əsir düşdü. Mehdi Əzizbəyov (Mehdi
Hüseynzadənin bacısı oğlu): - Əslində dayım əsir düşməyib. Kəşfiyyatçı
kimi almanlar tərəfə atılıb. KQB bir neçə xarici dil, o cümlədən alman dilini
bilənlərin siyahısını bilirdi. Ancaq onun dostları danışırdılar ki, Mehdi
almanlar tərəfə keçəndən sonra SSRİ ilə əlaqə saxlamayıb.
Əsirlik, aclıq, səfalət... Mehdinin dəhşətli günləri başladı. Amma az sonra
ətrafında müstəqil Azərbaycan arzusuyla yaşayan azərbaycanlıları gördü.
Almanlarda 150 min azərbaycanlı əsir vardı. Əsirlərdən ibarət legionlar
yaradılanda Adolf Roznberqin rəhbərlik etdiyi Şərqi Torpaq Nazirliyi tərkibində
olan xüsusi Qafqaz şöbəsi Azərbaycan mühacirlərindən istifadə etdi. Hitler
Almaniyasıyla danışıqlar zamanı əsirlikdə olan azərbaycanlıların əsasən mülki
işlərə göndərilməsi, Milli Azərbaycan Ordusunun yaradılması, azərbaycanlıların
yalnız Şərq cəbhəsində vuruşması haqda razılıq alındı. Bundan sonra mühacirlər
əsirlikdə olan azərbaycanlılar arasında təbliğat aparır, onları legiona
yazırdılar. 7 mindən çox döyüşçüsü olan "Aslan", "Boz
qurd", "Qorxmaz", "Dönməz", "Cavad xan",
"Vətən" və başqa legionlar yaradılmışdı. Azərbaycan legionuna -
Məmməd Əmin Rəsulzadə, Abbas bəy Ataməlibəyov, Fətəlibəyli Düdənginski, Fuad
Əmircan başçılıq edirdilər.
Mehdi Hüseynzadə də həmin vaxt mühacirlərin təşəbbüsüylə 162-ci
"Türküstan" diviziyasına yazıldı. Onun bacarığını görən almanlar
Mehdini Potsdama 3 aylıq hərbi məktəbə göndərdilər. Bu kursdan sonra yenidən
"Türküstan" diviziyasına göndərildi. Amma təbliğat-təşviqat işinə.
Bu yerdə Milli Təhlükəsizlik Komitəsinin arxivinə nəzər salaq:
"Legionda olanların əksəriyyəti ifadəsində göstərib ki, almanlar
azərbaycanlılardan daha çox arxa cəbhədə istifadə edir, onları tikintidə,
istehkam qazıntısında, bir də əsasən mülki işlərdə işlədirdilər".
Başqa bir mənbə:
"Mehdi legionda dram, musiqi və xor dərnəyinə rəhbərlik edirdi. Alman
filmlərini tərcümə edir, əsrlər arasında təbliğat aparır, radioda
diktor-tərcüməçi işləyirdi.
Mehdi Hüseynzadənin adına yazılan "Vətən xaini" ittihamını isə
1954-cü ildə Dövlət Təhlükəsizlik Nazirliyinin baş müvəkkili, bölmə rəisi
V.Banserev silib. İşi qəbul edən Banserev onunla birgə legionda və partizan
hərəkatında iştirak edən şahidləri yenidən dindirib. Bu şəxslər öz ifadələrində
1944-cü ildə Almaniya hökumətinin müttəfiqi İtaliyanın məğlubiyyətindən, bundan
sonra tərkibində fəaliyyət göstərdikləri 162-ci "Türküstan"
diviziyasının Adriatik dənizinin sahillərinə göndərilməsindən danışır, İtaliya
ilə Yuqoslaviyanın sərhədində olarkən kəskin hava şəraitinə dözməyən Mehdinin
xəstələnməsindən də söz açırdılar".
Mikayıl Qulubəyovun xatirələrindən:
"Mehdi burda dermatit xəstəliyinə tutulduğuna görə, xeyli Avstriyanın
Qrats şəhər xəstəxanasında müalicə olundu. Bu şeri də xəstəxanadan mənə
yazmışdı:
Ömrüm kam almayıb çatmadı başa,
Könlümün şüşəsi dəyibdir daşa.
Bir namə yazmadım, yara yoldaşa,
Xəzan yarpağıtək solğunam, a dost!
Gecə ay üzünə salırkən işıq,
Verir camalına hərdən yaraşıq.
Adria! Bil sənə olmaram aşıq,
Mən öz Xəzərimə vurğunam, a dost!
Mehdi Qürbətzadə. 18 noyabr 1943-cü il, Qrats şəhəri.
Xəstəxanadan qayıdandan az sonra düşərgədən qaçdı."
Onların düşərgədən qaçması haqqında olan məlumat isə
belədir:
"Qaçmaq planı gizli şəkildə hazırlanmışdı. 162-ci diviziya bütövlüklə
qaçmalı idi. Amma son anda satqın oldu. Plandan almanlar xəbər tutdular. Odur
ki, bu proses sürətləndirildi. 1944-cü ilin əvvəlində Mehdi, Cavad Həkimli və
Əsəd Qurbanov düşərgədən qaçıb İvan Qradnikov adına 3-cü zərbə briqadasına
qoşuldular. Onlar qaçan gün taqım komandirini və bir neçə adamı hitlerçilər
güllələdilər. Həmin gündən legionlara münasibət dəyişdi".
Cabbar Quliyev (keçmiş partizan):
-Mehdi qaçanda demişdi ki, narahat olmayın sizi də burdan qurtaracağıq.
Doğrudan da, bir ay ötmədi ki, plan hazırlayıb bizi də almanların cəngindən
qurtardılar. Partizanlar tərəfə keçdik. Burda artıq komandirimiz Cavad Həkimli
idi.
"Casus axtarış işi"ndən "Geroy"a
qədər
Mehdi Hüseynzadə haqqında olan axtarış işi 8 il çəkib.
Sonda işinin nəticəsi onun qəhrəman olduğunu üzə çıxardı. İtaliya Kommunist
Partiyasının katibi Palmiro Tolyati, Yuqoslaviya Xalq Azadlıq Hərəkatının
lideri və Kommunist Partiyasının katibi Broz Tito SSRİ hökumətinə Mehdinin
şücaətləri əks olunmuş sənədlər təqdim edirlər. Bütün bunlardan sonra
"Casus axtarış əməliyyatı" səmtini dəyişir. Artıq axtarış işi
"Geroy" adlandırılır.
Həmin gündən Mehdinin bacıları da təqibdən yaxa qurtarıb. Çünki Mehdinin ölüm
xəbəri 1954-cü ildə dəqiqləşdirilib. Və bu dəqiqləşdirməyə qədər ailəsi
nəzarətdə saxlanıb. Hətta DTK-ya Mehdinin sağ olması, bacısı Hürriyyət xanımla
gizli məktublaşması haqqında məlumat da vardı.
Dövlət Təhlükəsizlik Komitəsində "Geroy" işinə yığılan
materialdan: "Opiçinada yüksək voltlu transformatoru, Triestdə
zabitlər restoranını partladandan sonra əfsanəvi MİXAYLO adı Sloveniyada və
almanlar arasında məşhurlaşıb. İlk dəfə başına 100 min mark qoyurlar. Bundan
sonra.... siyasi təxribat rəisi (Mehdi Hüseynzadə nəzərdə tutulur - M.N.)
bir-birinin ardınca almanlara ağır zərbələr vurur. Opiçinada kinoteatrı,
Triestdə "İl- Pikkolo" qəzetinin redaksiyasını, Triestdə Via-fortina
küçəsindəki alman zabitləri üçün təşkil olunmuş iki fahişəxananı, alman hərbi
xəstəxanasını, 25 avtomaşınla bərabər, hərbi qaraj partladı. Bundan sonra
Mixaylonun başına 400 min mark qoyuldu.
Qorisiya şəhərində yerləşən hərbi alman tipoqrafiya qrupunun bütün arxivini,
xəritə və cihazlarla bərabər- 4 nəfərin köməyi ilə 9 korpusun qərargahına
gətirib.
Sezana kəndində onu gestapo mayoru Şultsun dəstəsi tutanda Mehdi rəssam
olduğunu sübut edib, aradan çıxıb.
İtaliya katolik binasının sahibi Valeriano Burmatı öldürüb partizanlara
milyondan artıq pul aparıb".
Şücaətlər DTK-nın 1630 saylı axtarış işinə tikilir. Beləcə, Mehdi Hüseynzadə də
bəraətini alır. Ölümündən 13 il sonra- 1957-ci ilin aprelində ona Sovet
İttifaqı Qəhrəmanı adı verilir. Və bütün bu işlər Heydər Əliyevin xüsusi səyi
nəticəsində araşdırılır. Sonra da onun qərarıyla Mehdi haqqında bədii əsər yazılır,
film çəkilir.
Mehdi kinodakı kimi ölməyib?
İndi də "Uzaq sahillərdə" filmindən danışaq. Amma nə
çəkilişlərdən, nə də necə araya ərsəyə gəlməsindən.
Cabbar Quliyev (keçmiş partizan):
- Filmdə Anjelika kimi verilən qızın adı Savva idi. Visilinin adı isə Sar.
Onlar bir-birini sevirdilər. O qızın ölümü kinoda verilən kimi olmadı. Bir gün
sübh çağı dəhşətli bağırtı eşitdik. Özümüzü yetirəndə Savva qan içində idi.
Almanlar vurmuşdular. Hamıdan əvvəl yaralıya Mehdi çatdı. Savva onun qucağında
can verdi. Mehdi onda and içdi ki, Savvanın hər zərrə qanı üçün faşistlərdən
intiqam alacaq. Doğrudan da, həmin gündən sonra dəhşətli partlayışlar törətdi.
Amma Sarın ölümünü görmədim. Onun atasının adı da Tinti deyildi, Aleksandr idi.
Və Aleksandrın Tito ilə əlaqəsi vardı. Amma Mehdinin yaralanmasıdı, başına pul
qoyulmasıdı - o elanı öz gözlərimlə Triyestin küçələrində görmüşəm, - filmdə öz
əksini tapıb. Bir də onu deyim ki, Mehdinin ölümü tamamilə fərqli olub. Həm də
təsadüfi. Almanlar heç bilməmişdi ki, vurduqları Mehdidi. Yoxsa aparıb
Triyestin ortasından asardılar. Mehdini əvvəlcə Vitovledə dəfn eləmişdilər,
sonra Cavad Həkimlinin əmriylə cənazəni Çepovani kəndinə gətirdilər.
Cavad Həkimli (keçmiş partizan):
- Mehdini əlimlə yuyub kəfənə büküb dəfn
elədim. Orda elə təntənəli dəfn mərasimi heç vaxt olmamışdı. Bununla da,
yerli əhali italyanlar, yuqoslavlar Mehdiyə öz borclarını qaytardılar.