Rüstəmov Nəcəfxan Davud oğlu
Davud kişinin ailəsi dədə-baba yurdundan – İrəvan
vilayətinin Dərələyəz mahalının Qalasər kəndindən didərgin düşüb. Ermənilər
˝Böyük Ermənistan˝ yaratmaq xülyası ilə öz murdar daşnak planlarını gizli-gizli
həyata keçirməkdə idilər. ˝Ermənistan˝ adlanan qədim Azərbaycan torpaqlarından
yerli müsəlman əhalinin müxtəlif bəhanələrlə sıxışdırılıb çıxarılması da həmin
planlardan idi. Bir gün ˝yuxarıdan˝ gözəl Qalasər kəndinə də gəlib çıxdılar.
Müsəlman kəndinin əhalisinin qeydinə qalırmışlar kimi, ˝kənddə torpaq axını
var, bu kənd sürüşəcək˝ dedilər, çıxış yolu təklif etdilər: ˝Təcili kənddən köçüb
getməlisiniz˝.
Bu hadisə 1982-ci ildə olmuşdu. Davud kişi
də başqa həmkəndliləri kimi kəndi boşaltmağa məcbur edilmişdi. Həyat yoldaşını
və doqquz övladını götürüb, Abşeron rayonunun Mehdiabad kəndinə pənah gətirdi.
İki il burada müvəqqəti məskunlaşdıqdan sonra, Novxanı kəndinə köçürlər.
Nəcəfxan da doqquz övlad (altı qız, üç
oğlan) böyüyən bu ailənin sonbeşiyi idi. 1976-cı il avqust ayının 10-da anadan
olub. 1990-cı ildə M.Hüseynzadə adına orta məktəbin səkkizinci sinfini bitirən
Nəcəfxan bir il Novxanı üzümçülük-maldarlıq sovxozunun qarajında çilingər
köməkçisi işləyib. 1992-ci ildə Bakı şəhərindəki 152 saylı orta məktəbi əla
qiymətlərlə başa vurub.
1993-cü il avqust ayının 10-da Azərbaycan
ordusu sıralarında xidmətə çağırılıb. Əvvəlcə Yaşmada döyüş hazırlığı kursu
keçib. On aydan sonra onu Qarabağ ərazisindəki hərbi hissəyə göndərirlər.
Burada ona kiçik çavuş hərbi rütbəsi verilir. Nəcəfxan 1995-ci ildə nümunəvi
əsgər kimi Qazax rayonundakı hərbi hissəyə göndərilir. 1996-cı il dekabrın 17-nə
kimi burada qulluq edən Nəcəfxan nümunəvi xidmətinə görə dəfələrlə
fərqləndirilir, ona təşəkkürlər elan edilir, ˝Şah İsmayıl Xətai˝ mükafatı ilə
təltif olunur, evə, ezamiyyətə göndərilir.
1996-cı il noyabr ayının 26-da vəzifə
başında ikən bıçaq yarası alan Nəcəfxan 21 gün Gəncə şəhərindəki hərbi
xəstəxanada ölümlə çarpışdıqdan sonra həlak olur.
Novxanı kənd qəbristanlığında dəfn edilib.