Məmmədov Əzizağa Dadaş oğlu
Bakı şəhərində
doğulsa da, əslən Novxanı torpağının yetirməsidir. XX əsrin 20-ci illərində
Abşeron kəndlərindən paytaxta güclü axın başlanmışdı. Onda bir çox
həmkəndlisi kimi Dadaş kişi də köçüb şəhərdə yaşamışdı. Bir neçə qız
uşağının ardınca 1926-cı ildə yeganə oğlu Əzizağa dünyaya gəlmişdi. Onu da
qızları kimi oxutdurub əlini çörəyə çatdırmaq istəyirdi. Oğul da atasını
arzu-kamını ürəyində qoymadı. Orta məktəbi əla qiymətlərlə bitirdi.
Valideynlərinin təkid və məsləhəti ilə Azərbaycan Sənaye İnstitutunun
neft-mədən fakültəsinə daxil oldu. Orta məktəb proqramını dərindən dərk
etdiyinə görə Əzizağa ali təhsil müəssisəsində çox əziyyət çəkmədi. Neft və qaz
quyularının istismarı üzrə dağ-mədən mühəndisi ixtisasına yiyələndi. Onu
Binəqədineftin ikinci mədəninə göndərdilər. Neftçıxarma operaturu, usta
köməkçisi, usta, baş mühəndis və nəhayət mədən müdiri.
İkinci mədən gənc mütəxəssis üçün bir növ sınaq
meydanı, təcrubə məktəbi olmuşdu. Çünki nəzəri biliklərini praktiki məsələlərlə
məhz ilk iş yerində əlaqələndirə bilir, sevindirici nəticələr əldə edirdi.
Mühəndis erudisiyası, ekstermal şəraitlərdə ağıllı riskə getmək cəsarəti,
istismar quyuları üçün səmərəli texnologiyaların düzgün seçilməsi, optimal
istismar rejimlərinin qurulması və bir sıra digər geoloji-texniki tədbirlərin
görülməsi, nəticə etibarilə neft hasilatının durmadan artırılması gənc
mühəndis–texnoloqun nüfuzunu yüksəldirdi. Axı, neft istehsalı artımının əks
tərəfində neftçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması probleminin
uğurlu həlli dayandı. Bu isə öz növbəsində istedadlı müdirə kollektiv
üzvlərinin bəslədiyi ümidləri çoxaldır, etimadı möhkəmləndirirdi.
Bir neçə ildən sonra Əzizağa Dadaş oğluna
spesifik istismar xüsusiyyətləri ilə ikinci mədəndən fərqlənən birinci mədənin
müqəddaratı tapşırıldı. O bu dəfə də öz mühəndis və rəhbərlik üstünlüyünü
qoruyub saxladı, əmək kollektivinin hörmətini qazandı. Rəhmətlik özü də
cəmiyyət həyatında insan amilini heç zaman nəzərdən qaçırmırdı. İnsana qayğı,
xeyirxahlıq və nəciblik əlamətidir, -deyirdi- mən bundan kənarda insan təsəvvür
etmirəm! Bir də deyirdi: "Gərək elə işləyəsən ki, dövlət də səndən razı qala,
fəhləyə də çörək verəsən!”
Sözünün arxasında dayanan, fikrini
şax-mərdanə üzə dəyən, sadə, mehriban, el təəssübü çəkən, yoldaşlıqda etibarlı,
kamil insan, kamil mütəxəssis! Bax, vaxtilə Binəqədineftdə çalışarkən ümumi
xidməti vəzifəmizlə əlaqədar sıx münasibətdə olduğum, uzun illər ünsiyyət
saxladığım, unudulmaz dostum Əzizağa Dadaş oğlunun işıqlı xatirəsi (ölümündən
30 il keçsə də) bu gün də qəlbimdə yaşayır. Düşünürəm: nə yaxşı ki el-obasına,
soykökünə yalnız və yalnız başucalığı gətirən yaxşı insanlar varmış, nə yaxşı!
Fətulla
Fəcri,
Binəqədi
NQÇİ quyuları əsaslı təmir sexinin sabiq sahə rəisi, şair-publisist