Əlizadə Aqşin Əliqulu oğlu
Aqşin Əlizadə Azərbaycan musiqi mədəniyyətinin fəxri olan dahi
Ü.Hacıbəyov və müəllimləri Q.Qarayev və C.Hacıyev ənənələrini davam etdirən
aydın zəkalı bəstəkarlardan biridir.
1966-cı ildə Kamera simfoniyasının
premyerası musiqi ictimaiyyəti arasında ilk andan müəllifinə böyük maraq
oyadır. Bu gənc bəstəkarın incəsənətdə öz yerini tapması uğrunda gərgin
və cəsarətli axtarışlarının nəticəsi olmaqla yanaşı müsiqimizə yeni folklor
dalğasının gətirdiyi təzə nəfəs idi.
Yarım əsrə yaxın müddətdə incəsənətdə çox
zirvə fəth olunmuş və bəstəkarın yaradıcılığı geniş təsdiqini taparaq
həyatımıza birdəfəlik daxil olmuşdur. Bəstəkarın 5 simfoniyası, kamera orkestri
üçün "Aşıqsayağı”, "Kənd süitası”, "Cəngi”, "Babək” baleti, "Azərilər” və
"Təranə” kontatası, "Skripka və orkestr üçün konsert”, "Violonçel və orkestr
üçün poema”, skripka və fortepiano üçün "Rəssamın portreti”, fortepiano üçün
"Dastan”, skripka və orqan üçün "Dialoq” əsərləri Azərbaycan ifaçıları
tərəfindən dünyanın ən möhtəşəm səhnələrində uğurla ifa edilir.
Aqşin Əlizadənin musiqi mədəniyyətimizə
verdiyi töhfələr öz yüksək qiymətini almışdır. Azərbaycan Dövlət Mükafatı
laureatı, respublikanın xalq artisti 70 illik yubileyi ilə əlaqədar olaraq
musiqi sahəsində göstərdiyi xidmətlərə görə "Şöhrət” ordeni ilə təltif
edilmişdir.
A. Əlizadə 1937-ci il may
ayının 22-də Bakıda anadan olmuşdur. Anası, əfsanəvi partizan, Sovet İttifaqı
Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanım Azərbaycan Tibb İnstitutunun
anatomiya kafedrasının dosenti olmuşdur.
Atası Əliqulu kişi paytaxtın nümunəvi ticarət mərkəzlərindən birinin
rəhbəri idi. O, xalq mahnılarını gözəl ifa etməklə yanaşı klassik şərq
poeziyasının bilicilərindən sayılırdı.
Hələ 10 illik musiqi məktəbində (indiki
Bülbül adına) oxuyarkən A. Əlizadə
kiçik həcmli musiqi parçaları qurmaqla məşğul olur. Məktəbi bitirdikdən sonra
gələcək bəstəkar Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Onun bir
bəstəkar kimi təşəkkül tapmasında milli musiqi mədəniyyətimizin iki korifeyi -
Qara Qarayevin və Cövdət Hacıyevin böyük təsiri olmuşdur. Ona yol göstərən bu
ulduzlar haqqında daim böyük minnətdarlıq hissi ilə söhbət açır və onların
xatirəsini əziz tutur.
1959-cu ildə Moskvada keçirilən Ümumittifaq
müsabiqəsində onun Fortepiano üçün sonatası birinci mükafata layiq görülür.
Diplom işi olan "Birinci simfoniya”sı da (1962) böyük uğur gətirir.
"Zaqafqaziya baharı” festivalında ifa olunan bu əsər dinləyicilər tərəfindən
hərarətlə qarşılanır və görkəmli musiqi incəsənəti nümayəndələrindən öz yüksək
qiymətini alır.
A.Əlizadə xalq musiqisinin və böyük muğam
sənətinin bilicisi və onu dəyərləndirən sənətkarlardandır. Xalqın musiqisi onun
üçün tükənməz mənbə, əvəzolunmaz ilham qaynağıdır. Muğam elə mənəvi
sərvətlərimizdəndir ki, xalqımız və mədəniyyətimiz haqqinda başqa xalqlara
mühakimə yürütmək imkanı verir. Öz simfoniyalarında tez-tez muğama müraciət
edir. Bəstəkarın III-IV simfoniyaları dediklərimizin bariz nümunəsidir.
Yaradıcılığında simfoniya və milli muğamın sintezini yaradan A.Əlizadə öz yeni,
dəyərli sözünü deyə bilmişdir. Bəstəkar hər zaman xalq incəsənətinin rolu
haqqında minnətdarlıq hissi ilə danışaraq: "Mənim öz musiqimdə səhv etməməyimin
səbəbi xalq musiqimizin və muğamın xidmətidir” – deyir.
A.Əlizadə Azərbaycan baletinin inkişafına
da öz töhfəsini vermişdir. "Babək” baletini yazmaqla Azərbaycanda
epik-qəhrəmanlıq janrının əsasını qoymuşdur. Onun "Qafqaza səyahət” və "Ümid
valsı” baletləri incəsənətimizdə yeni səhifələr açmışdır.
Bəstəkarın ictimai və pedaqoji
fəaliyyətini xatırlatmadan onun yaradıcılıq portretini əks eləmək yarımçıq
olardı. Aqşin müəllim uzun illərdir ki, Bakı Musiqi Akademiyasında dərs deyir.
Əvvəlcə C.Hacıyevin sinfində assistent kimi işə başlayan A.Əlizadə sonradan
kafedranın professoru olur, musiqi kompozisiyası, orkestrovka və
alətşünaslıqdan dərs deyir.
O, Azərbaycan Bəstəkarlar İttifaqında da
fəal iş aparır. 1985-1990-cı illərdə təşkilata rəhbərlik edib. Sonuncu
qurultayda növbəti dəfə İttifaqının katibi seçilib.
Qarabağ hadisələrinin qızğın vaxtında Ali
Sovetin deputatı kimi öz mübarizliyini gərgin fəaliyyəti ilə göstərə bilmişdir.
Həyatının bir neçə ilini Türkiyə ilə
bağıayan bəstəkar Van Universitetində dərs demişdir. "Universitet Marşı”,
"Atatürk Marşı”, Fortepiano üçün pyeslər çoxsaylı türk tələbələr və
yaradıcılığının aludələri üçün həmin illərin yadigarıdır. Əsərləri dəfələrlə
Türkiyə radio və televiziyasında müxtəlif kollektivlər tərəfindən
səsləndirilmişdir.
Ü.Hacıbəyovun "Arşın mal alan”ı,
"Koroğlu”su, Q.Qarayevin "Yeddi gözəl”i, F.Əmirovun "Kürdovşarı”sı, Niyazinin
"Rast”ı Azərbaycan musiqisində ona istiqamət verən ən sevimli əsərlərdir.
Doğma vətən məhəbbəti, onun təbiətinin
gözəlliyinə vurğunluq, xalqına və mədəniyyətinə heyranlıq bəstəkarın
yaradıcılığında öz təzahürünü tapmışdır. Bu yaradıcılığı ilə o, milli
məhdudiyyətə qapılaraq özünü müasir incəsənətin problemlərindən
kənarlaşdırmamış, əksinə hər zaman axtarışdadır.
A.Əlizadə özü haqda çox da həvəslə danışmır.
Deyir ki, bəstəkar musiqi bəstələməlidir, onun haqqında danışmamalıdır. Hər iki
oğlu onun həmkarı, musiqiçi müəllimlər və həmfikridir.
Bir dəfə Bülbül adına musiqi məktəbində
keçirilən görüşdə şagirdlərindən birinin: "Əgər musiqiçi olmasaydınız, kim olardınız?”
sualına cavabı gecikdirmədən deyir: "Bağban”. Dərin məna ifadə edən bu cavabda
adamın gözləri önündə bu şəxsiyyətin həyatı boyu öz yaradıcılığı ilə məşğul
olaraq insanların ruhunu oxşayan, onlara zövq, sevinc və ümid verən gözəl bir
bağ canlanır.
Reyhan Müslümova