Bədirzadə Məhərrəm Əlisəttar oğlu
O, həmişə harasa tələsir. Əlində lent qalağı, üzündə
narahat, narazı bir ifadə. Son ana qədər nəyisə dəyişir, düzəldir, bəzən
tamaşanın tən ortasında risqə gedib, xoşuna gəlməyən aktyoru başqası ilə əvəz
edir, çəkiliş meydançasında sözü, ifadəni düz deməyən ən məşhur sənətçini
danlayır da... Amma heç kəs ondan incimir, küsmür, çünki rejissor Məhərrəm
Bədirzadənin bu əsəbiliyinin işin xeyrinə, ən başlıcası isə müvəqqəti olduğuna
inanır. Veriliş, tamaşa, bayram proqramı efirə getdimi, Məhərrəm tamam
başqalaşır: uşaq kimi saf, sadəlövh olur. Təbrikləri qəbul edəndə sevinir,
diqqətsizliyə köks ötürür, qanı qaralır.
1970-ci illərin sonlarından Azərbaycan Televiziyasının ən populyar verilişlərində "Quruluşçu rejissoru Məhərrəm Bədirzadədir” titri görünməyə başladı. Sənətsevərlər üçün bu ad yeni deyildi. Onu Bakıda tibb işçiləri mədəniyyət evi xalq teatrının rəhbəri kimi tanıyırdılar. İncəsənət İnstitutu tələbələrinin diplom tamaşalarında xarakter rollarda çıxış edən, professor Mehdi Məmmədovun rejissorluq kursunu bitirməsinə baxmayaraq, Milli Dram Teatrına aktyor kimi dəvət alan Məhərrəm Bədirzadə teatr aləmində artıq tanınırdı. Mehdi Məmmədov, Tofiq Kazımov kimi qüdrətli rejissorlara bir neçə tamaşada assistentlik etsə də ("Yağışdan sonra”, "Çarəsiz dələduz”, "Canlı meyiт”), öz yolunu, öz dəsti-xəttini axtarmaqda davam etdi. Bu axtarışlar onu əvvəl radioya, sonra isə televiziyaya gətirib çıxardı. Tezliklə Məhərrəm Bədirzadə sübut etdi ki, Teleradio kimi çevik, həyatın nəbzini hər hansı başqa sənət ocağından daha tez tutan yaradıcılıq meydanı, necə deyərlər, onun boyuna biçilib. Xarakterindəki təşkilatçılıq bacarığı, sənət aləminə, aktyorların hər birinin fərdi imkanlarına bələdlik tezliklə onu tamaşaçıların sevdiyi, adını ekrandakı ən gözlənilən verilişlərin titrlərində axtardığı bir rejissora çevirdi. O, Məmməd Səid Ordubadinin "Giz
li Bakı”, Anton Pavloviç Çexovun "Yubiley”, "Elçilik”,
"Ayı”, İlf və Petrovun "Ostap Benderin
sərgüzəştləri”, G.Mdivaninin "Hədəf”, Emin Mahmudovun "Dərya balığı” və başqa əsərlərə televiziyada quruluş
verməklə, "Səhər görüşləri”, "Ocaq başı” kimi
populyar verilişlərin aparıcı rejissoru olaraq da tanındı.
Məhərrəm son illərdə daha çox telekomediyalar çəkib: "Mən sənin dayınam”,
"Bağdada putyovka var”, "Gəl qohum olaq”, "Gəlinlər”, "Qohumlaşma, qonşulaşma,
kirvələşmə”. Amma təbiətində olan aktyor keyfiyyətini bu tamaşaların heç
birində üzə çıxarmaq istəməyib. "Sonuncu şahid” kriminal serialına isə qəflətən
nəvələrinin onu çağırdığı kimi Bədir rolunu şeçdi və 60 illiyinə ilk hədiyyəni
özü elədi.
Adətən, bir insanın sənətinə məhəbbətini ifadə enmək istəyəndə: o, işə
canıyla, qanıyla girişir. Rejissor M.Bədirzadə təkcə öz canıyla kifayətlənmir.
Ailəsi, evi, xanımı, qızları, nəvələri ilə birgə işə qoşulur. Onun hazırladığı
bayram verilişlərinə, tamaşalara baxış keçirən zaman bu replikaları tez-tez
eşitmək olar: "Bura Aytənin evidir”, "bu epizod Könülgildə çəkilib”. (Aytən və
Könül Məhərrəmin öz övladlarıdır və sənətə çox bağlı xanımlardır). "Bu uşaq səsləri
Nurlanla Qurbanındır”.
Qarabağ savaşının ən ağır illərində öz sənət dostları
ilə cəbhə xəttinə gedib çıxan və hamını bir ocaq başına yığıb ürəklərə vətən,
torpaq sevgisi, qələbə əzmi axıdan bu yorulmaz insan dəfələrlə ölüm təhlükəsi
ilə rastlaşıb. Hər ağır, təhlükəli səfərdən sonra güman ediblər ki, növbəti
səfər baş tutmayacaq. Amma Məhərrəm Bədirzadə öz fədakarlığı, işgüzarlığı ilə
bu fikrin yanlış olduğunu sübut eləyib, bu dəfə bir addım da irəli atıb – ön
atəş xəttinə gedib çıxıb.
Onun hər bir aktyorun nazını çəkən, şəxsi maşını ilə gündə bir neçə dəfə müxtəlif teatrlara, məşqə
tələsən, mətnə tam riayət olunmayınca aktyordan əl çəkməyən vaxtları da olur.
Tez küsüb tez də barışandır Məhərrəm. Amma bütün bunların bir nəfərə - sevimli
sənətkarımız Nəsibə xanım Zeynalovaya qətiyyən dəxli yoxdur. Neçə illər idi ki,
M.Bədirzadə bu görkəmli səhnə ustasına sadiq bir övlad kimi xidmət eləyir,
səhhətindən tutmuş yaradıcılığına kimi hər işdə yardımçı olurdu. Bəlkə də bir
çoxları bilmir ki, bu gün ekranlarımızda Nəsibə xanımın gülümsər çöhrəsini,
incə yumorunu gördüyümüzə görə daha çox Məhərrəm Bədirzadəyə minnətdarıq.
Son illər "Gəzdim Azərbaycanı”, "Tamam ciddi”, "Yumor, yumor” kimi kütləvi
əyləncəli proqramlarda tanınan M.Bədirzadə həm dəƏhməd Orucoğlunun tamaşaçı məhəbbətini qazanan
"Qaynana əməliyyatı”, "Qonşular” telekomediyalarına quruluş verib.
Məhərrəm Əlisəttar oğlu Bədirzadə 1945-ci ildə Bakıda dünyaya göz açıb.
Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən
sonra həmin ildə də də Mirzə Ağa
Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub.
Məhərrəmin quruluş verdiyi bir çox tamaşalar Azərbaycan televiziyasının
"Qızıl fondu”nda qorunub saxlanılır: Mirzə Fətəli
Axundovun "Vəziri-xani-Lənkəran”, Məmməd Səid Ordubadinin "Gizli Bakı”,
Çexovun "Yubiley”, "Elçilik”, Elçin Əfəndiyevin "Mən sənin dayınam”, "Sarı
gəlin”, Əkrəm Əylislinin "Bağdada putyovka var” və başqaları.
Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə Azərbaycan televiziyasının
tarixində birinci rejissordur ki, Teatr Xadimləri İttifaqının təsis etdiyi
"Qızıl dərviş” mükafatının laureatıdır. O, eləcə də quruluş verdiyi "Sarı
gəlin” televiziya filminə görə "Qızıl qılınc” mükafatı ilə dəyərləndirilib.
"Gürzə” teleserialı 2009-cu ilin ən yaxşı teleserialı adına layiq görülüb.
Məhərrəm Bədirzadə 1969-cu ildən Teatr Xadimləri İttifaqının üzvüdür.
Hazırda Mirzə Ağa Əliyev adına
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq
kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə
öyrədir.
Mailə Muradxanlı,
əməkdar jurnalist