«Mixaylo» kinoteatrı partladandan sonra ağlayırdı»
11.03.2009
Rövşən Qənbərov
Nasistlərin Triest şəhərindəki qərargahı. Mixaylo bu binanın 1-ci
mərtəbəsindəki yeməkxananı partladıb
O zaman 11 yaşı olan Ştoka Sreçkonun sözlərinə görə, bəzi tapşırıqları
yerinə yetirmək «Mixaylo» üçün ağır idi…
«Mixaylo» üçün
dinamit hardan gəlirdi?
...Adam boyu hündürlüyündə daş parçalarının arasında
gəzişirik. Daşların çıxarıldığı dərəyə baxanda isə adamın başı gicəllənir -
30-40 metr aşağıda ekskavatorlar işləyir. İtaliya və Sloveniyanın sərhəd
bölgələrində belə daş karxanalarının bəziləri yüz ildir fəaliyyət göstərir. «Bax köməkçiləri «Mixaylo» üçün dinamiti belə karxanalardan oğurlayıb
gətirirdilər. Onda bəzi karxanalar dayanmışdı, anbarlarda süxurları dağıtmaq
üçün istifadə olunan çoxlu dinamit vardı».
Bunu bizə Bruno Kavçiç deyir. Mehdi Hüseynzadə haqqında əvvəlki yazılarımızı
oxuyanlar onu yaxşı tanıyır, 85 yaşı var, müharibə vaxtı partizanların kuryeri
- rabitəçisi olub. Əfsanəvi qəhrəman,
Azərbaycanın igid oğlu Mehdi Hüseynzadəyə - «Mixaylo»ya İtaliyanın Obçina
şəhərindəki kinoteatrı partlatmaq üçün istifadə etdiyi bombanı hazırlamaqda
kömək edib.
Bizim «Şkoda» avtomobili beş dəqiqə sonra karxananın həyətini tərk etməli olur,
mühafizə xidməti özünü yetirir. Mən, Bruno Kavçiç, yenə də «Mixaylo» haqda
əvvəlki yazılarımızdan sizə tanış olan Sloveniyanın Nova Qoritsa bələdiyyəsinin
məmuru Andrey Kampara və tərcüməçi xanım Lukeriya Kobyevqlava kəndinə
yollanırıq.
Gizli «bomba
sexi»
Sloven dilindəki ifadəylə desək, «Mixaylo»nun
«postaya»larından, yəni gizli dayanacaqlarından biri də Kobyevqlava kəndində
yerləşib. Bruno Kavçiç qabaqda, biz də arxasınca ikimərtəbəli evin birinci
mərtəbəsindəki kiçik otağa daxil oluruq. Otağa gül dibçəkləri, yeşiklərdə
cücərdilən müxtəlif bitkilər yığılıb. Bruno Kavçiç: «Onda bu dibçəklər yox idi,
ortaya bir stol qoyulmuşdu, partlayıcını həmin stolun üstündə yığırdıq.
Bruno Kavçiç. Obçinadakı kinoteatrı partlatmaq üçün bombanı hazırlamaqda
«Mixaylo»ya o, kömək edib. Bizə öz evinin eyvanındakı «müharibə muzeyi»ni göstərir
Torbalara müxtəlif
cür tozlar, başqa materiallar doldururduq, sonra dinamit əlavə edirdik».
«Dobr dan». Ev sahibləri bizi slovencə, «Gün aydın» deyib qarşılayır. İndi bu
evdə 90-a yaxın yaşı olan və infarktdan sonra çətinliklə danışan Herman
Ostroujko öz həyat yoldaşı Mayda Kermol ilə birgə yaşayır.
Hermangil ailədə beş uşaqmışlar, onun dörd bacısından ikisi partizanların
rabitəçisi olub. Ataları erkən dünyasını dəyişdiyi üçün anası onları tək
böyüdüb, amma imkanlı ailə olduqları üçün korluq çəkməyiblər. Ev sahibəsinin o
vaxt 55 yaşı olub, anası ukraynalı olduğu üçün rusca da danışa bilirmiş. Bundan başqa,
«postaya»da qalan partizanlara yemək də hazırlayırmış.
Partizanlar ikinci mərtəbədəki otaqlarda yatırmışlar, amma onların alt qatda
toplaşıb bomba düzəltdiyini heç ev sahibəsinin rabitəçi qızları da bilmirmiş.
Rabitəçi qızların vəzifəsi həm də «Mixaylo»nun alman zabiti formasını gizlətmək
idi.
Həmsöhbətlərim danışır ki,
«Mixaylo» burda iki həftə qalıb və bu müddət ərzində rabitəçilər ona ismarışlar
aparıb-gətiriblər.
«Mən də «Mixaylo»nun ağladığını görmüşəm»
Şkodamız dolanbac dağ yollarıyla bizi Kobyevqlavadan Krayna Vas kəndinə aparır.
Bəxtimizdən hava yaxşıdır, yollar sürüşkən deyil, maşının pəncərəsindən yazın ilıq nəfəsi duyulur. Buraların bəzəyi olan
dağ meşələri hələ əlvan yaz libasını geyməyib. Amma çayların rəngi ilin dörd
fəsli adamı heyrətləndirir. Havadan asılı olaraq çay suları gah mavi rəngə
çalır, gah yaşıl, gah da çəhrayı...
Kobyeqlava kəndi
Əlbəttə, müharibə vaxtı partizanların beş ulduzlu otel keyfiyyəti axtarmağa nə vaxtları vardı, nə də niyyətləri. Krayna Vasdakı «postaya»da bizi inəklər «qarşılayır». Bura elə müharibə vaxtı da tövlə olub, ev sahibləri deyir ki, o vaxt tövlədə indikindən az - 7 inək vardı. «Mixaylo» və dəstəsi üçün tövlənin sol tərəfinə ağac yarpaqları töküb üstünə mələfə sərərmişlər. Gecələmək üçün
tövlənin seçilməsi təsadüfi deyildi, burda ehtiyat çıxış var idi. Almanlar
darvazanı döyərsə, ev sahibi partizanlara xəbərdar edəcək, onlar da dal qapıdan
evin arxasındakı küçəyə çıxacaqdılar.
Tövlə ikimərtəbəli evin birinci qatında yerləşirdi, inəklərin altını təmizləyən
ev sahibi Ştoka Sreçkonun onda 11 yaşı vardı, bu evdə anası, qardaşı və bacısı
ilə birgə yaşayırdı:
Ştoka Sreçko deyir ki, «Mixaylo» üçün bəzi obyektləri partlatmaq ağır idi
«Biz hamımız «Mixaylo»nu çox sevirdik. Həm bir insan kimi, həm də
partizanlar arasında hamıdan məşhur olduğu üçün». Ştoka Sreçko deyir ki,
onların kəndi partizanların diversiya törətdiyi Triyest və Obçina şəhərlərinə
başqa «postaya»lardan daha yaxın olduğundan «Mixaylo»gil burda tez-tez
gecələyirdilər. Obçinadakı kinoteatrı, Triyestdəki yeməkxananı partlatmağa da
burdan gediblər.
Ş.Sreçkonun sözlərinə görə, bəzi tapşırıqları yerinə yetirmək «Mixaylo»
üçün ağır idi, gəlib ağlayırdı: «Mən də bir dəfə onu ağlayan görmüşəm».
Nə ağlamaq? Qulaqlarıma
inanmayıb tərcüməçidən bir də xahiş edirəm ki, «Mixaylo»nun niyə ağladığını
dəqiqləşdirsin. Ştoka Sreçko deyir ki, kinoteatr kimi obyektlərin
partladılmasını nəzərdə tutur: partlayış zamanı
müxtəlif rəqəmlərə görə, orda 120-yəcən alman zabiti həlak olub.
«Orda başqa adamlar da ola bilərdi».
Obçinadakı böyük açıq
kinoteatr alman zabitlərinin də sevimli istirahət yeri idi və mərkəzində
yerləşmiş həmin kinoteatr artıq mövcud deyil, onun yerində indi bir cərgədə
dükanlar, bərbərxana, qəzet köşkü və başqa obyektlər yerləşir.
«Mixaylo» Triyestdə alman
zabitlərinin tez-tez getdiyi kazinonu, nasistlərə xidmət edən «Il Pikolo»
qəzeti redaksiyasını və mətbəəsini də partlatmışdı. Bundan başqa…
Nasistlərin ürəyinə
saplanan xəncər
...1944-cü
il. Adriatik dənizinin sahilləri. İtaliyanın şimalı.
Nasistlər Triyest şəhərinin
mərkəzindəki ən gözəl binalardan birini özlərinə qərargah seçmişdilər.
Qərargahdakı partlayış nasistlərin düz ürəyinə saplanan xəncər idi. Partlayışda
ölənlər arasında xeyli yüksək rütbəli zabit vardı. Partlayış birinci
mərtəbədəki restoranda törədilmişdi...
Keçən əsrin əvvəllərində
tikilən belə gözəl üç mərtəbəli hündürtavanlı daş binalardan Bakıda da çoxdur.
Onu bir alman qrafı tikdirib, amma övladı olmadığı üçün Triyest şəhərinə
bağışlayıb. İndi bura konservatoriyadır. İmtahan getdiyi üçün bizdən çəkilişi
tez yekunlaşdırmağı xahiş edirlər. Birinci mərtəbənin quruluşuna sonradan
dəyişiklik edilib, restoran ləğv edilib, foye genişləndirilib, divarlara
konservatoriyanın dərs cədvəlləri vurulub, kiçik oranjereya yaradılıb.
Andrey Kampara deyir ki, nasistlər yeməkxanadakı partlayışdan sonra onlarla
partizanı pilləkən sürahisindən asmışdı
«Mixaylo»nun alman
zabiti paltarında gəlib törətdiyi həmin partlayışda müxtəlif rəqəmlərə görə,
150-yəcən alman zabiti həlak olub. Çox ciddi qorunan bir binada törədilən bu
partlayış faşistləri elə qəzəbləndirmişdi ki, onlar qisas olaraq onlarla sloven
partizanını binanın mərmər pilləkan sürahisindən asmışdılar - birinci
mərtəbədən üçüncü mərtəbəyə qədər.
Əlbəttə, bu, qəzəbdən başqa
həm də yerli əhalini «Mixaylo»ya qarşı kökləmək cəhdi idi.
Nasistlər həm də «Mixaylo»nun başına qoyduqları mükafatın məbləğini getdikcə
artırırdılar. Bruno Kavçiç deyir ki, 300 min marka fantastik məbləğ idi.
Müharibə vaxtı yer şumlamaq üçün istifadə olunan öküzün biri təxminən min marka
idi. Onun sözlərinə görə, bu, elə bir vaxt idi ki, bir çox insanlar ancaq bayramlarda
ət alıb yeyirdilər, bir öküzü olan isə artıq varlı adam sayılırdı. «Mixaylo»nun
başına 300 öküz dəyərində mükafat qoyulmuşdu. Amma slovenlər öz qəhrəmanlarını
dünya malına satmadılar.
«Mixaylo» haqda
dördüncü yazının sonu
...Uşaqlıqda
müharibə haqda sənədli filmlər veriləndə məni televizordan «kəlbətinlə də
qoparmaq» olmazdı. Bu, həm oğlan uşağının silaha, savaşa təbii meyli idi, həm
də bəşəriyyət tarixinin ən qanlı müharibəsinin təsəvvürəgəlməz dəhşətlərinin
«maqnit qüvvəsi». Məni ən çox sarsıdan isə alman təyyarələrinin «qara-qara»
bombaları ağına-bozuna baxmadan sovet şəhərlərinə-kəndlərinə yağdırması idi.
Amma sovet kinoxronikalarına
baxarkən «bir pioner olaraq» məndə heç vaxt belə bir sual yaranmamışdı ki, bəs
alman şəhərləri bombardman ediləndə, görəsən, orda nə qədər qadın, uşaq ölüb?
Məsələn, tarixdən məlumdur ki, ABŞ və Britaniya aviasiyasının Drezdenə reydləri
40 minəcən şəhər sakininin həyatına son qoyub...
«Mixaylo»nun Krayna Vas kəndində gecələdiyi ev
O vaxt bizim
üçün cəbhənin o tayındakıların hamısı bir idi - ilanın ağı, qarası kimi...
Bəli, bu müharibədir! Amma görəsən, hansı tərəfdə vuruşmasından asılı olmayaraq
o, pilotlardan kimsə döyüş tapşırığını yerinə yetirəndən sonra sənin kimi
ağlayıbmı, «Mixaylo»?..
Müharibənin hər üzünü gördün,
döyüşdün, ağır yaralandın, əsir düşərgəsindən keçdin, alman bayrağı altında
xidmət etməyə məcbur oldun, partizanlara qoşuldun - insan həyatının yerə düşən
giliz qədər dəyərsizliyinə şahid oldun. Müharibənin «məntiqiylə» sənin ürəyin
gərək daşa dönəydi...
Mənim üçün o göz yaşları qəhrəmanlığın ali mərhələsidir.