Ramiz Məlik
1990-cı
ilin 20 yanvar gecəsi baş verən müdhiş qanlı faciə hamımızı şok vəziyyətinə
salmışdı. Azərbaycan Dövlət Akademik Milli
Dram teatrının kollektivi dərhal yığıncaq çağırıb Kommunist Partiyası
sıralarından çıxmaq haqqında qərara gəldi. O zamankı Sovetlər İttifaqının
prezidenti, mənfur Mixail Qorbaçovun insanlığa sığmayan cinayətkar siyasətini,
Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri ittiham edən müraciət hazırlandı.
Bu yığıncağın təşkilatçılarından biri də Azərbaycan Respublikasının xalq artisti
Ramiz Məlik idi.
O günləri Ramiz müəllim belə yada salır:
”Hazirladığımız müraciəti dünyaya çatdırmaq lazım idi. O zaman bunun yeganə
yolu Amerikanın "Azadlıq” radiosu idi. Radiostansiyanın nə ünvanını, nə də
telefonunu bilirdim. Bakı beynəlxalq telefon qovşağına zəng vurdum. Tanımadığım
telefonçu qızdan Mirzə Xəzərlə məni calaşdırmağı xahiş etdim. Heç 2 dəqiqə
keçmədən (o şəraitdə telefonçu qızın bu addımı cəsarət tələb edirdi) "Azadlıq”
radiosunun baş redaktoru, məşhur jurnalist Mirzə Xəzər okeanın o tayından mənim
zəngimə cavab verdi. Başımıza gətirilənlərlə dünya ictimaiyyətini
məlumatlandırmaq, kəskin etirazımızı
çatdırmaq istədiyimizi bildirdim. Mirzə Xəzər:
-
Müraciətinizin mətnini hazırlayıb mənə diqtə edin, - dedi.
Bidirdim ki, mətn hazırdır.
Dərhal diktafonu açıb mətni qəbul etdi. Sonra da söylədi ki, rusca da mətn
olsaydı, yaxşı olardı. Dedim ki, rusca da var. O, sevincək bu mətni də
diktafona yazdı. Həmin gün axşam saat 7 radələrindən başlayaraq müraciətimizin
mətni bir həftə efirdə səsləndirildi.”
Ağlasığmaz müsibətimizə ilk şərik çıxan,
dəstək olan qardaş Türkiyə oldu, Azərbaycan xalqı ilə həmrəy olduğunu bir daha
bütün dünyaya bəyan etdi. Həmin ərəfədə teatrının kollektivi Türkiyədən qastrol
səfərinə dəvət aldı.
Ramiz Məlik ömrü boyu
Türkiyəni görməyi, Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmmədəmin
Rəsulzadənin məzarını ziyarət etməyi arzulayırdı. Odur ki, dərhal Novxanıya
gedib torpağından götürdü.
Qastrol səfəri uğurla keçdi. Bir həftədən
sonra teatr Ankaraya yola düşdü. Mustafa Kamal Atatürkün məzarı ziyarət olundu.
Ertəsi gün aktyorlar ˝İnsanlara hürriyyət, millətlərə istiqlal˝ arzulayan, son
nəfəsində "Azərbaycan, Azərbaycan” söyləyən Məhəmmədəmin Rəsulzadənin uyuduğu
Əsri qəbiristanlığına yollandılar. Ramiz Məlik Bakıdan apardığı torpağı o dahi
insanın məzarının hər tərəfinə səpdi.
Ramiz Ağarza oğlu Məlikov
1943-cü il avqustun 4-də Bakıda doğulub. 1961-ci ildə 31 saylı orta məktəbi
bitirib. 1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun
dram və kino aktyorluğu fakültəsinə daxil olub. Milli səhnə sənətimizin
korifeyləri Rza Təhməsibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb,
onlardan sənətin incəliklərini öyrənib.
Son kursda oxuyanda, 1967–ci ilin
fevralında bütün qrup ilə İrəvan Dövlət Azərbaycan Dram Teatırının fəaliyyətini bərpa etmək üçün Ermənistana gedib, "Sevil” tamaşasında Balaş rolunu oynayıb.
Sonra Sabit Rəhmanın "Əliqulu evlənir”
komediyasında Kamalı ifa edib.
Dövlət imtahanını verəndən sonra Ramiz
Məlik Akademik Milli Dram Teatırının
truppasına aktyor götürülüb. Teatrda ilk rolu Səməd Vurğunun
"Vaqif” tamaşasında Əli bəy olub. 30 ildən artıqdır ki, hər yeni teatr
mövsümündə aktyora təzə-təzə rollar tapşırılır.
Onun Vilyam Şekspirin "Hamlet” tamaşasında
Marsel, "Heç nədən hay-küy”də Don Juan, "Fırtına”da Sebastyan, Maksim Qorkinin
"Zıkovlar” tamaşasında Mixail, Mikolaş, Dyarvaşın "Füsunkar qız”da Dyula, Səməd
Vurğunun "İnsan” pyesində Güloğlan, Hüseyn Cavidin "Knyaz”ında Anton, "İblis”də
Arif, Leonqard Frankın "Yad adam”ında Valter, Nəriman Həsənzadənin " Atabəylər”ində Toğrul, Elçinin
"Poçt şöbəsində xəyal”ında Kişi, Məmməd Səid Ordubadinin (eyniadlı romanı
əsasında Tofiq Kazımovun işləməsi) "Qılınc və qələm”ində Qızıl Arslan və
neçə-neçə başqa obrazları tamaşıçıların rəqəbətini qazanıb.
Ramiz Məlik Azərbaycan
Dövlət Televiziyasının hazırladığı tamaşalarda - "Şərqin səhəri”ndə
(Ə.Məmmədxanlı) Bəhruz, "İnanmırsansa...”da (Ə.Hacızadə) Adil, " Günahsız
Mustafa”da (M. Cavaxaşvili) Şakro obrazlarını yaradıb.
Aktyorun bir sıra filmlərdəki obrazları
Azərbaycan tamaşaçısının əbədi yaddaşındadır. Buna "O qızı tapın”da Ziyanı,
"Sevinc buxtası”nda Asanovu, "Bir cənub şəhərində” əsərində Vasifi, "İstanbul
reysi”ndə Şefi, "Məhkumlar”da baş həkimi, "Qara gölün cəngavərləri”ndə Zabiti
misal götərmək olar.
Daxilən kübarlığını zahiri hərəkətlərində,
səhnə davranışında həssaslıqla qoruya
bilir. Buna görə də o, klassik və çağdaş Avropa dramaturqlarının pyeslərinin
tamaşalarında oynadığı surətlərin mənsub olduğu cəmiyyətlərin ən müxtəlif etik
davranışlarını, insanlarla ünsiyyətini ustalıqla, bədii reallıqla canlandırır.
1984–cü ildə Hüseyn Cavidin " İblis "
faciəsində yaratdığı Arif roluna görə Ramiz Məlik Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Aktyorluq sənətində qazandığı
nailiyyətlərə görə Ramiz Ağarza oğlu Məlikov 1982-ci ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 1987-ci ildə isə xalq artisti adları alıb.
Prezident təqaüdçüsüdür.
Vaqif Ağayev