"Qulaqkəsmə”
əməliyyatı
Mircavad
Babayevin işlədiyi neft buruğuna Sabit Orucov baş çəkir. İşdən söhbət edirlər.
Sonda aralarında maraqlı bir dialoq baş verir.
SSRİ neft
nazirinin birinci müavini buruq ustasından soruşur:
- Haralisan?
- Bakılı!
- Bakının hansı kəndindən?
- Novxanıdan!
- Eşşək qulağı kəsənsən?
- Yox, eşşək adamın qulağını kəsən!
- Vur bura, bildim ki, həqiqətən novxanıdansan!
- nazir müavini ona əl uzadır.
Mircavad kişinin söhbəti məni maraqlandırdı. Qabaqlar da "qulaqkəsən
novxanılı” ifadəsini eşitmişdim. Maraqlandım ki, niyə novxanılılara
"qulaqkəsən” deyirlər.
Rəhmətlik Malikəjdər kişi, Hacı Gülhüseyn və digər kənd sakinləri
aşağıdakıları mənə nəql etdilər:
1890-cı illərin əvvəli idi. Kənddə, evindəcə adam öldürmişdürlər. Hadisə
baş verən evin qonşuluğunda yaşayan Abbas kişi istintaq aparanlara məlumat
verir ki, cinayət törədilən gecə öldürülənin evindən Hacı Rza Hacı Mirzə
oğlunun səsi gəlirdi. Məhkəmədə də ifadələrini təsdiqləyir və qulaqlarını
göstərərək bəyan edir ki, Haci Rzanın səsini bu qulaqları iıə eşıdib. Hacı
Rzaya on il katorqa cəzası kəsilir və o, Sibirə göndərilir.
Günlərin bir günü kəndlilər tarlada işləyirdilər. Kəndlinin biri uzaqdan
onlara tərəf gələn adamı Hacı Rzaya oxşadır (Burada iki versiya səsləndirilir:
bir qrup söyləyir ki, Hacı Rza vaqonun döşəməsini söküb qaçır, digərləri isə
deyirlər ki, Hacı cəza çəkdiyi katorqa rəisinin arvadı vasitəsilə məzuniyyətə buraxılır). Məhkəmədə üzünə duran
Abbas kişi deyir: " Hacı Rzanı elə basdırmamışam ki, bir də kəndinə qayıtsın!”.
Yaxınlaşan adam həqiqətən Hacı Rza idi. Abbas kişi qorxusundan yerindən tərpənə
bilmir. Hacı Rza cibindən bıcağı çixarıb ona böhtan atanın hər iki qulağını
kəsir.
Bu əhvalat bütün Bakı kəndlərinə yayılır. "Qulaqkəsən” ləqəbi bizim
həmkəndlilərimizə yapışır.
Vaqif Ağayev
Kafir cəzasını aldı
Xoş bahar səhəri idi. Məşədi Əliövsət ailəsinə məxsus
20-25 qoyunu sovxoz bağı yaxınlığındakı otlağa buraxaraq dərin xəyala dalmışdı.
Ona yaxınlaşan qarovulçu ucadan səsləndi:
- A kişi, qoyunları nə üçün bağa buraxıbsan?
- Bacıoğlu, bağ hara, qoyunlar hara?! Meynələrdən azı əlli-altmış metr
aralıyıq!-deyə mömün təəccübünü bildirdi.
- Dünən otarmısan! –deyə orta yaşlı kişi əl-qolunu ölçməyə başladı.
Əliövsət təmkinini pozmadı:
- Bacıoğlu, məgər mən uşağam ki, bağ otaram?! İndi qoyunu bağa buraxmaq hər
şeydən əvvəl günahdır.
Məşədi gördü ki, heyvərə əl çəkmir, başladı and-amana:
- Allaha and olsun ki, mən qoyunları bağa buraxmamışam!
Gəda sakitləşmək əvəzinə Allahı söydü. Buna mömün dözə bilməzdi.
Gecə-gündüz zikr etdiyi ulu varlığın ünvanına səsləndirilən iyrənc ifadə onu
təbdən çıxardı. Qarovulçuya elə bir sillə ilişdirdi ki, o, yerə sərildi. Kafir
qalxıb oğlunu köməyə səslədi. Nə yaxşı ki, sərnişin avtobusu buradan ötürdü.
Adamlar yerə düşüb dalaşanları aralaşdırdılar.
İmam Hüseyn aşiqi Əliövsət Əlimədət oğlu bir neçə ildən sonra digər
arzularına da qovuşdu. Kərbəlayi və Hacı titullarını qazandı. Ömrünün sonunadək
Novxanı və ətraf kəndlərin camaatına təmənnasız xidmət elədi. Dəfn mərasimləri
onsuz keçməzdi. Hacının azanı (bu gün də səslənməkdədir), Tilavəti insanları
ehtizaza gətirirdi. Bir sinif belə təhsili olmamasına baxmayaraq Qurani-Kərimi
əzbər bilirdi. Allaha ibadəti, islamın müqəddəs simalarına sonsuz məhəbbəti onu
mömünlərin ön sıralarına çıxarmışdı. Xeyirxahlıq, insanlara əltutmaq üçün göz
açmış bu şəxsiyyət sağlığında həyatda axirət dünyasını qazanmışdı.
Əliabbas Əlimədətoğlu
Kasıbı belə ev sahibi edərlər
Bir gün kənd camaatı kasıb və yetim bir oğlanı evləndirmək fikrinə düşür.
Toy başlanır. "Xozeynlər” toyda sini gəzdirəni çağırırlar, hərə 1 onluq (o
zaman böyük məbləq idi) qoyur siniyə. Bu dəmdə əynində çuxa, başında çoban
papağı, ayağında çarıq, əlində çomaq coratlı Ağagül bəy gəlir. Boynundan bir
torba çıxarıb 10 qızılı qoyur siniyə. Sini gəzdirən getmək istəyir, lakin
Ağagül bəy deyir: "Getmə, dayan. Mən toya 1000 toğlu, 200 təkə, 300 kərə
verirəm.” Sini gəzdirən yenə getmək istəyir, bəy səslənir: "Toy yiyəsinə 1 at,
1 çoban, 1 it də verirəm. Kasıbı belə ev sahibi edərlər.” "Xozeynlər”
maraqlanırlar: "Axı, bu kimdir, bizi biabır elədi!” Onları başa salırlar ki, bu, Ağagül bəydir!
Lalə Abuzərova
Yazda bunun qublasını ...
Əlizaman əslən şamaxılı olan məşhur "6 aylıq pəhləvan”la güləşməli olur.
Qarşılaşmamışdan qabaq "6 aylıq pəhləvan” cibindən nə isə çıxarıb Əlizamana
verir. Deyir ki, ye, bu, çox xeyirli şeydir, adama qüvvət verir.
Əlizaman soruşur ki, bu nədir belə.
Pəhləvan söyləyir ki, əncirdir.
Bu zaman Əlizaman ona deyir: "Ay qədeş, sən nə danışırsan, mən yazda bunun
qublasını, yayda varəncirini, payızda əncirini, qışa döndü, irçalını,
piskəndəsini, unnucasını, əncir doşabını, "eşşək qulağıını” yeyirəm, ta ki, o
biri yaz gələnə kimi. İndi görəcəksən ki, o ənciri yeyən nə gücdə olur.
Deyilənlərə görə o vaxta qədər "6 aylığın pəhləvan”ın kürəyini yerə vuran
olmayıb. Əlizaman ilk qalib olub.
Lalə Abuzərova
Mərhəmət hissi olanda
Altmış-yetmiş il öncə qış aylarında Novxanıda tez-tez
qar yağar, kasıbların vəziyyətini ağırlaşdırardı. Lakin o zaman adamlarda
mərhəmət hissi güclü olduğundan imkansızlar diqqətdən kənar qalmırdı.
Bir il qış çox sərt gəlmişdi. Neçə gün fasiləsiz yağan qar kənd evlərini
görünməz etmişdi. Cavan oğlan Baba Əlimədət oğlu
bir səhər həyətə çıxanda qonşuluqdakı evi görmədi. Bərk narahat oldu, qara
bata-bata irəliləyib həmin evin bacasının yanında dayandı. Onu dəhşət bürüdü.
Axı, burada tənha qoca yaşayırdı, Baba da vaxtaşırı onun üçün ərzaq gətirirdi.
Cavan əmioğlusu Əliməmmədi və bibisi oğlu Əzimi tez köməyə çağırdı. Qohumlar
Babanın belinə ip bağlayıb bacadan içəri saldılar. Otaq çöldən soyuq idi.
Yorğana bürünmüş qoca tir-tir əsir, dili söz tutmurdu. Dərhal odun gətirib
ocağı qaladılar, kişiyə çay, xörək, çörək verdilər. Cavanlar köməkləşib bir
neçə saatdan sonra qapının qarşısını təmizlədilər.
Kənddə yollar qardan açılanadək Baba hər gün bu evə baş çəkir, kimsəsiz
kişiyə yemək çatdırır, otağını isidirdi. Qoca daha bir neçə qışı da yola verdi.
Babanın adı onun dilindən-ağzından düşmürdü.
Əliyev Hacı Baba Əlimədət oğlu orta və ahil yaşlarından xeyixah olub. O bu
gün də Novxanının xeyirşər məclislərində fəal iştirak edir.
Zərbəli
Fərliləri göndərdilər fərlilərin yanına
Böyük Vətən müharibəsi başlanandan az sonra iş
qabliliyyətli insanların əksəriyyəti cəbhəyə getmişdi. İdarə və təşkilatlarda
işçi qüvvəsi çatışmırdı. Şəhər partiya komitəsi bir əli şikəst olan İsgəndəri
Binəqədi rayon hərbi komissarina köməkçi göndərmişdi.
Komissar Kərimovun qanı bərk qara idi. O, bir tərəfdə dayanıb boynunu əymiş
İsgəndərdən soruşur:
- Sən nə istəyirsən?
İsgəndər əlindəki göndərişi komissara uzadır. Kağızda yazılanları oxuyan
Kərimov kişinin əlinə baxıb səsini qaldırır:
- Bir fərli adam tapmadılar ki, mənə köməkçi göndərsinlər?!
İsgəndər şəstini pozmadan deyir:
- Fərliləri göndərdilər fərlilərin yanına, məni də sənin yanına!
Mirsəməd Cəfərli
"Oldun Mikayıl Abdullayev”...
Azərbaycan təsviri və tətbiqi sənətinin təbliğində və
inkişafında tanınmış sənətşünas Məmmədağa Tərlanovun da böyük xidmətləri
olmuşdur. Onu tanıyanlar indiyədək xatırlayırlar ki, Məmmədağa müəllim düz
danışan, sözü birbaşa, heç kəsdən çəkinmədən adamın üzünə deyərdi.
O, 1946-cı ildə Azərbaycan Rəssamlar
İttifaqının məsul katibi idi. Bir gün
Rəssamlar İttıfaqında təsviri sənət
ustalarının yaradıcılığına həsr olunmuş toplantı keçirilirdi. Gənc rəssamlardan
biri çıxış üçün icazə istəyib ayağa qalxdı. Narazılıqla:
- Əşi, belə şey olar? Kist yox, xolst yox, rəng yox! Belə necə işləyəsən?
Məmmədağa Tərlanov bir an da düşünmədən dərhal qayıdır:
- Bura bax e, kist də var, xolct da var, rəng də!
Oldun Mikayıl Abdullayev. Hə, nə olsun?!
Hacı Arif Teymurov
Silləni adama belə vurarlar
Bakının bazarlarının birində Əsəd bir kişi ilə
mübahisə edir, üstəlik haqsız olaraq bir sillə də yeyir. Böyüyə cavab verməmək
tərbiyəsini almış cavan kor-peşman evinə -
kəndə qayıdır.
Hadisədən 5-6 ay keçir. Həmin kişi isti yay günlərinin birində, ulağın üstündə
Novxanı bağlarında yol azır. Halı xarablaşır, üstəlik də mindiyi heyvan da
susuzluqdan yanır. Təsadüfən bu hadisə Əsədin bağ evinin yanında baş verir.
Əsəd, kişini tanıyır və oğlunu onun dalınca göndərir, qonaq edir. Qonağın
etirazlarına baxmayaraq süfrəyə yemək gəlir, çay içilir, qarpız kəsilir və s.
Ulağına da qulluq edilir. Bu boyda diqqətdən təəccüblənən qonaq Əsədə qayıdır:
- Ay kişi, mənə verdiyin xəcalətin əvəzindən necə çıxacağam?
Əsəd cavab verir:
- Bir neçə ay əvvəl, Bakının bazarında haqsız olaraq bir cavana sillə
vurmağın yadındadır? Həmin cavan mənəm. İndi get, silləni adama belə vurarlar.
Pərt olan kişi kor-peşman evinə - Bakıya qayıdır.
Mirsəməd Cəfərli
Möcüzə
Kəndin ağsaqqalı, el arasında böyük nufuz sahibi Hacı
Ağababa Hacıbaba oğlu Kiçikmirzəzadə 1926-cı ildə Novxanıda dünyaya gəlib. 55
il Binəqədinin neft mədənlərində işləyib. 1957-ci il mayın 27-ni özünün 2-ci
doğum günü kimi qəbul edir. Səbəbini belə izah edir:
Həmin günün gecəsi çox vahiməli yuxu görmüşdüm. Ölmüşəm, məni kəndin yuxarı
qəbirsanlığında dəfn edirlər. Ğəbirsanliqda olan sərdabanın damında bir nurani
kişinin dayandığını görürəm. Qəbirə qoyuldum, üstüm baqlanmadı, hamı çıxıb
gedti. Sakitçə qəbirdə uzanmışam. Birdən sərdabanım damından həmin nurani kişi
uca səslə mənim üstümə qışqırdı ki, dur burdan çıx get, bura sənin yerin deyil.
Cavab vermədim. Səsini qaldıraraq bir daha sözünü təkrarladı. Cavab verdim ki,
hara gedirəm, mən ölmüşəm axı. Üçüncü dəfə lap ucadan sözünü deyəndə qorxumdan
mən də qışqırdım və yuxudan oyandım. Qışqirığimla bütün ailəni yuxudan
oyadmışdım. Yuxuma elə də fikir vermədim, yuxudu da!
Səhər işə yollandım. O zaman neft buruqları böyük bir texniki konstruksiya
formasında olardı. Onların ətrafı dəmir, daş, zir-zibillə dolu olardı. Təmiz
yer tapmaq müşkül məsələ idi. Buruqun üst mərtəbəsində təmir işləri aparırdım.
Taldan (qaldırıcı kran) yapışdım ki, işlənmiş boruları ilişdirim ona. Tal məni
dartdı yaxarı. Bir on metr qalxandan sonra çarəsizlıkdən əllərimi açdım.
Oyandım yerdə. Təxminən 30-35 metrdən
xoşbəxtlikdən dəmir, daş olmayan yerə yıxılmışdım. Heç burnum da
qanamamışdır. Xəstəxanada bir həftə saxladılar, hərtərəfli yoxladılar,
saqlamlıqımda heç bir qusur tapmadılar. O vaxtdan ad günümü ildə iki dəfə qeyd
edirəm. Mənim atam da, anam da, bacı-qardaşlarım da dindar olublar. Uşaqlıqdan
namaz qılıb Böyük Yaradana ibadət etmışəm. Yuxuda gördüyümü də, başıma gələni
də Allahın möcüzəsi hesab edirəm.
Vaqif Ağayev
Həsən özünü
yetirməsəydi...
Qonşu kəndin qarovulçusu kolxoz naxırının baş
çobanını təhqir etdiyi üçün bərk
döyülmüşdü. Bundan xəbər tutan həmin kəndin rəhbər işçiləri atlara süvar olub
əllərində tüfəng üstümüzə hücum çəkdilər. Baş çoban Novxanıya getdiyindən onun
köməkçilərinə təpinib bizi mal-qara qarışıq öz kəndlərinə tərəf getməyə məcbur
etdilər. O vaxt altı-yeddi yaşım olardı. Bizi döyməsələr də söyüb
yamanlayırdılar. Ağlayıb tez-tez Novxanı tərəfə çevrilərək imdad diləyirdik.
Bir də gördük ki, ferma müdiri Həsən Məmmədi oğlu kəhər atın belində
yanımızdadır.
At "cəza dəstəsi” qarşısında şahə qalxdı. Həsən hər iki əlində tutduğu
mauzerləri qənimlərimizə tərəf tuşlayaraq hökm etdi: "Qaytarın mallarımı
geri!!!”
Bu dəfə sevincdən ağlayırdıq. Az sonra heyvanlarımız Novxanının
yaxınlığında idi. Şikayətçilər kənd Soveti binasının qarşısına toplaşmışdılar.
Baş çobanı tapıb gətirdilər. Sovet sədri, rəhmətlik Əlikövsər ona bir sillə
ilişdirdi, bərk danladı... Şikayətçilər sakitləşib barışdılar. Öyrəndilər ki,
əsas günahkar öz qarovulçuları imiş.
Bir neçə gündən sonra bəlli oldu ki, ferma müdiri həmin hadisə zamanı
binoklla otlaqdakı mal-qaraya baxırmış. Qonşu kəndin atlılarının hərəkətini
görüb məsələni anlamış və köhləninə süvar olmuşdu. Allah sənə rəhmət eləsin, ey
cəsur kişi! Sənintək igidləri mərd novxanılılar daim yad edəcək.
Əliabbas
Mədəniyyət evi uşaqlara qaytarıldı
2000-ci ildə 110 nəfər şagirdin məşğul olduğu
mədəniyyət sarayını sovxozun direktoru əmlak payı adı ilə sataraq uşaqları
məşğuliyyətdən təcrid etmişdi. Həmin vaxt məktəbdə valideynlər şurasının sədri
olan Eldar Novruzov bu haqsızlığın əleyhinə ilk olaraq öz etiraz səsini
qaldırdı, müvafiq instansiyalara müraciətlər etdi. Kəndin o vaxtki rəhbərləri
sarayı özəlləşdirən adamın yüksək vəzifəli məmur olduğunu bildirərək Eldar
Ağabala oğluna bu işə qarışmamağı məsləhət görürdülər. Lakin bu "məsləhət”
E.Novruzovu mübarizədən çəkindirmədi. Böyük əzab-əziyyətdən sonra sarayın
balacalara qaytarılmasına nail oldu. Uzun illər təmirsiz qalmış və bərbad hala
düşmüş mədəniyyət ocağı Eldar Ağabala oğlunun vəsaiti hesabına təmir olunaraq
yararlı vəziyyətə salındı. Yeri gəlmişkən, sarayı alan yüksək vəzifəli məmurla
E.Novruzovun görüşü baş tutdu. O, məsələnin əsl mahiyyətini bilmirdi. Görüşdə
bu mübarizəyə görə Eldar müəllimə hətta təşəkkürünü də bildirdi.
Vaqif Aqayev
Bizdə Hacı, çoxdu, bacı!
70-ci illərin əvvəllərində Hacı Hüseynov televiziyanın 3 redaksiyasına
rəhbərlik edirdi. Günlərin bir günü o öz iş otağında verılışlərin ssenarisini
nəzərdən keçirirdi. İşə o qədər aludə olmuşdu ki, qapını astaca aralayıb içəri
keçmək istəyən qadını görməmişdi. Birdən eynəyini çıxarıb başını yazı
üzərindən qaldıraraq:
- Kimi istəyirsiniz, xanım?
- Üzr istəyirəm, Hacını olar?
Hacı bir an duruxaraq bədahətən şeirlə:
- Nə Hacı?
- Hansı Hacı?
- Bizdə Hacı,
- Çoxdu, bacı!
Hacı Arif Bahadıroğlu