İsgəndərov Əhəd Firuz oğlu
Ey bu fani
dünyadan nakam köçən əzizim! Bu sətirləri ğöz yaşları içərisində yazıram!
Qınama məni, daim qürrələndiyin əmini qınama! Fələk ülvi arzumu ürəyimdə qoydu.
Sənin toyunda qol götürüb oynayacağımı vəd eləmişdim. Lakin vayında qollarımı
qucaqlayıb ağlamalı oldum.
Qınama oğul, qoy heç kəs qınamasın Ğülnaz
ananı, Firuz atanı, Səfiyyə nənəni, Fatma nənəni, Qönçə bibini, xalalarını,
dayılarını, bibin qızlarını, ürəyi qəşş eləyən digər qohum-qonşularını. Onlar
dözə bilmirlər bu dərdə! Qəlblərinin dərinliklərindən qopur fəryad! Axı, sən
hamının əziz-xələfi idin. Bu biçarələri ovundurmaqmı olar?! Qoy təsəlli
tapsınlar, döyüşçü balam, sərhədçi balam, sən Vətən naminə, öz yurddaşlarının,
qohum-qonşularının yaşaması naminə canını qurban vermisən qəhrəmancasına!
Ölümün gözünə dik baxmısan, mənim ninzam (karate ilə məşğul olduğu üçün onu
fərəhlə "ninza” deyə çağırırdım), əsgər yoldaşlarını da himayə eləmisən.
Əhədlə bir hissədə xidmət etmiş sərhədçi
Əlibalanın ata-anasının dediklərindən: od parçası ıdı Əhəd. Hərbi xidmətdə
olduğu on ay ərzində Əlibalanı da, başqa döyüşçiləri də o qoruyub, düşməndən
qorxmamağa çağırıb, həmişə təhlükəli yerlərə getməyə can atıb!
Gör bir
komandiri iki ay bundan qabaq atana nə deyib: "Əhəd özgə oğuldur, bütün
hissənin sevimlisidir. Sağ ol ki, belə istiqanlı və mərd övlad tərbiyə
eləmisən. Qorxu nə olduğunu bilmir. Soruşuram: Kim Veysəlliyə getmək istəyir?
Deyir: Mən! Böyük Bəhmənliyə kim getmək istəyir? Deyir: Mən! Horadizə kim
getmək istəyir? Yenə də hamıdan əvvəl deyir: Mən! Sərhəddə belə oğullar çox
lazımdır”.
29
oktyabr 1993-cü il. Qəlbimə çalın-çarpaz dağ çekən, qəddimi əyən məşum gün.
Mafəni Bakıda doğulub boya-başa çatdığın Mirzə Fətəli küçəsindəki 165 nömrəli
binanın qapısı ağzına qoymuşduq. Küçədən keçən orta yaşlı qadın (görünür qonşu
idi) kədərlə soruşdu: "Ölən kimdir?” Əhəd! – deyib dodağlarımı gəmirdim. Qadın
"ox, ox!” deyib hönkürdü. Səni qonşular da çox istəyirmiş! Təkçə qonşularmı?!
Oktyabrın
30-da Novxanıda keçirilən dəfn mərasimində iştirak edən minlərlə adamın
gözlərindən yaş axırdı. Şəhərdən gələn qonşularının da, atanın işlədiyi Keşlə
maşınqayırma zavodu əməkçilərinin də (yeniyetmə çağlarında bir neçə dəfə həmin
zavoda atanın yanına getməklə maşınqayıranların da məhəbbətini qazanmışdın),
əksəriyyəti qohum-qardaşın olan kənd sakinlərinin də! Ədəb-ərkanına,
böyük-kiçik yeri gözlədiyinə, həm də Azərbaycan uğrunda şəhid olduğuna,
əzab-əziyyətlərə məruz qaldığına görə!
Bu gün
Gülnaz ananın fəryadını başa düşmək çətin deyil. Gözünün ağı-qarası, yegənə
ciyərparası cismən artıq yoxdur. Lakin ürəyi tez-tez qəşş eləyən ana da özündə
təsəlli tapmalıdır. Comərd anası başını uca tutmalıdır. Cəsur övladı təkçə
sonuncu şücaəti ilə özünü əbədiyyətə qovuşdurub. Oktyabrın axırlarında
genişmiqyaslı hucuma keçən düşman sərhəd postlarını dağıdıb döyüşçilərimızı
pərən-pərən salmışdı. Lakin sərhədçilər yalnız öz canlarının hayında
deyildilər. Onlar Arazı keçməkdə qaçkınlara kömək edərək İran torpağına qədəm
basdılar. Az sonra aranın sərxaş olduğunu hesab edən Əhədgil bu taya keçir, yenidən
atəş altına düşürlər. Bir neçə sərhədçi sözü bir yerə qoyub oradan qaçmağı
təklif edir. Əhəd və bir dostu isə deyirlər: biz burada qalıb axıradək düşmənlə
vuruşacağıq. Onlar ikilikdə "ada”ya silah gətirməyə yollandılar.
Bizi
ağlar qoyub gedən xələfimiz, müsibət nə qədər yandırsa da hünərinlə təsəlli
tapırıq. Sərhəd qoşunlarının Füzuli bölgəsindəki hissəsinə getdiyin gündən az
sonra orada vəziyyət son dərəcə gərginləşmişdi. Erməni banditlər həftələrlə,
həftələrlə, aylarla bu bölgəni dəhşət, səksəkə içərisində saxlayıblar,
saysız-hesabsız basqın ediblər. Ərazilərimizi yaxıb-yandırıb, yurddaşlarımızı
qətlə yetiriblər. Düşmənin neçə-neçə hucumunu dəf edibsiniz, neçə dəfə qrad
mərmiləri torpağın altını üstünə çevirib, döyüşçilərimizin qanını qaltan eləyib.
Sən isə həmin zonadan geri dönmək istəməmisən. Halbuka buna sənin hüquqi haqqın
vardı. Ailədə yeganə övlad olduğun üçün qanuna əsəsən döyüş bölgəsinə getməli
deyildin. Lakin müsibətlərə düçar olmuş Azərbaycanımızı çoxlarından artıq
istədiyin üçün cəbhədə qalmağı üstün tutdun. Mən getmədim, o getmədi, bəs,
Vətəni kim qorumalıdır?! Deyib tankın, BTR-in üstünə yeridin. Öz cəsur
sələflərinə çəkib kafir gülləsindən qorxmadın.
Lakin
düşman məkrlidir, düşman qəddardır. O müsəlman qanını susayıb. Səni də başından
nişan alaraq yaşamaq eşqilə alışıb yanan qəlbini susdurdu. Gözləri kor olsun
qatilin, tətik çəkən barmaqları iflic olsun onun! Aldı əlimizdən balamızı,
kəsdi Əhədimizi. Təkçə bizimmi?! Bu gün bütün Azərbaycan torpağı qan ağlayır,
minlərlə balamız şəhid olub, xalqımız matəm içərisindədir. Lənətə gələsən,
müharibə! Lənətə gəlsin səni başlayanlar da, qızışdıranlar da, dayandırmaq
istəməyənlər də! Nə vaxtadək xalqımıza ölüm-müsibət saçacaqsan, ey iblis?!
Pərvərdigəra,
ey ulu Tanrı, dərgahına əl qaldırıram, eşit səsimi, dinlə qəlbi paralanan
anaların ah-naləsini, yetim qalan körpələrin fəryadını, müsibətlərə dözə
bilməyən ataların iniltisini! Ümidimiz yegənə sənsən – sən! Son qoy bu qırğına,
genofondumuzun məhvinə fərman verənlərin burunlarını ov, öz yurd-yuvalarından
didərgin düşüb çöllərə səpələnən azərbaycanlılara rəhmin gəlsin!
Novxanı kəndinin məzarıstandakı Şəhidlər Xiyabanında
19 yaşlı bir igid uyuyur: Əhəd Firuz oğlu İsgəndərov! Qoy hamı bilsin ki,
Abşeron torpağında boya-başa çatan sərhədçi Vətənimizin Füzuli-Cəbrayıl
bölgələrində erməni faşistlərlə çarpışmalarda şəhid olub.
Əhəd,
əzizim, səni ömrümüz boyu unudmayacağıq. Həm də təkçə qohum-əqrəbən, qonşuların
yox, bütün novxanılılar, başqa bölgələrdən olan tanışların, dostların,
bütövlükdə Azərbaycan! Axı, onun naminə cavan canını fəda eləmisən. Arxayın
yat, and içirik ki, sənin əməllərinə layiq işlər görəcək, səni mənən
yaşadacağıq!
Əliabbas Əlimədəoğlu
Noyabr 1993