SALAYEV MƏMMƏDSƏID ƏBDÜLRƏHIM OĞLU
Nəvəsi Məmmədsəidin toy məclisində yaxın qohumu olan
ağsaqqal onun hünəri haqqında şövqlə danışdı: "Qubadan – Şamaxıdan Lənkərana –
Lerikədək Məmmədsəid kişini mərd, hünərvər bir novxanılı kimi tanıyırdılar.
Kolxozun qoyun sürüsü yaylaqda idi.
Günorta üstü tanımadığı 5-6 cavan kişi ona yaxınlaşaraq amiranəliklə
səslənirlər: "Bu örüş bizimdir, yığışdır, apar sürünü! Yoxsa bu dünyaya
gəlməyinə peşman olarsan!”
Bu sözlər Məmmədsəidi cin atına mindirsə
də, əsəblərini cilovlayıb onlara bildirir: "Qardaşlar, artıq-əskik danışıq nəyə
lazım, bu yerləri bizim kolxoz üçün
ayırıblar. Örüşünüz sizə azlıq edirsə, bizə qonaq ola bilərsiniz”.
Höcət kişilər elə düşünürlər ki,
Məmmədsəid onlardan qorxur. Odur ki, məqsədlərinə çatmaq üçün ona hücum
edirlər. Cəsur novxanılı toppuzlu çomağını işə salır, bir göz qırpımında
bədxahların üçünü şil-küt edir. O biriləri qaçıb aradan çıxırlar.
Eşitdiyimə görə, sonrakı
uzun illər ərzində həmin əraziyə heç bir dələduz yaxınlaşa bilmir.
Məmmədsəidin adı eşidiləndə özündən müştəbehlər təlaş keçirirlərmiş.
1891-ci ildə Bakının Novxanı kəndində
Əbdülrəhim kişinin ailəsində doğulan Məmmədsəid böyüyüb boya-başa çatdıqca
şöhrətlənir, Novxanını yaşadanlardan birinə çevrilirdi. Ömrü boyu doğma
kəndində yaşayan bu hünərvər kişi XX əsrdə Novxanını yaşadan bir neçə
novxanılılardan biri idi.
Kolxozun qoyunçuluq fermasının müdiri
olub. Təsərrüfatın inkişaf etdirilməsi üçün çox iş görüb.
Onunla yaxından təmasda olmasam da
(atamın xalası oğlu idi), qohumluğumuzdan şərəf duyurdum. Məmmədsəid kişi
nüfuzlu şəxsiyyət kimi tanınanda mən hələ yeniyetmə idim. Və o vaxtlar ağsaqqal məclislərində uşaq və yeniyetmələrin
iştirakı qəbahət sayılırdı. Odur ki, böyük xalaoğlunun xeyirxahlığı, ürəkaçan
əməlləri haqqında qardaşlarımdan öyrənirdim.
Düşmənçilik edən tərəflərin
barışdırılmasında Məmmədsəid kişi xüsusulə fərqlənib. MTS-də işləyən Əlikişi
Qulaməli oğlu traktoru ilə ehtiyatsızlıq edərək bir uşağı vurub tələf etmişdi.
Qan düşmənçiliyi yarana bilərdi. Bundan xəbər tutan Məmmədsəid ağsaqqal dərhal
Maştağaya, uşağın atasının yanına gedir, üzrxahlıq edir. Onu hörmətlə
qarşılayan maştağalılar razılıq edərək deyirlər: "Zəhmət çəkib gəlibsiniz,
xəbər göndərsəydiniz bəs edərdi”.
Belə hallar dəfələrlə olub. Məmmədsəid
kişi Qubaya, Qusara, Dəvəçiyə, Siyəzənə və başqa yerlərə ağsaqqal kimi gedərək
təhlükəni sovuşdurub.
Kənd toyları onun məsləhəti və iştirakı
ilə keçib. Bir çox cavanın elçiliyinə gedib, yetim qızları ərə verib,
əlsiz-ayaqsıza əl tutub.
1963-cü ildə eşitdim ki, bərk xəstədir. Rəhmətlik qardaşım Əlikövsərlə birlikdə ona baş çəkməyə getdik. Hiss olunurdu ki, ömrünün axırına lap az qalıb. Lakin o, ağsaqqallıq təravətini saxlamışdı. Canı bərk ağrısa da, xala nəvələrini gülərüzlə qarşıladı, cavanlıq çağlarındakı bəzi əhvalatlardan danışdı, mənim sənətimlə fəxr etdiyini söylədi və vəsiyyəti belə oldu: "Atanız kimi mərd olun, kimsəsizlərə əl tutun. Müdriklər belə deyiblər: "Balığı tutdun, at dəryaya, balıq bilməsə də, Xaliq bilər”.
Əliabbas Əlimədətoğlu, əməkdar jurnalist