Hacıyev
Altay Əmir oğlu
Gecə... Səmada sayrışan saysız-hesabsız ulduzlar "göz qırpır”. Ətraf
sükuta qərq olub. Səhra yolunda gənc qadının yalqız fiquru seçilir. O, bəlkə də
bu xəlvət yerdən bir qədər vahimələnir. Amma buna baxmayaraq, tibb çantasını
möhkəmcə sinəsinə sıxıb uzaqdan güclə sezilən kəndin işığına doğru inadla irəliləyir...
Bu rəsm Azərbaycan yazıçısı
Vidadi Şıxlının (Babanlının) "Gəlin” povesti kitabının üz səhifəsini bəzəyir. Rəsmin
müəllifi vaxtilə Kiyev Dövlət Rəssamlıq İnstitutunun tələbəsi olmuş Altay
Hacıyevdir. Bu kitab 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı
günlərində sərgidə uğurla nümayiş etdirilib. Kitab ilk baxışdan sənətsevərlərin
marağına səbəb olub, müəllifin yaradıcılıq nailiyyəti kimi dəyərləndirilib.
Xalq rəssamı Altay Hacıyev
1931-ci ildə Bakıda rəssamlar ailəsində dünyaya göz açıb. Atası Əmir Hacıyev,
dayısı Arif Ağamalov, xalası Bədurə Əfqanlı da rəssam olublar. İndi onların sənət
yolunu övladları davam etdirirlər.
O, 1951-ci ildə Əzim Əzimzadə
adına Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. Həmin il kitabların bədii
tərtibatı üzrə Respublika nəşriyyatında çalışıb. Səkkiz il sonra ali təhsilini
Kiyev Dövlət Rəssamlıq institutunda başa çatdırıb. Yeddi il Azərbaycan SSR Nazirlər
Soveti Mətbuat Komitəsinin baş rəssamı
olub. 1968-ci ildə səmərəli yaradıcılıq fəaliyyətinə görə Azərbaycan SSR Ali
Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub.
Altay Hacıyev qrafika, rəngkarlıqla yanaşı, monumental bədii tərtibat sahəsində də tanınmış rəssamlarımızdandır. "Doğma Azərbaycan” adlı divar rəsmləri, mis üzərində döymə lövhələr, nəfis Azərbaycan miniatürləri... Təsviri, tətbiqi və monumental sənətin sintezi olan bu əsərlər Sabunçu rayonundakı "Rövşən” restoranına təşrif buyuranlarda xoş ovqat yaradır. Təsadüfi deyil ki, bədii məziyyətlərinə görə başqa Azərbaycan rəssamlarının əsərləri ilə yanaşı, Altay Hacıyevin də bu yaradıcılıq işinin
rəngli reproduksiyası
"Monumentalnoye İskusstvo SSSR”
kitabında nəşr edilib.
"Sərginin eksponatları
arasında qrafika sənətinin maraqlı nümunələri də az deyil. Bu baxımdan Azərbaycan
rəssamı Altay Hacıyevin "Doğma Bakı” adlı silsiləsini də misal göstərmək olar.
Müəllif qrafika sənətinin texniki icra üsullarından düzgün yararlanaraq gözəl,
rəngli linoqravürlər yaratmağa nail olub.” Bu sözlər "Müasirliyin ritmi” adlı
ümumittifaq sərgisi haqqında sənətşünas Mariya Klimovanın 1962-ci ildə
"Sovetckaya kultura” qəzetindəki məqaləsindən
sətirlərdir.
Suraxanıdakı "Atəşgah”
restoranının, Bilgəhdəki kardioloji sanatoriyanın, Bakıda "Neftçi” futbol
komandası binasının monumental bədii tərtibat işləri də Altay Hacıyevin
yaradıcılıq zəhmətinin bəhrəsidir.
İndi Bakıda Rusiyanın "Lukoyl” neft şirkəti inzibati binasının
daxilini Azərbaycan neftinin tarixinə həsr olunmuş rəngli şüşələrdən
hazırlanmış 6 vitraj bəzəyir. Açılış mərasimində Azərbaycan Respublikasının
prezidenti, ümummilli lider Heydər Əliyev bədii tərtibat işlərini yüksək qiymətləndirib
və əsərin müəllifi Altay Hacıyevi səmimi
təbrik edib. "Lukoyl” neft şirkətinin Moskvadakı mərkəzi ofisinin konfrans
zalına da Azərbay-can rəssamının yağlı boya ilə çəkdiyi 3 əsəri – "Sibir Kaqalım”, "Xəzərdə "Luk-oyl”un birinci
qurğusu”, "Lukoylun neftayırma zavo-du” tabloları yaraşıq verir.
Üzəri milli, əlvan, həndəsi nəfis
naxışlarla süslənmiş mis kasa, satıl, gülabdanlar, durnaboğaz sürahilər...
Xalqımızın maddi mədəniyyət yadigarları... 80-ci illərin əvvəllərində Azərbaycan,
Gürcüstan və Ermənistan rəssamlarının Moskvada açılmış birgə sərgisində Altay
Hacıyevin "Azərbaycanın məişət əsyaları” adlı linoqravürlərini paytaxt, eləcə də
əcnəbi sənətsevərləri yüksək qiymətləndiriblər. Dünya qrafika sənətinin
tanınmış bilicisi, alman professoru Lüdviq Lext Azərbaycan rəssamının əsərlərindən
valeh olduğunu, Şərqdə qrafika sənətinin formalaşma özəlliklərinin böyük maraq
doğurduğunu bildirib və onun üc əsərini alıb. Sonra deyib ki, bu linoqravürlər
mənim şəxsi kolleksiyamı daha da zənginləşdirəcək. Elə həmin gün rəssamın bu
silsilədən iki linoqravürü Moskvada Tretyakov qalereyasının daimi ekspozisiyasına daxil edilib.
Xalq rəssamı Altay Hacıyev
1991-2002-ci illərdə bir-birinin ardınca böyük yaradıcılıq uğurlarının sənət sevinclərini yaşayıb.
Respublikada 3 dəfə fərdi sərgisinin açılışı ona fəxri adlar, şöhrət gətirib.
Azərbaycanımızın dilbər güşəsi,
şeir, sənət yurdu Qarabağ Altay Hacıyevin yaradıcılığında xüsusi yer tutur.
19-cu yüzillikdə Azərbaycanda, həmçinin Qarabağda çiçəklənən intibah, tarixi
hadisələr göz önündə əyaniləşirdi. O zamankı ədəbi-ictimai mühit boyaların dili
ilə sanki "nəql olunur”. Rəssam Xurşidbanu Natəvan obrazına dəfələrlə üz tutsa
da, özünü əsla təkrarlamır. Hər dəfə incəlik rəmzi bu xanımın zəngin daxili aləmini
yeni rəng çalarları ilə açıqlamağa çalışır. Portretlərindən biri... Qarabağın
yaz mənzərəsinin, gur şəlalələrin, bahar çiçəklərindən əlvan don geymiş
ağacların, ürkək ceyranların görüntüləri fonunda Natəvanın obrazı kövrək, həssas
duyğularından, şairanə dünyasından,
könül çırpıntılarından xəbər verir.
Ulu keçmişimiz, xalqımızın şanlı qəhrəmanlıq səhifələri, müxtəlif tarixi dövrlərin unudulmaz şəxsiyyətləri Altay Hacıyevin çox sevdiyi mövzulardır. Doğma Azərbaycana
sonsuz məhəbbət,
milli kolorit,xalqımızın mənəvi ruhu rəssamın
bütün əsərlərinə hopub.
"Xalqımızın ulduzları” adlı fərdi
sərgisi sənətdə peşəkar kamillik dövrünə qədəm qoymuş rəssamın yaradıcılıq
üfüqlərinin vüsətini, əhatə dairəsini aşkara çıxarır.
Ülvi, saf məhəbbəti tərənnüm
edən söz mülkünün sultanı Məhəmməd Füzuli... Rəssamın dahi şairin anadan
olmasının 500 illiyinə həsr olunmuş, yağlı boya ilə çəkdiyi 3 lövhəsi "Bakılı” beynəlxalq cəmiyyətinin "Humay”
mükafatı ilə qiymətləndirilib. Xalq yazıçısı Qılman İlkinin "Azərbaycan
nağılları”nın motivləri əsasında yazdığı "Şah və qarışqa” hekayəsinin ən yaxşı
bədii tərtibatına görə rəssam SOROS mükafatına layiq görülüb.
Altay Hacıyevin əsərləri Azərbaycanın,
keçmiş Sovetlər İttifaqının muzeylərində nümayiş etdirilir, eləcə də bir sıra
xarici ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.
Ömrünün müdrik çağını yaşayan
sənətkar uzun illər idi ki, tarixi qəhrəmanlıq mövzusunda bir əsər yaratmaq
arzusunda idi. Neçə vaxtdır ki, işə başlayıb. 20 ildən çox rus imperiyasına
qarşı kiçik bir dəstə ilə mübarizə aparan Dağıstan xalqının böyük oğlu Şeyx
Şamil hərəkatına həsr olunan iri həcmli, süjetli, çoxfiqurlu tablo üzərində
çalışır. Rəssam emalatxanada yağlı boyalarla işlədiyi yeni əsərini göstərərək:
-Şeyx Şamil, həmçinin onun
yaşadığı dövr haqqında çoxlu ədəbiyyat oxumuşam, xeyli tarixi material
toplamışam. Ümid edirəm ki, axtarışlarım, çəkdiyim zəhmət nə vaxtsa bəhrə verəcək.
Təki sağlıq olsun!
Hacı Arif Bahadıroğlu,"Qızıl qələm”mükafatı laureatı