Səfərov Səfər Mirzəbala oğlu
Səfər Səfərov 1908-ci il iyulun
31-də Novxanıda dünyaya gəlib.Orta məktəbi bitirdikdən sonra kənd təsərrüfatına
meyli olan Səfər, atasının sədrlik etdiyi Novxanı kolxozunda fəhlə işləyib.
Kommunist Partiyasının üzvü olan Səfəri
Ali Partiya Məktəbinə oxumağa göndərirlər.
Böyük Vətən müharibəsi illərində
Sovet-İran sərhədində 402-ci atıcı diviziyasının 839-cu polkunun siyasi rəhbəri
olub.
Müharibədən sonra yenidən təsərrüfat işlərinə
qayıdıb və 1946-cı ildə Maştağada yerləşən Maşın-traktor stansiyasına (MTS)
direktor vəzifəsinə təyin olunub. Orada çalışdığı dövrdə Novxanı üçün çox iş
görüb. Bir müddətdən sonra Mərdəkan qəsəbəsində yerləşən yaşıllaşdırma idarəsinin
direktoru olub.
1957-ci ildə Samur-Abşeron
kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayi və Digah kəndlərinin
sahələrində Abşeron Üzümçülük sovxozunun yaradılmasına qərar verilir və S. Səfərova
oraya rəhbərlik etmək tapşırılır. Direktorun təşəbbüsi ilə sovxoz üçün yeni qəsəbənin
salınması qərara alınır və tezliklə ilk binalar tikilir. S.Səfərovun səyi nəticəsində
qəsəbə əfsanəvi partizan, Sovet İttifaqı qəhramanı, novxanılı Mehdi Hüseynzadənin
şərəfinə Mehdiabad adlandırılır. 14 il direktor işlədiyi müddətdə sovxozda üzüm
istehsalı 6000 tona çatdırıllıb, şərab zavodu istehsala buraxılıb, 300 ailə üçün evlər tikilərək fəhlə bə
qulluqçulara paylanıb. Moskvada, Kənd Təsərrüfatı Nailiyyətləri sərgisində
Abşeron sovxozunun uğurları dəfələrlə nümayiş etdirilib. Sovxoz bir neçə dəfə
SSRİ-nin və Azərbaycan SSR–in keçici qırmızı bayrağlarını alıb.
O, dəfələrlə Abşeron Rayon Partiya Komitəsinin büro üzvü, bir neçə
dəfə Bakı şəhər və Abşeron rayon sovetlərinin deputatı seçilib. 1971–ci təqaüdə
çıxıb. Bir müddət Bilgəh sanatoriyasında direktor müavini, Mərdəkanda yerləşən 12 saylı Birləşmiş
uşaq xəstəxanasında baş həkimin təsərrüfat
işləri üzrə müavini olub.
Məşhur həmyerlimiz 1936-cı ildə Münəvvər
Rüstəm qızı ilə ailə qurub və onların 9 övladı
olmuşdur. Fədakar təssərüfat başçısı, qayğıkeş ata, mehriban insan,
sadiq dost Səfər Səfərov, 1991-ci ildə
dünyasını dəyişib, məzarı Novxanıdakı ailə qəbristanlığındadır.
Əliabbas Əlimədətoğlu