Sadıqzadə Oqtay
Seyid Hüseyn oğlu
O, məşhur ədəbiyyatçıların – yazıçı Seyid Hüseynin və şairə
Ümmügülsüm xanımın ailəsində, poetik bir aləmdə böyüdüyündən, təbiidir ki, incəsənətdə
öz yolunu əbədi obrazlar vasitəsilə tapmaq istəyirdi.
Oqtayın atası görkəmli yazıçı
Seyid Hüseyn yeni sosial şəraitə uyğunlaşıb ədəbi yaradıcılığa meyl edir, o
dövrün bütün ictimai hadisələrinə maraq göstərir, tez-tez qəzet və jurnal səhifələrində
çıxış edirdi. Həmçinin Məhəmmədəmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm də
poeziyaya və milli azadlıq ideyalarına qızğın maraq göstərirdi. Oqtay, Cığatay,
Toğrul və balaca Qumral ailənin çoxsaylı dostları – Hüseyn Cavid, Mikayıl
Müşfiq, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Süleyman Rüstəm, Cəfər
Cabbarlı kimi yeni Azərbaycan ədəbiyyatını yaradanların poetik mübahisələri
mühitində böyüyüb tərbiyə alırlar.
Rəssam olmağı Oqtay uşaq illərindən
arzulayırdı. O, rəssamlığa maraq göstərməklə bərabər, evlərindəki ədəbi mühitdən
kənarda qalmamaq üçün şeir yazmağı da xoşlayırdı. Füzuliyə, Natəvana aşiq olan
gözəl və incə şairə Ümmügülsüm xanım oğlunu şeir yazmağa həvəsləndirir, onu
poeziya aləminə bağlamağa səy edirdi. Ana lap kiçik yaşlarından onun üçün
özünün və başqalarının şeirlərini oxuyardı. Nəhayət o, atasının da razılığına səbəb
olan rəssamlığı seçdi və 1935-ci ildə rəssamlıq texnikumuna daxil oldu.
Oqtay o vaxtkı müəllimlərindən
rəssam Piralovu minnətdarlıqla xatırlayır. Ensiklopedik savada malik olan bu
istedadlı rəngkar eyni zamanda musiqiçi və riyaziyyatçı idi, Fransada və
İtaliyada təhsil almışdı, çox ziyalı adam idi. O, bildiklərini böyük məmnuniyyətlə
tələbələrinə də öyrədirdi.
Oqtay Sadıqzadə dünya
klassiklərinin, Qərbi Avropa, Rusiya, eyni zamanda, Azərbaycan yazıçılarının,
eləcə də, atası Seyid Hüseynin əsərlərini oxuyurdu. Seyid Hüseynin hekayələri ancaq atasını çox sevdiyinə görə
yox, dilinin sadəliyinə, mövzunun inandırıcılığına, yığcamlığına görə xoşuna gəlirdi.
Çox mümkündür ki, o, sürgünü xatırladan əsgərlik həyatında baş verən əzablara,
dəhşətlərə məhz bu kitablar sayəsində dözə bilmişdi.
Ata və anasını 1937-ci ildə
"xalq düşməni” kimi həbs etmişdilər. Oqtay bir də onlarla görüşə bilmədi.
Uşaqları Seyid Hüseynin bacısı qızı 21 yaşlı Səyyarə öz öhdəsinə götürüb, həyatını
4 yetim cocuğa həsr etdi. Oqtay birdən-birə ailə başçısını əvəz etməli oldu. O,
çörək pulu qazanmalı, təhsilini davam etdirməli idi. 1939-cu ildə rəssamlıq məktəbini
bitirdi. Arzu edirdi ki, dostları ilə bir yerdə Moskvada təhsilini davam
etdirsin, lakin üzərinə düşən məsuliyyət və maddi çətinliyə görə bu ona müyəssər
olmadı.
O, respublika sərgilərində
iştirak edir, əsərləri sərgi komitəsi tərəfindən yüksək qiymətləndirilirdi.
1940-cı ildə Moskvadan gələn komissiya Tretyakov qalereyasında açılacaq
ümumittifaq sərgisi üçün 2 əsər çesmişdi, onlardan biri 19 yaşlı Oqtay Sadıqzadənin
"Çağırışçılar” tablosu idi.
1941-ci ilin yanvar ayında
Oqtay Moskvada oxuyan dostu Mikayıl Abdullayevdən belə bir məktub alır: "Hörmətli
qardaşım Oqtay, salam! Yeni il münasibətilə səni səmimi qəlbdən təbrik edir,
can sağlığı, şən həyat və parlaq gələcək arzulayıram. Oqtay, Tretyakovkada "Sovet rəngkarlığı 23 ildə” sərgisi açılıb. Sənin
"Çağırışçılar” əsərin ilə Sadıq Şərifzadənin "Kəndli” etüdü asılmışdı. Əsərini
görəndə çox sevindim. Bizim gənclər arasında belə bir istedada malik olduğun
üçün səni yenidən təbrik edirəm. Asan deyil, o sərgidə P.Konçalovski, İohanson,
S.Gerasimov kimi korifeylərin işləri asılıb. Əlbəttə, bu, böyük müvəffəqiyyətdir”.
Oqtay Sadıqzadənin bu uğurdan
sevinməsi çox çəkmədi. 1941-ci ildə "xalq düşməni”nin oğlu kimi onu Altay
diyarına sürgün etdilər. O vaxt 20 yaşı var idi. Bu ölüm-dirim illəri onun üçün
böyük həyat məktəbi oldu. Bakıya 1946-cı ildə qayıda biləcəkdi. Atasının
taleyindən hələ də heç bir xəbər yoxdu. Anasının isə Mordva vilayətinin soyuq
iqlimində 7 il ağır həbs cəzası nəticəsində 40 yaşında ikən əlil olub Bakıya
qayıtdığını və 4 ay sonra evindən, uşaqlarından uzaqda – Şamaxıda qəflətən vəfat
etdiyi xəbərini eşitdi. 1947-ci ildə ailənin daha 2 üzvü – onlara analıq etmiş
bibisi və kiçik qardaşı Cığatay da vəfat etdi.
Həmin vaxtdan Oqtay Sadıqzadə
hər şeydə - həyatda, insanlarda, rəngkarlıqda, musiqidə, kinoda sevinc hissini,
şadlığı və harmoniyanı qiymətləndirməyə başladı. Həyatında bollu qəm-qüssə, kədər
olduğundan indi gülümsəyən, xoşxasiyyət adamlardan xoşu gəlməyə başladı. Axı əvvəllər
pislik, qəzəb, laqeydlik görmüşdü.
1955-ci ildə Oqtay Sadıqzadəni
"Azərnəşr”ə baş bədii redaktor vəzifəsinə dəvət edirlər. O, nəşriyyatda işlədiyi
illərdə poliqrafiya mədəniyyətini yüksək səviyyəyə qaldırmağa çalışır, özü də
kitablara illüstrasiyalar çəkməyə başlayır. Bu illərdə Azərbaycan oxucuları
onun Balzakın "Qorio ata”, V.Hüqonun "Səfillər”, Turgenevin "Atalar və
oğullar”, M.Qorkinin "Artamonovların işi” əsərlərinə çəkilmiş qəhrəmanların
yaddaqalan gözəl obrazları ilə tanış oldular.
Oqtay Sadıqzadə Hüseyn
Cavidin bütün pyeslərinə, Cəlil Məmmədquluzadənin, Seyid Hüseynin, Cəfər Cabbarlının bir çox əsərlərinə,
Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib”, həmçinin Rəşad Nuri Güntəkinin "Çalı
quşu” romanına illüstrasiyalar çəkib.
1956-cı ildə Surikov adına
Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirmiş bacarıqlı, ətrafına
xoş enerji yayan, üzügülər Elmira Şahtaxtinskaya nəşriyyatda çalışmağa
başlayanda iş daha da maraqlı oldu. Get-gedə gözəl, hazırcavab, gülməyi sevən
bu qadından şölələnən işıq Oqtay Sadıqzadəyə nəinki iş saatlarında, hətta günün
qalan hissəsində də sevinc gətirməyə başladı. Tezliklə hər ikisində daimi
ünsiyyətdə olmaq arzusu yarandı, çünki onlar bir-birini son dərəcə
tamamlayırdılar. Elmira Şahtaxtinskaya plakat və mənzərə janrında yaradıcılıq çərçivəsini
genişləndirərək Azərbaycan mədəniyyətinin əhatəli təsviri ensiklopediyasını
yaratmaq fikrinə düşür. Oqtay Sadıqzadə isə yazıçı və şairlərin obrazlarını
yaratmaqda və qrafika sahəsində püxtələşir. Bir müddət sonra hər ikisi nəşriyyatdan
çıxıb azad yaradıcılığa başlayır.
1950-ci illərdən sonra Oqtay
Sadıqzadənin xəyalını Xəqaninin, Qətran Təbrizinin, Natəvan və Heyran xanımın,
Nəsiminin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin poeziyası, müğənnilərin, bəstəkarların,
pambıqçı qızların obrazları məşğul edir. Nəticədə muzeylərimizi bəzəyən gözəl əsərlər
yaranır.
Fırça ustasının qrafika və rəngkarlıq əsərləri hazırda Rüstəm
Mustafayev adına Azərbaycan Dövlət İncəsənət, Nizami adına Ədəbiyyat, Dövlət
Tarix, C.Cabbarlı adına teatr, eləcə də Üzeyir Hacıbəyovun, Səməd Vurğunun,
Bülbülün, Hüseyn Cavidin ev muzeylərində, həmçinin Dövlət Şəkil Qalereyasında və
Almaniya, ABŞ, Kanada, İsrail, Belorus və Pakistanda şəxsi kolleksiyalarda
saxlanılır.
Portret janrı barədə Van
Qoqun aşağıdakı sözlərini Azərbaycan rəssamı Oqtay Sadıqzadəyə də aid etmək
olar: "Mən portret üzərində işləyərkən özümə inanıram, bilirəm ki, bu, məndə
olan ən yaxşı cəhətləri inkişaf etdirən çox ciddi bir işdir”.
1980-1990-cı illərdə Oqtay
Sadıqzadə koloritinə, kompozisiyasına, obraza münasibətinə görə müxtəlif növ
portretlər yaradıb. Bu dövrdə Oqtay Sadıqzadənin portretlərində özünəməxsus
emosional həssaslıq və rasional aydınlıq gözə çarpır. Poetik xüsusiyyətə malik
olan bu rəssam Renuarın aşağıdakı sözlərini təkrar edə bilər: "Əsər mənim üçün
həmişə xoşagələn, fərəhli və gözəl olmalıdır”.
Son 15 ilin yaradıcılığı
Oqtay Sadıqzadənin sənətində keyfiyyətcə yeni bir mərhələdir. O, ancaq rəngkarlıqla
məşğul olur. Yaratdığı obrazlar daha fəlsəfi, canlı və zəngindir. Onun
fırçasından çıxmış Azərbaycanın elm və mədəniyyət xadimlərinin portretləri romantizminə
və səmimiliyinə görə çox valeh edicidir. Bu əsərlərin hamısında insan qəlbinin
dərin sirlərinə nüfuz etmək, qəhrəmanlarını sevmək, xeyirxahlığın və humanizmin
qələbəsinə inam əsas yer tutur.
2000-ci ildə Oqtay incəsənət
həvəskarı və rəngkarlıq kolleksiyasının sahibəsi, Drezdendə yaşayan tibb elmləri
doktoru, professor frau Marion Marrenin portretini çəkmişdi. Rəssamın yüksək
ustalığı barədə professorun məktubundan aşağıdakı sətirləri yada salmaq yerinə
düşər: "Sizin əsərinizi alanda mən heyran oldum. Şəklə baxan kimi hiss etdim
ki, bu, həqiqətən mənəm. Mən sadəcə
olaraq öz portretimə baxıram, mən burada daxilimi, ruhumu görürəm. Siz dahi rəssamsınız
və mən fəxr edirəm ki, sizin əsərinizə sahib olmuşam və mən buna görə böyük
minnətdarlığımı bildirirəm. Xüsusən də ona görə ki, bu, son dərəcə şəxsi
xarakter daşıyır. Mən Drezdendə yaşayıram. Saksoniyada, bədiilik cəhətcə yüksək
inkişaf səviyyəsinə malik olan bir diyarda bir nəfər də olsun rəssam yoxdur ki,
portret rəngkarlığının qədim yüksək epoxasının
stilində sizin kimi əsər yarada bilsin”.
Təxminən həmin vaxtlarda
Oqtay Sadıqzadə "Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri
üçün material toplamağa başlayır. Bu əsərlər Nizami adına Ədəbiyyat muzeyi mərkəzi
salonunun əsas divarında asılacaq ekspozisiya üçün sifariş verilmişdi. Divarın
böyük sahəsi rəssamın öz mülahizəsinə görə doldurulmalı idi. İstedadlı sənətkar
xeyli fikirləşəndən sonra 5 böyük tablo işləmək qərarına gəlir. Bu çox
mürəkkəb və məsuliyyətli işə Oqtay Sadıqzadə 6 ildən çox vaxt sərf etdi və nəhayət
1999-cu ildə əsərlərin təqdimat mərasimi oldu.
Ekspozisiyanın mərkəzindəki
iri tablo silsilənin adını daşıyır: "Nizami Gəncəvi və dünya mədəniyyəti”, Onun yanındakılar "Antik filosoflar”,
"Nizaminin sələfləri”, "Nizaminin xələfləri”, "Nizami və Avropa mədəniyyəti”
adlanır.
Oqtay Sadıqzadənin Azərbaycan
təsviri sənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib,
fəxri fərmanlar və mükafatlarla qeyd olunub. O, 1977-ci ildə Azərbaycan Əməkdar İncəsənət xadimi fəxri adına, 1992-ci ildə isə
Azərbaycan xalq rəssamı adına layiq görülüb.
1999-cu ildə ümummilli lider
Heydər Əliyev tərəfindən Oqtay Sadıqzadəyə müstəqil Azərbaycanın "Şərəf” ordeni
təqdim olunub. Görkəmli rəssam hesab edir ki, ordenin təqdim olunduğu gün onun
həyatında ən həyəcanlı, xoşbəxt günlərdən biridir, sənətkar üçün yeni
yaradıcılıq axtarışlarına xidmət edən qüvvətli stimuldur. Və bu da fərəhlidir
ki, insan hələ yaradıcılıqla məşğul olursa, demək o, hələ cavandır və incəsənətin
ali məqsədi olan gözəlliyə xidmət etməkdədir.
Gülrəna Qacar