Paşayeva Taliə Həşim qızı
1954-cü ildə Novxanı kəndində ziyalı ailəsində anadan
olub. Sovet İttifaqı qəhrəmanı M. Hüseynzadə adına orta məktəbdə təhsil alıb.
Anası - uzun illər burada müəllim, direktor
işləmiş Ağabacı Paşayeva bütün günü məktəbdə olduğundan qızı demək olar
ki, həmin təhsil ocağında böyüyüb. Onu dünyaya gətirən xanım
ədəbiyyat
müəllimi olduğundan yəqin ki, ədəbiyyatçı olmağı elə uşaqlıqdan istəyib, yuxuda
da elə özünü ədəbiyyat müəllimi kimi görüb.
Taliə xanım həmin illərin bəzi məqamlarını
belə xatırlayır: "X sinfi bitirəndə inşa
mövzusu gəlmişdi: "C. Cabbarlının "Almaz” əsərində Almaz surəti”. Mən o
inşanı yazarkən özümü Almaz sandım, müəllim sənətinin böyüklüyünü hiss etdim. X
sinfi bitirib ADU-nın filologiya fakultəsinə qəbul edildim. Oxuduğum illər
sanki bir əfsanə idi. Hər gün qapıda yazıçı Qulu Xəlilovun sərt baxışları ilə
qarşılaşırdıq. Tələbələrin davranışına nəzarət edər, hərdən hirslənib onları
evə göndərərdi. Kimlərdən dərs almamışam? Azərbaycanın bulud kimi qaynayan,
dəniz kimi coşan, universiteti öz səsləri, duruşları ilə vəlvələyə salan Mir
Cəlaldan, Xalid Əlimirzəyevdən, Aslan Aslanovdan, Əlyar Səfərlidən, Fərhad
Zeynalovdan, Gülhüseyn Hüseynoğludan və nəhayət, diplom rəhbərim Bəxtiyar
Vahabzadədən!
1979-cu ildə universiteti bitirib vaxtilə
təhsil aldığım kənd məktəbində dil-ədəbiyyat müəllimi işləməyə başladım...
Bir gün rayon mərkəzi Xırdalan şəhərində
yazıçı Bayram Bayramovun yubileyi keçirilirdi. Tədbirdə mən də çıxış etdim.
Yubileydə iştirak edən Abşeron Rayon Partiya Komitəsinin birinci katibi Qəşəm
Aslanov səhəri gün məni yanına çağırtdırıb dedi:
- Səni məktəbinizə direktor qoyacağam, amma
elə işlə ki, deməsinlər: "Qəşəm müəllim o boyda məktəbi balaca bir qıza
tapşırıb.”
Həmin "balaca qız” 26 ildir ki, məktəbə
rəhbərlik edir. Bu illər ərzində 400-dən çox məzun ali məktəblərə, kollec və
liseylərə qəbul olunub. Onların arasından həkimlər, mühəndislər, idmançılar,
qövlət qulluqçuları yetişib. 10-dan çox şagird Naxçıvanski adına hərbi məktəbdə
oxuyub, 5 məzun MTN-nin H.Əliyev adına akademiyasında təhsil alır. Ölkəmizdən
kənarda oxuyan məzunlar da az deyil. Taliə xanımın sabiq şagirdlərindən 30-u
indi məktəbdə onunla çiyin-çiyinə müəllimlik edir.
Qarabağın adını kitablarda oxuyub onu
yalnız xəritələrdə görən məzunlardan beşi Qarabağ uğrunda döyüşlərdə həlak
olub.
T.Paşayevanın dediklərindən: "Bu gün hər
bir məktəbin səviyyəsi məzunlarının ali məktəblərə girməsi ilə ölçülsə də, bir
məktəb rəhbəri kimi qeyd etmək istəyirəm ki, qurduğum, yaratdığım məktəbdə
vətənə layiq, millətimizə layiq əsl oğul və qızlar böyüdürük. Oğullarımızda
mərdlik, cəsarət, Məmmədəmin Rəsulzadə, Mehdi Hüseynzadə qeyrəti, qızlarımızda
abır-ismət duyğuları tərbiyə edirik.
Gələcəyimiz məktəbdən başlanır. Ona görə
də bu gələcək üçün əsl insanlar yetişdirmək vacibdir. Budur mənim qayəm!”.