TƏRLANOV MƏMMƏDAĞA Əlibaba oğlu
Azərbaycan təsviri və tətbiqi sənətinin təbliğində,
eləcə də peşəkar sənət ustalarının hazırlanmasında sənətşünas, alim, müəllim
kimi tanınan Məmmədağa Tərlanovun böyük xidmətləri olmuşdur.
O, 1918-ci il martın 16-da Bakıda dünyaya göz
açmışdır. 1936-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş,
1938-ci ildən 1941-ci ilədək SSRİ Rəssamlıq Akademiyasında təhsil almışdır.
Böyük Vətən müharibəsinin başlanması ona
təhsilini davam etdirməyə imkan vermədi. Həmin ilin iyun ayında cəbhəyə yollandı. 1945-ci ilin əvvəllərində
cəbhədə ayağından ağır yara alan
Məmmədağa əvvəlcə Moskvaya,
müalicə aldıqdan sonra isə Bakıya qayıdıb. Həmin il Azərbaycan Dövlət İncəsənət
Muzeyinin elmi katibi vəzifəsinə təyin olunub.
1946-cı ildə Azərbaycan Rəssamlar
İttifaqının məsul katibi, 1952-ci ilin iyun ayında isə sədri seçilib və 10 il
bu vəzifədə çalışıb. O, eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsində təlimatçı işləyib. 1947-1951-ci illər olduqca ağır, gərgin zəhmət
tələb edən dövr idi. Tərlanov həmin
illərdə Leninqradda (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasının
sənətşünaslıq şöbəsinə qəbul olunaraq oranı bitirib.
Uzun müddət ölkəmizin bir sıra şəhər və rayonlarında, eləcə
də xarici ölkələrdə rəssamlarımızın sərgilərinin təşkilində böyük səy göstərib,
Azərbaycan təsviri sənətinin nailiyyətlərini Moskva və respublika mətbuatında
əzmkarlıqla təbliğ edib. Bu illər ərzində
onun şöhrəti təsviri və tətbiqi sənəti dərindən duyan, əsl peşəkar,
bilici tədqiqatçı kimi ölkəmizin sərhədlərindən çox uzaqlara yayılıb.
Məmmədağa
Tərlanov 1966-cı ildə Azərbaycan dekorativ-tətbiqi sənətinə həsr olunmuş
namizədlik dissertasiyasını müdafiə edib. Bu elmi işin zəngin, çoxşaxəli xalq sənətinin bir sıra
mürəkkəb sahələrinin üzə çıxarılmasında böyük rolu olub. Çoxillik yaradıcılıq
araşdırmalarının bəhrəsi olan bu elmi iş bir sıra kitablarda, məqalələrdə,
kataloq və kitabçalarda əksini tapıb.
Görkəmli sənətşünas 1960-ci ildən Əzim
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib, 1963-cü ildə
Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ilk dəfə
rəssamlıq kafedrası açılanda müəllim olub, 1973-cü ildən 1982-ci ilədək prorektor vəzifəsində çalışıb.
Bu ali təhsil ocağında təsviri sənət nəzəriyyəsi kafedrası yaradılanda onun
müdiri olub və ömrünün sonunadək bu vəzifədə çalışıb, professor adına layiq
görülüb.
Onun tanınmış təsviri və tətbiqi sənət
nümayəndələri Cəlal Qaryağdının, Lətif Kərimovun, Mikayıl Abdullayevin, Elmira
Şahtaxtinskayanın yaradıcılığına həsr olunmuş monoqrafiyaları Bakıda və
Moskvada ümumittifaq əhəmiyyətli dərgilərdə
dərc olunub.
Azərbaycan təsviri sənətinin
inkişafındakı xidmətlərinə görə Məmmədağa Əlibaba oğlu Tərlanov respublikanın "Əməkdar mədəniyyət işçici” fəxri adına layiq görülüb
və Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub.
Məmmədağa müəllim 1988-ci il dekabrın 9-da Bakıda dünyasını dəyişib.
Bu gün Mədəniyyət və İncəsənət
Universitetinin tələbə və müəllim kollektivi onun haqqında dərin hörmət hissi
və məhəbbətlə danışır. Məmmədağa
Tərlanovun unudulmaz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Zərifə Nəcəfova, bacısı