Məmmədzadə
Məmməd Nəcəfqulu oğlu
1942-ci
ilin keşməkeşli günləri idi. Hitlerin ordusu Qafqaza, Bakıya yaxınlaşırdı.
Ölkənin işğal qorxusu altında olan rayonlarının əhalisinin təhlükəsiz yerlərə
köçürülməsi gündəmdə duran əsas məsələ idi. Belə bir təhlükədən qorunmaq üçün
bir neçə istiqamətdə iş görülürdü. Əhali psixoloji cəhətdən hər cür mübarizəyə,
yeri gələrsə partizan hərəkatına hazırlaşdırılırdı. Bir an da olsun ümumi iş
ahəngi ləngidilmirdi. Ərzaq ehtiyaclarına, qışa hazırlığa xüsusi fikir verilirdi. Yardımlı rayonu sərhəd rayonları siyahısinda
idi. 1938-ci ildən bu rayonun partiya komitəsinin ikinci katibi işləmiş və
1939-cu ildə 1-ci katib seçilmiş, əslən novxanılı olan Məmməd Məmmədzadə bu
işlərin əsas təşkilatçısı idi. 1927-29-cu illərdə fəhlə komitəsinin sədri
vəzifəsində işləməsi, 1929-33-cü illərdə isə orduda siyasi işlərdə çalışması
onun karına gəlirdi. Rayonda hamı onu öz yaxını, dostu, həmdərdi hesab edirdi.
Hər zaman siyasi dünyagörüşünü artıran bu insana ailə tərbiyəsindən gələn düzgünlük,
işgüzarlıq, hər bir adama fərdi yanaşmaq bacarığı böyük hörmət qazandırmışdı.
SSRİ-nin işğala məruz qala biləcək
rayonlarının rəhbərləri İ.V.Stalinin göstərişi ilə Kremlə çağırılmışdılar. Bu
siyahıya daxil edilmiş Yardımlı raykomunun 1-ci katibi də çox həyəcanlı idi.
Çıxışa xüsusi hazırlaşmışdı. 7-8
dəqiqəlik mətni də özü yazmışdı. O vaxtkı SSRİ rəhbərlərindən G.Malenkov onun
çıxışını yoxlayıb bir-iki düzəliş etməklə bəyənmişdi. İ.V.Stalinin qarşısında çıxışdan
və sual-cavabdan M.Məmmədzadə üzüağ çıxmışdı.
Azərbaycanın o vaxtkı rəhbəri Yardımlıya
gələndə bir dəfə Məmməd Məmmədzadənin evində qonaq olmuşdu. O biri otaqda xeyli
uşaq səsi eşidən M.Bağırov soruşmuşdu:
-
Mən eşidən, sənin vur-tut bir
oğlun var. Bu uşaqlar kimindir bəs?
Onda o, Mİrcəfər Bağırov üçün
sirr olan bu məsələni açmağa məcbur olur. Ataları cəbhədə həlak olmuş, eləcə də
rayonda kimsəsiz qalan uşaqları M.Məmmədzadə himayəyə götürmüşdü, onlara oz
övladı kimi qayğı göstərirdi. Buna görə də Yardımlıda hamı onu çoxuşaqlı ata,
yetimlər atası kimi tanıyırdı.
1945-ci ildə M.Məmmədzadə Sabirabad Rayon
Partiya Komitəsinin birinci katibi seçiləndə Yardımlı camaatı onu öz doğma
adamları kimi yola saldı. Hətta ağlayanlar da oldu. 1947-ci ildə onu Ali
Partiya Məktəbinə oxumağa göndərdilər. İkiillik təhsil ona yeni güc, nəfəs
gətirdi. Məktəbi bitirən kimi onu Mərəzə Rayon Partiya Komitəsinə
birinci katib göndərdilər. Burada da o, insanların böyük hörmətini qazandı.
"Qırmızı Əmək Bayrağı”, "İkinci dərəcəli
Vətən Müharibəsi” ordenlərinə layiq görülmüş Məmməd Məmmədzadə 1947-51-ci
illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub və seçicilərinin etimadını
şərəflə doğrudub. 1968-ci ildən isə respublika
əhəmiyyətli fərdi təqaüdçü idi.
Bütün şüurlu həyatını xalqının mənafeyinə
həsr etmiş Məmməd Məmmədzadə 1982-ci il iyul ayının 2-də vəfat edib və doğma
kəndi Novxanıda dəfn olunub.
Böyük oğlu Nizami Azərbaycan Milli Elmlər
Akademiyasının Fizika İstitutunda aparıcı
mühəndis, şöbə müdiri işləyib, hazırda təqaüddədir. İkinci oğlu Bəxtiyar
filologiya elmləri namizədidir, hazırda Bakı Dövlət Universitetinin dosentidir.
Nəriman
Qəhrəmanlı