Mürsəl Nəcəfqulu
oğlu Nəcəfov
Təsviri sənətimizin vurğunu
"Vaxt çatanda biz hamımız işıqlı dünyadan ayrılacağıq. Unudulanlar da olacaq, könüllərdə, xatirələrdə yaşayanlar da. Məsələn, mən həmişə can deyib, can eşidən Mürsəl Nəcəfovu bu dünyada unutmamışam. O, nümunə göstəriləsi şəxsiyyət idi.
SSRİ xalq rəssamı, akademik
Hər gün
emalatxanama çatar-çatmaz elə bil hansısa qüvvə məni dayanmağa vadar edir. Ayaq
saxlayıram. Başımı qaldırıb vaxtı ilə onun yaşadığı mərtəbəyə baxıram. Yazıları
ilə çoxlarını yaradıcılığa həvəsləndirən bənzərsiz qələm sahibi, istedadlı
sənətşünas Mürsəl müəllim gözə görünmür. Xatırlayanda ki, o, xeyli müddətdir
dünyasını dəyişib, özümdən asılı olmayaraq kövrəlirəm. Onun kimi ziyalı
insandan əbədi ayrılmaq doğrudan da çətin imiş.
Mürsəl Nəcəfov 1918-ci il sentyabrın
20-də Bakı şəhərində dünyaya göz açıb. Orta məktəbi başa vurduqdan sonra Bakı
Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1936-cı
ildən əmək fəaliyyətinə başlamış, respublika Nazirlər Sovetində "Təsviri
sənət" bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra rəssamlıq
texnikumunun direktoru təyin olunub və Rəssamlar İttifaqının məsul katibi
seçilib. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv
şəkildə, analitik təhlillə dərc etdirərdi.
Böyük
Vətən müharibəsi onun da arzularını dörd il yarımçıq qoymuşdu. Könüllü cəbhəyə
getmiş, Yuqoslaviyaya qədər döyüş yolukeçmişdi. Vətənə "Qırmızı ulduz" ordeni və
müxtəlif medallarla qayıtmışdı.
O,
1946-cı ildə Rəssamlar İttifaqına sədr seçilir, eyni zamanda Rəssamlıq
Texnikumunun direktoru təyin edilir. İşinin çoxluğuna baxmayaraq Mürsəl müəllim
ali təhsil almağı da unutmayıb. İ.Repin adına Leninqrad (indiki
Sankt-Peterburq) Rəssamlıq İnstitutunun nəzəriyyə və incəsənət fakültəsini
bitirib. Bir neçə il İncəsənət muzeyində şöbə müdiri və elmi katib işləyib.
1962-ci ildə elmlər namizədi, 7 ildən sonra isə elmlər doktoru alimlik
dərəcələri almaq üçün dissertasiyaları uğurla müdafiə edib. 1972-ci ildə
Azərbaycan Memarlıq və İncəsənət İnstitutunun təsviri sənət kafedrasının müdiri
seçilib və ömrünün sonunadək həmin vəzifədə çalışıb.
Mürsəl
müəllim istedadlı sənətşünas, təsviri sənəti varlığı qədər sevən alim idi.
1954-cü ildən kitabları, məqalələri Bakıda, Moskvada və başqa şəhərlərdə çap
edilir. O, Azərbaycan televiziyası üçün 250-dən artıq verilişin ssenarisini
yazmış, təsviri sənətə həsr olunanların bir çoxunun aparıcısı olmuşdur. 1970-ci
ildən məhz onun təşəbbüsü ilə ekrana çıxan "Palitra" dövrün ən
baxımlı verilişlərindən biri olmuşdur. Bu ənənə indi də davam etdirilir. M.Nəcəfov
"Azərbaycan Sovet
Ensiklopediyası" üçün 67 məqalə yazıb. Gərgin əməyi, axtarışları
da qiymətləndirilmişdir. Əməkdar
incəsənət xadimi fəxri adına layiq görülmüş, dövlət mükafatı laureatı idi.
Yaradıcılıq uğurları ilə heç vaxt öyünməzdi, sadə, səmimi, qayğıkeş insan idi.
Onun Bəhruz Kəngərli, Əzim Əzimzadə, Böyükağa
Mirzəzadə, Tahir Salahov, Vəcihə Səmədova, Oqtay Sadıqzadə və bir çox
başqalarının həyat və yaradıcılıqlarından bəhs edən kitabları çap olunmuşdur.
Mürsəl Nəcəfovun "Rəssam və zaman" toplusu bu gün də mənim stolüstü
kitabım, bilik mənbəyimdir. Niyə həmin çap nümunəsini belə üstün tuturam? Çünki
haqqında yazdıqları şəxsləri təkcə xatırlatmır, həm də onların talelərini,
yaradıcılıqlarını xəyallarda canlandırır. "Rəssam və zaman" bədii, publisistik
topluya xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Kazım Kazımzadənin yazdığı
"Ön söz"də bu fikirləri təsdiqləyir: "Gənc nəslin estetik
tərbiyəsinin, dünyagörüşünün formalaşmasında incəsənətin mahiyyətini yüksək
qiymətləndirən sənətşünas, gənclərin maraqla qarşıladığı, həvəslə oxuduğu
elmi-kütləvi kitablar yazır, televiziyada, radioda, məktəblərdə, kitabxanalarda
səmimi çıxışlar edirdi. Müəllifin "Əsrlərdən xatirə" və
"Gözəllik aləminə səyahət" kitabları kimi "Rəssam və zaman"da
yeniyetmələri, gəncləri dünya incəsənətinin ən kamil inciləri ilə tanış edir.
Şübhə yoxdur ki, sadə, anlaşıqlı dildə yazılmış bu məqalə və oçerklər toplusu
gələcək nəsillərin də dünyagörüşlərinə müsbət təsirini göstərəcəkdir".
Mürsəl Nəcəfov ədəbiyyat və
incəsənətimizin tarixinə, şanlı keçmişinə dərin hörmət, böyük məhəbbət
bəsləyərdi. Mirzə Cəlilin, Oskar Şmerlinqin, İozef Rotterin adları çəkiləndə
ehtiram əlaməti olaraq ayağa qalxardı. Bu qeydləri həmişə qiymətlidir:
"Cəlil Məmmədquluzadənin yaratdığı və uğrunda min zillətlər, cəfalar
çəkdiyi "Molla Nəsrəddin" jurnalı xalqımızın xoşbəxt gələcəyinə ayna
tutdu. Cəlil Məmmədquluzadə Azərbaycan fəhlə və kəndlisi ilə sadə bir dildə,
özünün dediyi kimi "açıq ana dilində" danışmağı qarşısına məqsəd qoymuşdu".
Sonda bu fikrimi bildirmək
istəyirəm: pedaqoji fəaliyyətinin, yazılarının yeri görünür Mürsəl müəllimin.
Ömrümün ixtiyar çağını yaşasam da, sevdiyim sənətdən, pedaqoji fəaliyyətimdən
hələ də ayrılmamışam. Amma həmkarlarımı, dostlarımı görməyəndə sanki dincliyim ərşə
çəkilir. Onlardan biri də görkəmli sənətşünas alim, əməkdar incəsənət xadimi
Mürsəl Nəcəfov idi. Hər gün emalatxanama gələndə istər-istəməz ayaq saxlayır,
vaxtı ilə onun yaşadığı mərtəbəyə baxıram. Xeyirxah tövsiyələri, məsləhətləri,
elmi-publisistik yazıları ilə gənc və təcrübəli rəssamları yaradıcılığa
ruhlandıran, həvəsləndirən Mürsəl müəllimi xatırlayıram.
Peşəkar sənətşünas xeyli müddətdir ki,
işıqlı dünyadan ayrılıb. Özünün, pedaqoji fəaliyyətinin, elmi-publisistik
yazılarının yeri boş qalıb. Amma Mürsəl Nəcəfov yaddan çıxmır, təsviri sənətin
qayğıkeşi olduğu üçün daim ehtiramla yad edilir.
Rafiq Mehdiyev, Azərbaycan Rəssamlar
İttifaqının
Qrafika bölməsinin sədri xalq rəssamı, professor