Dadaşov Kamil Hənifə oğlu
Azərbaycan səhnəsinin mahir rəqqası
Tanınmış incəsənət xadimi Böyükağa müəllimdən
rəqsin sirlərini öyrənən və uzun müddət peşəkar səhnədə öz sözünü demiş Kamil
Dadaşov ömrünü-gününü bu sənətə həsr edib. Kamil Dadaşov uzun illər rəqs səhnəsində
Roza Cəlilovanın tərəf müqabili olub. Bu iki korifey hələ gənclik illərindən
dünyanın böyük ölkələrinin çoxunda Azərbaycan rəqsini məharətlə nümayiş
etdirib. Yüksək səhnə temperamenti, böyük sənət texnikası, özünəməxsus
plastika, cəngavərlik ruhu Kamil Dadaşov sənətinin əsas özəllikləridir. 1955-ci
ildə Moskvada keçirilən Ümumittifaq festivalında Ramiz Eynullayev, İmran
Qasımov, Ramiz Şabanov, Rəfi Əsədullayev kimi mahir sənətçilərlə birgə birinci
yeri tutması onun ilk böyük uqurlarından olub. Bununla da Ümumdünya festivalına vəsiqə
qazanan Kamil müəllim həmin il Varşavadakı müsabiqədən də qızıl medalla
qayıdıb. Bundan sonra K.Dadaşovu solist kimi yeni yaranmış Azərbaycan Dövlət
Estrada Orkestrinə dəvət ediblər. Ardınca böyük səhnələr, parlaq konsertlər,
xarici səfərlər, bir-birini əvəzləyən uğurlar başlayır. Pərəstişkarları sənətkarı
"Naz eləmə” rəqsinin möhürünü vuran rəqqas kimi tanıyırlar. O, bu rəqsi ilə həmişəlik
yaddaşlara həkk olunub. Kamil müəllim Azərbaycan
mentalitetini dərindən duyub nümayiş etdirməyi bacaran sənətkardır. Adı çəkilən
rəqsdə Azərbaycan psixologiyasına uyğun olaraq kişinin mərdliyi, hünəri, cəsarəti
fonunda qadının incəliyi, məlahəti, gözəlliyi, işvə-nazı daha qabarıq görünür. Bütün bu keyfiyyətləri
rəqs elementləri ilə tamaşaçıya çatdırmaq sənətkardan psixoloji hazırlıq, emosionallıq və tarixi
keçmişə bələdlik tələb edir. Çünki milli rəqslərimiz mənəvi dəyərlərimizin
güzgüsüdür. Böyük ustadların yolu ilə gedən, sonradan özü də böyük ustada
çevrilən K.Dadaşov hər zaman xalq sənətimizin keşiyində durur. O, Azərbaycan rəqslərini
yad elementlərdən qorumaqla onun inkişafına nail olmağa çalışır. Bunun üçün
Kamil müəllim, müasir rəqslərimizi xalq rəqslərinin elementləri əsasında zənginləşdirməyə
çalışır.
1971-ci ildə Rauf Hacıyevin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Estrada Orkectrində çalışan Kamil Dadaşovun 3 böyük
işi olmuşdu. Bu işlərin quruluşçusu olmaqla yanaşı, o, həm də həmin rəqsləri
yüksək səviyyədə ifa etmişdi. Böyük rəqqas "Çobanlar”, "Qaytağı”, "Gəl-gəl”
kimi rəqslərə öz möhürünü vurmuşdu. Bunlardan əlavə, onun oynadığı "Yallı”,
"İspan rəqsi”, "Meksika rəqsi”, "Nar nağılı” rəqsləri incəsənət tariximizin əsl
incisi hesab olunur. 1971-ci ildə Mahnı və Rəqs Ansamblına solist kimi dəvət
olunan, 1975-ci ilə qədər baletmeystr
Əlibala Abdullayevin rəhbərliyi altında çalışan Kamil Dadaşov burada da
mədəniyyət tariximiz üçün önəmli işlər görüb. O, xalq musiqisi əsasında "Zorxana” rəqsini hazırlayıb. Bundan əlavə,
Kamil müəllim ilk dəfə toppuzdan rəqs vəsaiti kimi istifadə edərək, "Şıdırğı” rəqsini
qurub. Özünün ifa etdiyi bu rəqs K.Dadaşovun şəxsi keyfiyyətləri ilə uyğun gəldiyindən
əsl sənət zirvəsini fəth edib. Həmin illərdə Kamil müəllim Dağıstan rəqsi olan
"Üç dost”u, "Qəhrəmanlıq” rəqsini, xalq artisti Afaq Məlikova ilə birlikdə
Cahangir Cahangirovun "Azərbaycan süitası”nı, Süleyman Ələsgərovun "Neftçilər
süitası”nı ifa etmişdi.
Bir çox rəqslərə öz dəsti-xəttini, emosionallığını, şəxsi temperamentini əlavə edən K.Dadaşov sənəti həmişə yaşayacaq. Rəqqas Cahangir Cahangirovun "Bulaq başı” rəqsini Roza Cəlilova, Nailə Mahmudova, Zemfira Camalova ilə ifa etmiş və dünyanın bir çox ölkələrində böyük uğurlar və tamaşaçı alqışı qazanmışdı. Kamil Dadaşovun şah əsəri "Naz eləmə” rəqsində onun tərəf müqabillərini yanaşı sadalasaq, gözlərimiz önündə Azərbaycan rəqsinin böyük bir epoxası canlanar: Əminə Dilbazi, Şərqiyyə İskəndərova, Roza Cəlilova, Afaq Məlikova, Nailə Mahmudova, Zemfira Camalova, Nisəxanım Rəhimova, Təranə Muradova. Bu qədər gözəlin səhnədə "nazını çəkdiyini” nəzərə alsaq, Kamil Dadaşovu səhnəmizin igid rəqqası adlandıra bilərik. Onun qurduğu "Gənclik” ansamblı vətənimizə 13 qızıl medal gətirib. O, 1976-cı ildə Moskvada keçirilmiş Azərbaycan ongünlüyündə
Kremlin Qurultaylar Sarayında konsertdə qurduğu "Şıdırğı” rəqsini tamaşaçıların
alqışları altında 3 dəfə ifa etmişdi. Bu, rəqs tarixində bir konsertdə 36 dəfə
təkrar olunmuş yeganə rəqsdir. Nəticədə Bakıya qayıdan kimi əməkdar artist adını
alan Kamil müəllim bu gün də Azərbaycan rəqsi üçün bütün bilik və bacarığını, təcrübəsini
əsirgəmir. İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müəllimi kimi rəqsin
sirlərini yeni nəslə öyrədir. O, artıq 55 ildir ki, müəllimlik edir. "Tamaşaçı
alqışı mənim üçün qlükozadır” deyən böyük sənətkar səhnəni və tamaşaçı alqışını
həyatının mənası hesab edir.
Nurlan
Atamoğlanlı,
"Bono Mente” jurnalı, №6, iyul 2009-cu il