Kərbəlayi
Əmirhəmzə Ümidəli oğlu
Ötən əsrin 50-ci illərində yeniyetmə-cavan idim.
Kəndimizin o vaxtkı nüfuzlu ağsaqqalları, onların davranışları, alicənablığı bu
gün də gözlərim qarşısında cərəyan edir. Molla Hacı Nağı oğlu, Məmmədsəid
Əbdülrəhim oğlu, Əmirəli Güləli oğlu, qonşularımız Əmirhəmzə Ümidəli oğlu,
Möhüb Əliməmməd oğlu... sözünün yerini bilən, necə deyərlər, ağır oturub batman
gələn bu kişilər kəndimizin fəxri-fəxarəti idilər. Əmirhəmzə kişinin səliqəli
geyimi, maraqlı söhbətləri çoxlarını heyran edirdi. Ağsaqqalların toplaşdığı
məclislərdə yeniyetmələrin iştirakı caiz sayılmadığı üçün biz onları bir qədər
aralıdan seyr etməli olurduq. Yaxşı xatırlayıram: Əmirhəmzə kişi məclis
keçirilən zala daxil olanda, onu hörmətlə baş tərəfə keçirərdilər.
Nəvəsi
Fəxrəddinin dediklərindən: Fəxr edirəm ki, elə nüfuzlu babam olub. O, 101 il
ömür sürüb, yəni 1866-cı ildə Novxanıda dünyaya gəlib, 1967-ci ildə isə burada
vəfat edib. Xeyirxahlığı və dindarlığı ona kəndimizdən kənarda, Bakı şəhərində
və ətrafdakı yaşayış məntəqələrində də nüfuz qazandırıb. İslam dininin təbliği
sahəsindəki xidmətləri ona baha oturub. Babam da 37-nin repressiyasına məruz
qalıb, həbs edilib. Lakin əsaslı dəlillər olmadığından tezliklə azadlığa
buraxılıb.
Vəfatından onilliklər ötməsinə baxmayaraq bu gün də novxanılılar
Əmirhəmzə kişini hörmətlə xatırlayırlar. O, şeirlər də yazıb.
Zahir edin şəriətin hökmünü,
Bir çox adam bilmir məzhəbi, dini.
Yığılsın məclisə hər cümə günü,
Öyrənsin molladan, heç utanmasın.
Hər kim ki, alimdir Əli həddinə,
Getməsin çox dərvişlərin ziddinə.
Fəda olum imam Həsən cəddinə.
Hüseyndən qeyriyə arxalanmasın.
Məzəmmət lazımdır danışsam hərzə.
Özüm nə mollayam, nə də ki mirzə.
Novxanı sakini, adım Əmirhəmzə.
Bir para mollalar lovğalanmasın.
Əlimədətoğlu