Şeyxülislam Əliağa Süleymanzadə
Xalqımızın dərin hörmət və rəğbətini qazanmış,
illahiyyat elminin mahir bilicisi - Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu
Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz
açmışdır.
İlk təhsilini mollaxanada alan Əliağa
Qurani-Şərifi başa çıxmış, Sədi Şirazinin "Gülüstan” və "Bustan”ını əxz
etmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund
Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın şərq ölkələrinə
ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil
almaq xərclərini öz üzərinə götürür.
1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan
əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəfül-Əşrəf
şəhərində davam etdirir. Mədineyi-Münəvvərdə imtahan verərək ali ruhanilik
təhsillərini 12 il müddətində başa vurullar.
Vətənə
qayıtmaq ərəfəsində, Əliağanın dostu Hacı Ağaməmməd ağır qızdırma xəstəliyinə
məruz qalır. Ona olunan müalicələrin heç bir faydası olmur. Ölüm ayağında dostu
Axund Əliağanı yanına çağırıb belə bir vəsiyyət edir: "Sən vətənə, Bakıya
qayıtmalısan! Ağama mənim dilimdən bildirərsən ki, məni halal etsin, qoy o,
evinin işığını səninlə işıqlandırsın. Ailədə bacılarımın yeganə qardaşıyam.
Evimizdə subay, Ümmulbəni adlı bir sevimli bacım var. Qoy ağam onu sənə ərə
versin!”
13 illik ayrılıqdan sonra Axund Əliağa Bakıya
qayıdır. Nə qədər ağır olsa da bu bəd xəbəri böyük çətinliklə Axund Hacı
Məhəmmədəminə çatdırır. Bir xeyli vaxt mərhum dostunun etdiyi vəsiyyət
atasından gizlin saxlanılır. Lakin Əliağa axundla vasitəçilik edən bir şəxs,
həmin vəsiyyəti mərhumun atasına çatdırır. Heç bir tərəddüdə yol vermədən bu
izdivaca tərəflər öz razılıqlarını bildirirlər.
Dini adət
və ayinlərə dəqiqliklə əməl edən Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Onun moizələri bu gün
də köhnə bakılıların yaddaşından silinməmişdirş.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da
yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Onu dəfələrlə
NKVD-yə dəvət edib Məvərayi-Qafkazın Şeyxülislam vəzifəsini təklif etmişdilər.
Hər dəfə o, çox ustalıqla bundan imtina etmişdi. Axund Əliağa izahatında
yazırdı ki, indi hökümət idarələrində qarovulçu vəzifəsində işləyirəm.
Şeyxülislam
Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər
Şeyxülislamlıq vəzifəsi boş qalır. Bu vəzifəyə yegənə namizəd Axund Əliağa
Süleymanzadə idi. 1968-ci ildə o, gizli səsvermə yolu ilə Zakafqaziya
Müsəlmanları İdarəsinin sədri seçilir.
O, səkkiz
ilə qədər həmin idarənin rəhbəri ikən xalqına sədaqətlə xidmət etmişdir. Nurani
vücudlu Axund Əliağa gözəl ailə başçısı olmuşdur. O, beş övlad atası idi (1
oğlan, 4 qız).
1977-ci
ildə Axund Əliağa dünyasın deyişmişdir. Adı hörmətlə çəkilən Şeyxülislamımızın
xətirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Allah
sənə rəhmət eləsin, Axund! Qəbrin nurla dolsun!
Hafiz Sadıq. "İslam
dünyası” qəzeti”, 15.06.1993-cü il