Vəliyev Eyvaz Mirzəağa oğlu
Eldar Hüseynzadənin rəssamla müsahibəsi
Rəssam Eyvazın emalatxanasında xüsusi bir ab-hava
duyulmaqdadır. Rəngarəng tablolar... Açıq dənizdə gəmilər, fonda – məbədlər,
məscidlər, azmış ruhların və tənha
səyyahların sığınacaq yeri... Natürmortlar – şirəli narlar, armudlar, üzümlər.
Köhnə Bakı, Abşeron abidələri... Gözü oğrun-oğrun bizdə qalmış qadın
portretləri... Eyvaz zarafatyana deyir ki, "bunlar mənim fərdi sərgimdir”.
Bu əsərlər onun dünyaya özünəməxsus, işıqlı baxışıdır.
Kətan üzərində mistik mövzuda işlənmiş zəfər ilahəsi Nikanın nurundan, əzəmətindən, eyni zamanda
heyrətamiz zərifliyindən işıqlanan ayparanın rəng keçidləri sanki maqnit kimi
nəzərləri ona yönəltməyə məcbur edir.
Dünyanın hərtərəfli qavranılması istedadın ayrılmaz
hissəsidir. Eyvazın sözlərinə görə, rəssamın yaradıcılığındakı mərhələlikdə təəccüblü heç nə yoxdur.
- "Biz, eləcə də bizim dünyaya münasibətimiz də hər gün
dəyişir. Bu gün bizim üçün dəyərli
yalnız bir şeydirsə, sabah başqasıdır. Başlıca məsələ odur ki, bunların hamısı
olsun”.
Eyvaz şəkil çəkməyə hələ uşaq yaşlarından başlayıb. Rəssam
təbəssümlə bildirir ki, bir vaxtlar əsas məşğuliyyətim kin bəslədiyim,
incidiyim adamların "portretlərini” çəkmək idi. Bir dəfə bu, mənə çox bahabaşa gəlib.
Ciddi yanaşsaq, əslinə qalsa, Eyvaz öz yolunu elə uşaqlıqdan
seçib. Harada olurdusa, elə həmişə nəsə çəkirdi. Dəniz sahilində qumdan nəsə
yapır, ya da qumda nəsə çəkirdi.
"Məni dəniz həmişə valeh edib. Dənizi sadəcə sevmirəm, onun
sahillərində gəzintiyə çıxmadan həyatı təsəvvür edə bilmirəm”. Rəssam deyir ki,
bəlkə də buna görə yaradıcılığımın bir dövrü dənizə həsr olunub.
Eyvaz Vəliyev hələ məktəbdə oxuduğu illərdən Yuri Qaqarin
adına Pionerlər Sarayına gedib. 8-ci sinifdən sonra Əzim Əzimzadə adına
rəssamlıq məktəbinin rəngkarlıq sinfinə daxil olub. "Mən yalnız orada incəsənətin nə olduğunu anladım, daha
doğrusu, bütün varlığımla dərk etdim. Müəllimlərimiz Əliağa Məmmədov və Hafiz
Məmmədov təkcə ustad deyildilər. Onlar insanda mürgüləyən istedadı oyadır və bu
istedadın üzə çıxması üçün çalışmağa məçbur edirdilər”.
Eyvaz rəssamlıq məktəbindən sonra Mirzəağa Əliyev adına
İncəsənət İnstitutunun bədii fakültəsinə qəbul olunub. Həmin fakültənin müəllimləri
arasında Nadir Qasımov, Mikayıl Abdullayev, Cabbar Qasımov kimi məşhur
rəssamlar var idi.
Monumental sənətlə, qrafika ilə məşğul olsa da, rəngkarlığa
olan məhəbbəti bütün ömrü boyu qalıb.
Maraqlıdır, ondan soruşanda ki, incəsənət aləmində pərəstiş
etdiyin varmı? – belə cavab verdi:
-
Azərbaycan rəssamlarının
hamısı. Bizim ustadlarımız kimi rəssamları heç yerdə görməmişəm. Onların hər
birində öyrənməli təzə nəsə var.
Söhbət
zamanı Eyvaz öz müəllimlik fəaliyyətindən danışarkən təvazökarlıqla bildirdi:
- Mən, necə deyərlər, "tranzit” rolunu oynayıram. Özümün öyrəndiklərimi
tələbələrimə ötürürəm və bütün bunları qəlbimə köçürürəm.
Hələlik müsahibimizin fərdi sərgisi olmayıb.
- Mən fərdi sərgini nəsə bir hesabat kimi qiymətləndirirəm.
Ancaq, sərgi üçün çalışmıram və tanınmaz qalmaqdan da qorxmuram. Təəssüf ki, bu
gün rəssamların bir çoxu konyukturaya – mövcud siyasi şəraitə işləyir.
İncəsənət bədii zövqü tərbiyə etməkdən uzaqlaşıb. Bu gün incəsənət bayağı,
bəsit zövqsüzlüyə meyl edir. Rəssamların tabloları incəsənətə məhəbbət üçün
deyil, interyerin bəzəyi, əksər hallarda "nüfuzlu” hədiyyə kimi alınır. Heç kim rəssamın əsərinin mənəvi
məziyyəti barədə düşünmür. Əslində tablo
onu fırçaya alan rəssamın qəlbinin bir parçası olmalıdır.
- Kətanın hər santimetrini hiss etmək lazımdır.
Məqalə "Qalereya”
jurnalının
2006-cı il fevral sayındandır.
* * *
P.S. Eyvaz Mirzəağa oğlu Vəliyev 1956-cı ildə
Bakıda dünyaya göz açıb. Rəngkarlıq, qrafika üzrə 9 beynəlxalq
simpoziumun iştirakçısıdır.
1998-1999-cu illərdə ekologiyaya, narkomanlığa həsr olunmuş
Respublika plakat müsabiqələrinin mükafatlarına layiq görülüb.
2001-ci ildə Türkiyənin İzmir və Manisa şəhərlərində pedaqoji
fəaliyyətilə yanaşı, bir il yaradıcılıq ezamiyyətində olub. Həmin il Manisa
şəhərində yaradıcılıq ezamiyyətinin hesabatı kimi öz əsərlərini sərgiləyib.
Türkiyə sənətsevərləri Azərbaycan rəssamının əsərlərini yüksək dəyərləndiriblər. Manisa şəhər bələdiyyəsinin
valisi Müzəffər Ecemiş həmyerlimizi üzərində Mustafa Kamal Atatürkün silueti
həkk olunmuş Türkiyə Cümhuriyyətinin yubiley qızıl medalı ilə təltif edib.
Rəssam sərgidəki bütün əsərlərini Manisa
şəhər bələdiyyəsinə bağışlayıb. Eyvaz Vəliyev 1995-ci ildən Əzim Əzimzadə adına
Rəssamlıq Kollecində rəngkarlıq sənətinin sirlərini gənc istedadlara öyrədir.