Paşayev Həşim Bəyəli oğlu
1919-cu ildə Novxanıda anadan olub. İlk təhsilini
30-cu illərdə kənddə təşkil edilən məktəbdə alıb.
1939-cu
ildə Sovet-Finlandiya müharibəsi başlayarkən ordu sıralarına çağırılan Həşim
döyüşə-döyüşə Berlinə qədər gedib. Müharibədən sonra o, tez-tez qara atından
söz salar, onu hey tərifləyərdi. Bir gözünü döyüşdə itirən atının etibarından,
mehribanlığından danışdıqça doymazdı. Həmişə də vəcdə gələrdi:
-
Yaralanıb huşumu itirmişdim, gözlərimi açanda başımın üstündə dayadan, üzümü
isti nəfəsi ilə hərarətləndirən atımı gördüm, mənə qüvvə gəldi.
Bakıya qospitala gətirilən yaralı sağaldıqdan sonra, 1941-ci ildə təyyarəçilik məktəbinə göndərilir və az sonra qırıcı təyyarəçi olur. Öz
dəmir qartalı ilə
1000 dəfədən çox döyüşdə iştirak edir. Berlinin alınmasında göstərdiyi igidliyə
görə "Qırmızı ulduz” ordeni ilə təltif olunub. O, döyüş illərində 20-dən çox orden və medala layıq görülüb.
1946-cı
ildə doğma kəndinə qayıtdıqdan sonra kolxoz partiya təşkilatı katibi, briqadir
işləyib, eyni zamanda məktəbdə hərbi hazırlıq müəllimi olub. İşləyə-işləyə
təhsilini davam etdirib, Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini
bitirib.
Kolxoz partiya təşkilatının katibi olarkən Həşim
Paşayevin fəallığını, camaatın işinə yaradığını novxanılıların yaşlı nəsli
yaxşı xatırlayır. Təsərrufatın inkişaf etdirilməsində, əməkçilərin gəlirlərinin
artırılmasında o, kolxoz sədri Hacı Əlikövsərə yaxından kömək göstərib.
Həmkəndlilərinin xeyirində də, şərində də fəal iştirak edib.
25 ildən
çox müəllim işləyən H.Paşayev həm həmkarlarının, həm də şagirdlərinin sevimlisi
olub. Yüzlərlə yetirməsi hazırda respublikamızın müxtəlif güşələrində çalışır.
1969-cu
ildə vəfat etsə də, novxanılılar, qohumları və dostları onu həmişə hörmətlə yad
edirlər. Həşim müəllimi əməlləri yaşadır. O, bugünkü nəsillərə düzlük, saflıq
simvolu kimi nümunə göstərilir.
Məlahət Əliyeva, müəllim