Balakişiyev Nadir Ağadayı oğlu
İstedadlı dövlət xadimi olan Nadir Balakişiyev 1930-cu
il fevralın 2-də nəslən novxanılı olan Ağadayı Əbdülsalam oğlunun ailəsində
dünyaya gəlib. Uşaqlığı və gəncliyi Poluxin-İskra küçəsində, 171 saylı məktəbdə
- Rüstəm və Maqsud İbrahimbəyovlar, Cəfər Vəliyev, Dadaş Asanov, Bayram
Tahirbəyov və başqaları kimi dostları və qonşuları arasında keçib.
Valideynləri
– Ağadayı və Kübra ilkilə-rinin həkim olmasını istəyirdilər. Bu arzu təkcə ona
görə deyildi ki, Ağadayının böyük qardaşı Kamil Balakişiyev məşhur
professor-anatom idi, həm də ona görə ki, əslində ailə şəcərəsinin çox hissəsi
(həm ana, həm də ata tərəfdən) tibb sahəsində çalışırdı. Lakin Nadir hələ 8-ci
sinifdə oxuyarkən demişdi ki, ya hərbçi, ya da yaradıcı mühəndis olacaq.
Məktəbi
fərqlənmə ilə bitirən gənc valideynlərini narazı salmasın deyə sənədlərini Tibb
İnstitutuna verir. Lakin imtahandan "kəsilir”. Elə bu zaman Neft və Kimya
İnstitutunda qəbul imtahanlarından uğurla çıxaraq həmin ali məktəbin energetika
fakültəsinə qəbul edilir.
Birinci
kursun axırlarında atasını itirən 19 yaşlı Nadir qardaşı Qabilin, bacısı
Böyükxanımın, evdar qadın olan anasının bütün məsuliyyətini öz çiyinlərinə
götürür. Beləliklə o, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlayaraq mühəndis-energetik vəzifəsinə işə düzəlir.
1953-cü ildə institutu bitirən Nadir Balakişiyev
Dövlət Nəzarəti Nazirliyində işləməyə məsləhət görülür. Parlaq fərdi
keyfiyyətləri, istedadı rəhbərlik tərəfindən nəzərdən qaçırıla bilməzdi.
Respublika Xalq Nəzarəti Komitəsinin sədri H. Əfəndiyevin tövsiyəsi ilə o,
1960-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi V.
Semiçastnının yanına
söhbətə
dəvət olunur və 1961-ci ilin yanvarında Mərkəzi Komitənin təşkilat işi
şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir.
Həyatının
yeni mərhələsi haqqında Nadir özü belə yazır: «Mənim 32 yaşım vardı. Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, mərhum Vəli Axundov bir
gün məni yanına dəvət eləyib dedi ki, büronun qərarı ilə sən Sumqayıta işləməyə
göndərilirsən. 1962-ci il oktyabrın 18-i idi. Biz V.Axundovla Sumqayıta gəldik.
O, şəhər fəalları qarşısında çıxış elədi, mövcud problemlərdən danışdı. Sonra
məni fəallara təqdim elədi. Həmin vaxt zalda əyləşənlərdən biri dedi ki, bu vəzifə
üçün Balakişiyev çox gəncdir. V. Axundov ona belə cavab verdi: "Gənc şəhərin
gənc birinci katibi olmalıdır.”
Şəhər
sürətlə inkişaf edirdi. Lakin Sumqayıtda kimya və metallurgiya sənayesinin
misilsiz inkişafı fonunda sosial təyinatlı obyektlərə ciddi ehtiyac vardı. Odur
ki, yeni birinci katib ilk günlərdən bu məsələni xüsusi nəzarətə
götürdü. Sumqayıtda birinci katib olduğu müddətdə Sovet İttifaqı Qəhrəmanı
Mehdi Hüseynzadə adına stadion (20 min tamaşaçı üçün), 600 yerlik «Rusiya»
(hazırda «Nizami») kinoteatrı, rəssamlıq qalereyası, şəhərin tarixi muzeyi, uşaq
kitabxanası, istirahət kafesi, çörək və süd zavodları, təzə balıq məmulatlarını
reallaşdırmaq üçün akvarium – hovuz, 500 çarpayılıq xəstəxana kompleksi, sənaye
müəssisələrində 7 yeni tibb məntəqəsi, Sumqayıt Dövlət Gənclər Teatrı, musiqi
texnikumu, sanatoriyalar, pioner düşərgələri və s. tikilərək istifadəyə
verilib.
60–cı illərin axırlarında Sumqayıt respublikamızın
ikinci sənaye mərkəzinə çevrilmişdi.
Sumqayıtda
işlədiyi müddətdə Nadir Balakişiyev iki dəfə Azərbaycan SSR Ali Sovetinin
deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə
Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində
iştirak edib.
Sumqayıt
Şəhər Partiya Komitəsinin birinci katibi olduğu dövrdə göstərdiyi böyük
xidmətlərə görə Nadir Balakişiyev 1966-cı ildə Qırmızı Əmək Bayrağı ordeni ilə
təltif edilib.
1971-ci
ildə o, Nazirlər Soveti yanında xarici turizm idarəsinin rəisi təyin olunub.
1978-1990-cı illərdə ixtisası üzrə işləyib. 1991-ci ildə "İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunun direktoru təyin edilib, 1997-ci ilədək burada işləyib.
Nadir
Ağadayı oğlu eyni zamanda incə qəlbli insan, gözəl ailə başçısı idi. 1959-cu
ildə Mina Mustafabəyova ilə evlənib, onunla xoşbəxt nikahda 45 il ömür sürüb.
Onlar birlikdə 3 qız böyüdüblər. İlkiləri Gülnarə Mirzəyeva Bülbül adına musiqi
məktəbinin və Bakı Musiqi Akademiyasının pedaqoqu, ortancılı Elmira
Fərəcullayeva elmlər namizədi, dosent, BDU xarici dillər kafedrasının müdürü,
sonbeşik Nailə Balakişiyeva isə respublika dəri-zöhrəvi dispanserinin həkim-dermatoloqudur.
Nadir
Balakişiyev 2004-cü il mayın 26-da, nəticə gördükdən sonra bu dünyadan köçüb.
Nailə Balakişiyeva