Səfərov Ramiz Kəbutər
oğlu
Biologiya elmləri doktoru, professor Ramiz Səfərov 1939-cu ildə Gəncə şəhərində
anadan olub. 1957-ci ildə Gəncə şəhərindəki
24 №-li orta məktəbi bitirib.
1962-ci ildə Moskva Baytarlıq Akademiyasının baytarlıq fakultəsini bitirərək
bir müddət Respublika baytarlıq laboratoriyasında böyük baytar həkimi,
1963-1964-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Zoologiya
institutunda kiçik elmi işçi vəzifələrində çalışıb.
1964–1967-ci illərdə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Poliomielit
və Virus Ensefalitləri İnstitutunun aspiranturasında təhsil alıb. 1967-ci ildə
Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunda (Moskva ş.) biologiya elmləri
namizədlik dissertasiyasını müdafiə edib.
1966-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda elmi işçi,
1969-1976-cı illərdə Kənd Təsərrüfatı Nazirliyi Baş baytarlıq idarəsinin
Respublika quduzluqla mübarizə stansiyasının rəisi, 1976-1992-ci illərdə təkcə
respublikamız üçün deyil, bütün Qafqaz məkanı üçün çox gərəkli olan Ümumittifaq
Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun Qafqaz zona elmi–nəzarət
laboratoriyasının müdiri işləyib. 1992-ci ildə laboratoriyanın bazasında Azərbaycan
Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunu yaradıb və 2001-ci ilədək
ona başçılıq edib.
1993-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Baytarlıq Komitəsində sədr
müavini, 2001-2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Baş İdarəsinin
rəisi vəzifələrində işləyib.
R.Səfərov 1983-cü ildə
Moskva Baytarlıq Akademiyasının Elmi Şurasında biologiya elmləri doktoru
alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə
edib.
Professor R.Səfərov elmi fəaliyyətini
əsasən mühüm problemin, heyvanlardan insana keçən virus etiologiyalı infeksion
xəstəliklərin diaqnostikası və spesifik profilaktikası məsələlərinin həllinə həsr
olunub. Onun, Ümumittifaq Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun
və Ümumittifaq Biolojı Sənaye-Tədqiqat-Texnologiya İnstitutunun əməkdaşları ilə
quduzluq xəstəliyinə qarşı hazırladığı vaksinlər baytarlıqda geniş tədbiq
olunur.
Görülən elmi işlərin nəticələri
barədə bir çox xarici ölkədə (Kanada, Fransa, Çexoslovakiya, Yaponiya v.s.)
keçirilən konqreslərdə və konfranslarda məruzə edib və işləri çap olunub.
Professor 100-dən
artıq elmi əsərin müəllifidir. Altı müəlliflik şəhadətnaməsi onun adı ilə
bağlıdır. O, BMT-nin Beynəlxalq İnformatika Akademiyasının həqiqi üzvü və
Beynalxalq Epizootik Bürosunun ekspertidir.
İlham Əzimov,
baytarlıq elmləri doktoru