Əzizov Əziz Qasım oğlu
"43 il
əvvəl Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsi Moskvada təşkil olunan
gənc rəssamların ümumittifaq sərgisinə mənim də üç rəngkarlıq işimi göndərmişdi. Bu işlər sosializm realizmi
üslubuna yad olan o zaman deyildiyi kimi, burjua incəsənətinə məxsus formalist
sürrealizm cərəyanı ruhunda yaradılmışdı. Elə bu səbəbə, mənim və digər
həmkarlarımın əsərləri də Moskva şəhər Partiya Komitəsi rəhbərliyinin kəskin
tənqidinə məruz qalmışdı.
40 il ötüb o
zamandan. Şükürlər olsun ki,
hüquqi, demokratik, müstəqil ölkədə yaşayırıq. Hər bir yaradıcı sənətkar
öz fəaliyyətində azaddır. Sevindirici haldır ki, Bakıda müasir incəsənət muzeyi
yaradılıb. İndi hər bir rəssam əsərlərini orada sərgiləyə bilər”.
Bu, rəssam Əziz
Əzizovun fikirləridir.
O, 1934-cü ildə Bakıda dünyaya göz açıb, orta məktəbi
bitirdikdən sonra ixtisas təhsilini Əzim Əzimzadə adına beşillik Azərbaycan
Dövlət Rəssamlıq məktəbində alıb. 1965-ci ildən bir sıra respublika və ümumittaq
sərgilərinin daimi iştirakçısıdır.
Yaradıcılığında
mənzərə və natürmort janrı əsas yer tutur. Dünyanın 30-dan çox ölkəsində
nümayiş etdirilib əsərləri. Tuş, pero ilə çəkdiyi "Səttar Bəhlulzadənin
portreti”, 15-ci əsr memarlığımızın yadigarı "Ağa Mikayıl hamamı”, "İçəri şəhərdə məscid” adlı əsərləri hazırda
Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində saxlanılır.
Əziz Əzizov 4 il Musiqili Komediya Teatrında peşəkarlığını
davam etdirib. Sonradan Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında "Ulduz”, "Sən niyə susursan”, "Uşaqlığın son
gecəsi”, "Bir cənub şəhərində”, "Dağlarda döyüş” filmlərinin çəkilişində,
ərsəyə gəlməsində rəssam kimi çalışıb.
Onun 1992-ci ildə "Bakının ponoramı” adlı rəngkarlıq əsəri
Azərbaycan Respublikasının hökuməti adından
İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncaniyə bağışlanıb.
Rəssam 1993-cü ildən Türkiyədə yaşadığı 3 il ərzində
məhsuldar yaradıcılıqla məşğul olub. Qardaş ölkənin ən tanınmış
şəxsiyyətlərinin, dövlət xadimlərinin 13-dən çox portretini çəkib. Əziz
Əzizovun fırçaya aldığı dünya şöhrətli cərrah, alim və xeyriyyəçi İhsan
Doğramaçının portreti də yüksək sənətkarlıqla yaradılıb. Ümummilli lider Heydər
Əliyev həmin portreti dövlətimiz tərəfindən
türk xalqının iftixarına
təqdim edib.
Tarixi mövzuda əsər yaratmaq böyük məsuliyyət, həm də
sənədlilik tələb edir. Bu baxımdan rəssamın Azərbaycan tarixi muzeyi üçün işlədiyi
"Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin ilk iclası” adlı tablosu
tarixiliyinə və sənədliliyinə görə maraq doğurur. Məmmədəmin
Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Hacı Zeynalabdin Tağıyevin portretləri də
surətlərin zahiri bənzəyişi ilə inandırıcı təsir bağışlayır.
2006-cı ildə Bakıda, Respublika Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda açılmış fərdi sərgi Əziz Əzizova
böyük sənət sevinci bəxş edib. Sərgi rəssamın 70 illik
yubileyinə həsr olunmuşdu. Sənətsevərlər portpetlər qalereyasını, mənzərələr
silsiləsini, natürmortları, sürrealist kompozisiyaları maraqla qarşılamış, müəllifin
ünvanına xoş sözlər söyləmişdilər.
Yağlı boya ilə işlənmiş tablolarda və qrafik lövhələrdə
Məmməd Əmin Rəsulzadənin, Mustafa Kamal Atatürkün, "millət atası”, məşhur messenat Hacı Seynalabdin
Tağıyevin və başqa tanınmış şəxsiyyətlərin, ədiblərin cahanşümul
sənətkarların surətləri tamaşaçıların
gözü önündə canlanır.
Monumental portretlərin fırçaya alındığı "Sevinc” və
"Ulduz” tablolarını Əziz Əzizovun portret janrı yaradıcılığının incisi
adlandırmaq olar. Sərgidə realist üslubda işlənmiş mənzərələrdə doğma yurdun
gözəllikləri böyük məhəbbətlə təsvir olunub.
Ənənəvi
klassik üslubda çəkilmiş natürmortlarda ötən yüzilliyin ab-havası duyulur.
Natürmortların kompozisiyasının forma-biçim əlvanlığı, fakturası olduqca canlı, cazibədar görünür.
Qədim məzarıstan... Qəbirlərin sınıb-çatlamış başdaşısı üzərində epitafiya əvəzinə qumar kartı – tuz və kral rəsmləri təsvir olunub. Məzarın sinə daşı altından ölənin ayaqları bayıra çıxıb. İnsanlara ömrü boyu yuxarıdan aşağı baxan, kölgə iqtisadiyyatının nümayəndəsi, maliyyə
oliqarxının o dünyada da rahatlığı
yoxdur. Rəssamın "Rahatlıq”
kompozisiyası bu fəlsəfi hissləri aşılayır.
Əziz
Əzizov əvvəlkı söhbətimizin davamı kimi yenə yaradıcılıq məsələlərindən,
gələcək işlərindən söz açdı:
- "Portret janrını
çox sevirəm. Uzun illərdir ki, peşəkar musiqimizin danılmaz banisi Üzeyir bəyin
surətini yaratmaq arzusundayam. Bilirəm ki, çətin və məsuliyyətli işdir. Buna
baxmayaraq, bu dahi şəxsiyyətin zəngin mənəvi aləmini rənglərin dili ilə açmağa
çalışacağam.
Türk xalqlarının müdrik el ağsaqqalı Dədə Qorqudun, Bakını 1918-ci ildə erməni daşnaklarından xilas etmək üçün köməyə gəlmiş
türk generalı
Nuru Paşanın da portretini çəkmək istəyirəm.
Son illərdə məndə
ənənəvi klassik üslub çərçivəsindən uzaqlaşmaq meylləri artıb. Sürrealizm
üslubu fəlsəfi düşüncələri, sərbəst, rəmzi ifadə etmək imkanı yaradır. Fikrim var ki, bu üslubda yenə tablolar
işləyim. Sağlıq olsun. İnşaallah!
Hacı Arif Bahadıroğlu, "Qızıl qələm” mükafatı
laureatı