Manafov
Mirzəbala Məmmədhüseyn oğlu
Bakının tanınmışlarından olan, şəhərimizin mənəvi
iqlimində özünün dəst-xəttini qoyan Mirzəbala Manafov 1914-cü ildə doğulub.
Atası Dəniyar oğlu Məşədi Məmmədhüseyn 19 yaşında Novxanıdan şəhərə köçüb.
Bakının sayılıb-seçilən qoçularından biri kimi ad çıxarıb. Ən böyük arzusu
Mirzəbalanı oxudub savadlandırmaq, ziyalı etmək idi.
Cəsurluqda atasına oxşayan
Mirzəbala 1932-ci ildə N.Nərimanov adına texnikumun mühəndislik fakultəsinə
daxil olur. Lakin mühəndis olmaq ona nəsib olmur. 1933-cü ildə aci tale onu neçə
ildən bəri şəhərə qan udduran həmşəri Höccətlə üzbəüz qoyur. Mirzəbalanın cavan
ömrünə son qoymaq üçün Höccət odlu silaha əl atır. Lakin 19 yaşlı cavan ona
qalib qəlir. Heç kəsin tanımadığı bakılı tələbənin canavar Höccəti öldürməsi
böyük əkssədaya səbəb olur. O zaman Bakı milisinin yüksək rütbəlilərindən olan
Dudko Bayıl qazamatına gəlir, "sən şəhərimizi böyük bəladan qurtardın!” deyib
Mirzəbalanın alnından öpür...
Mirzəbala Bakıdan uzaqlarda da
tanınıb, onunla hesablaşıblar. O vaxt Novxanıdan yeddi nəfər, o cümlədən rəhmətlik
Meyranqulu, Kavus və Mirzəbala mal-qara almaq üçün Həştərxana gedir. Necə
olursa, oraya – bizimkilərin qaldıqları yerə Rostovdan bir neçə tanınmış oğru
gəlir. Bunlar yatanda oğrular pusurlar ki, görsünlər pulları hara qoydular. Fikirləri
bu imiş ki, başlarını əkib, nələri varsa, aparsınlar. Bunu hiss eləyən
Mirzəbala Kavusa tapşırır ki, pulları gizlətməsin, çıxarıb ortaya qoysun. Kavus
başlayır ki, sən nə danışırsan, ay kişi, müamilə ilə pul almışıq, batıb
gedərik. Mirzəbala deyir ki, bunlar gəliblər, ya pulumuzu aparacaqlar, ya
da canımızı alacaqlar. Əgər puldan
keçmək istəmirsinizsə, onda alın bu silahları, içəri girən kimi hərəsinin
alnından bir güllə vurun. Sonra o, rostovluları çağırtdırır. Onlara tanışlıq
verir ki, bəs filankəsdir, filan-filan zonalarda olub, qollarını açıb
"nakolkalarını” göstərir. Daha sözə ehtiyac da qalmır. Məmmədhüseyn
oğlu onlara deyir ki, bu gördüyünüz puldan sizə bir qədər xərclik verə bilərik,
vəssalam. Çünki burada gördüyünüz kişilərin balaları inəklərin yolunu
gözləyirlər. Bu, bank pulu deyil ki, apara biləsiniz. Rostov oğruları onu
anlayırlar. Məsələ bununla da bitir. Bizimkilər mal-qara alıb, sağ-salamat
Bakıya çatdırırlar...
1957-ci ildə açılmayan ölüm işi çox olub,
onlardan biri də novxanılı Kamalın qətli ilə bağlı idi. Şəhərin milis
rəhbərləri düzüb qoşurlar, işlərin ikisini qoyurlar Mirzəbala kişinin boynuna.
Həmin
günlər o, çox fikir çəkirmiş. Dərdini dostu Meyranqulu ilə bölüşərkən deyib ki,
elədiyim işlərin üstündə cəza alsaydım, məni qətiyyən yandırmazdı. Dəhşət
orasındadır ki, eləmədiyim, tamamilə bixəbər olduğum bir iş üstündə
həmkəndlilərimi, qohumlarımı üzümə durğuzalar....
İstəyirdi ki, məhkəmə aşkarlıq şəraitində keçsin. Təbii ki, onun bu
arzusunu da nəzərə almadılar.
Bütün
məhkəmə boyu bircə dəfə də ağzını açmadı. Axırda son söz veriləndə isə dedi ki,
Qüdrət (Kamalın atası), heç kəsin qanı yerdə qalmayıb. Allah qoysa, gec-tez
sənin də oğlunu vuran tapılacaq. Onda sənin də dərdin istər-istəməz
təzələnəcək, ağlayacaqsan, elə biləcəksən ki, oğlunu lap indi öldürüblər. Bax,
onda unutma ki, Mirzəbala nahaq getdi. Onda məni də yadına sal, mənimçün də
ağla...
Kişinin
o son sözünü bu gün hələ də xatırlayırlar.
"Avtoritet”
qəzeti,1999-cu il