NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 17:30

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Həmidoğlu | Регистрация | Вход

Əsl sənət haqqında eşitmək və əsl sənətçi görmək istəyənlər üçün...

   Hacı Həmidoğlu: "Müasirləşək, amma başqalaşmayaq, dostlar!”
   
 
  Bu gün gözümüzü açıb hayana baxsaq, şou-biznes əhlini görürük. Hansı səmtə qulaq versək, müğənnilərin səsini- ifalarını yox, bir- birinə atdıqları atmacaları, əsəblərimizi tarıma çəkərək pik həddində tutub saxlayan qalmaqal- şouları haqda gedən söz- söhbətləri eşidirik. Daha çox televiziya kanallarımızın efirlərində onlara yer verilir. Buna görə də, "Mədəniyyət” qəzeti olaraq, 5-10 dəqiqəlik olsa da, millətimizin beynini bu fikirlərdən yayındırmaq, gözlərini bu görüntülərdən ayırmaq və ona sözün əsl mənasında sənətdən danışmaq və sənətçi göstərmək istədik. Həmsöhbət olaraq isə, bu yaxınlarda 50 illik yubileyini qeyd edən, klarnet ifası ilə mədəniyyətimizdə, musiqi dünyamızda özünəməxsus yer tutan, "Könül”, "Qafari”, "Qələbə”, "Fəvvvarə” kimi məşhur musiqilərin bəstəkarı və ifaçısı Hacı Həmidoğlunu seçdik.  

  - Özünüzdə musiqiyə, həm də məhz klarnet musiqi alətinə qarşı marağın oyanma prosesindən danışardınız?!
   - Ümumiyyətlə, bizim evdə həmişə musiqiyə böyük maraq olub. Atam bu sənətlə məşğul olduğundan musiqi hələ uşaqlıqdan mənim beynimə həkk olunub. Ən birinci sevdiyim musiqi aləti nağara oldu. Əvvəlcə özüm üçün evdə nağara çalmağı öyrənməyə başladım. Bir həvəskar kimi... Sonra isə gözəl nağara ustası, əməkdar artist Çingiz Mehdiyevin şagirdi oldum. O zaman "Pionerlər evi” vardı, hansı ki, ora hər adamı qəbul etmirdilər. Amma mənə bu xoşbəxtlik nəsib oldu, qəbul olundum və beləcə musiqi aləminə ilk addımımı nağara ilə atmış oldum.
   O vaxtlar radioda tez- tez Ələkbər Əsgərov, Vəli Qədimov, Şəmsi İmanov, Əşrəf Əşrəfzadə, Bəhruz Zeynalov, Həsən Məhərrəmov, Məhərrəm Zeynalov kimi nəhəng sənətçiləri eşitmək olardı. Lakin onların ifaları bir-birinə bənzəməzdi. Hərə öz sözünü öz üslubunda deyərdi, həm də çox gözəl bir tərzdə... Mən onların hər birinə böyük bir məmnuniyyətlə qulaq asırdım. Hardasa 15-16 yaşım olardı. Sonra Əşrəf Əşrəfzadənin ifasını dinlədim və birdən- birə fikrim 180 dərəcə döndü. Qəti qərara gəldim ki, bu sənətə yiyələnməliyəm! Atamın köməyi və böyük həvəsim sayəsində tez bir zamanda klarnet çalmağı öyrəndim. Sonra 7 saylı musiqi məktəbinə daxil oldum. O vaxtkı "Demokratlar cəmiyyəti”nin nümayəndələri - Novruz Feyzullayev, Leyla Şərifova, Rübabə Muradova, Məmməd Salmanov məni də əməkdaşlığa çağırdılar və biz birgə çalışmağa başladıq. 1975-ci ildə İslam Rzayev instrumental ansambl yaratmağa başladı. Gənc kadrlara ehtiyac olduğundan Novruz müəllimə müraciət etdi və biz həmin ansambla keçdik. Bizim ansamblda hazırda Ankaranın böyük bir orkestrinin dirijoru olan tarzən Abdulla Qurbani də vardı. Sonra mən əsgərliyə getdim və hərbi xidmətdə olduğum müddətdə hərbi orkestrdə çalışdım. 1983- cü ildən isə, yenidən İslam müəllimlə birgə fəaliyyətimizi davam etdirdik. Eyni zamanda, mən Ağasəlim Abdullayevin "Araz” ansamblı ilə də işləyirdim. Bundan başqa, "Xatirə”, Əhməd Bakıxanov adına ansamblda da çalışmışam. İslam Rzayevin ansamblı olaraq, biz tez- tez Quba, Qusar, Xaçmaz, Şuşa, Laçın, Qubadlı, Lənkəran və digər rayonlarda, həmçinin Hindistan, Rusiya, Bolqarıstan, Polşa, Almaniya və Vyetnam kimi xarici ölkələrdə qastrol səfərlərində olurduq. 1980- cı ildə Niyazinin orkestri ilə birgə Şuşada konsert verdik, M. P. Vaqifin 150 illiyi münasibətilə Cıdır düzündə çıxış etdik... Şuşa mənim yaralı yerimdir. Onun düşmən əlində olması mənə çox ağır gəlir. Yadıma salıram Şuşanın gözəlliklərini, İsa bulağını, Xarı bülbülü... Amma içimdə qəribə bir hiss var, Şuşanın qayıdacağı günün çox da uzaqda olmadığını duyuram. Gözləyirəm, mənə elə gəlir ki, inşallah, bu yaxınlarda "Qələbə” rəqsimi Şuşada ifa edəcəyəm.

   - İndiyə kimi sənətinizlə bağlı hər hansı bir mükafat və yaxud diploma layiq görülmüsünüzmü?
   - Düzünü desəm, yox...
  
 - Niyə?
   - Vallah, onu deyə bilmərəm. Düzdür, radionun qızıl fondunda ifa etdiyim 5 muğam, ümumilikdə isə 78-ə yaxın lent yazılarım saxlanılır.
  
 - Özünüzə daha çox klassikanı, xalq mahnılarını, yoxsa estradanı yaxın görürsünüz?
   - Bilirsiz, mən müasirliyi, yeniliyi sevən insanam. Ürəyimdə klassikaya da yer var, müasir estradaya da. Amma qəlbən ən yaxın olanımı bilmək istəyirsinizsə, deyirəm: xalq mahnılarımız, oyun havalarımız!
  
 - Onda yəqin ki, milli musiqi alətlərimizin, eləcə də klarnetin replə, yaxud rokla sintezinə pis baxmazsınız?!
   - Əlbəttə ki, yox! Əgər ortaya gözəl bir sənət əsəri, maraqlı sintez olunmuş musiqi çıxarılacaqsa, niyə də olmasın? Məsələn, gözəl sənətkarımız Alim Qasımov rokla sintez olunmuş musiqi ifa etdi. Pis idimi? Qətiyyən! Və yaxud özümdən deyim. Mən "Qoca qartal”ı klarnetdə ifa etmişəm. Heç bilirsiz nə gözəl alınır? Azacıq milli ruh və ürək dolusu ifa elə musiqinin gözəl alınmasına bəs edir.
  
 - İndiki klarnet ifaçılarının ifa tərzlərindən razısınızmı?
   - Heç kəsin sənətinə, yaradıcılığına kölgə salmaq niyyətim yoxdur. Amma indiki klarnet ifaçılarından gileylənsək, haqsızlıq etmiş olmarıq. Əvvəlki ifaçılarımızla indikilər arasında yerlə göy qədər fərq var. Sanki birincilər azərbaycanca danışırdı və hələ də danışırlar. Onları başa düşmək elə də çətin deyil. Amma indikilər bir yox, bir neçə dildə danışırlar. Musiqinin də öz dili var axı... İndiki ifalarda başqa səmtə əyilmə daha çox sezilir, nəinki millilik!
 
  - Sizcə bu nə ilə əlaqədardır?
   - Avropalaşmağa can atmağımızla. Müasirliyi düzgün olmayan yerdə axtarmağımızla. Hazırda bizim nəinki musiqimizdə, eyni zamanda geyimimizdə, mətbəximizdə, hətta danışığımızda da dəyişikliklərin olduğu hiss olunur. Mən yenə də deyirəm, yenilik tərəfdarıyam. Müasirləşək, amma başqalaşmayaq, dostlar!
   
- Şablonvari suallarsız keçinmək olmaz. İdealınız kimdir?
   - Şablonvari olsa da, bir qədər çətin bir sualla qarşı- qarşıya qoyduz məni. Əgər fikir vermisinizsə, mənim ifalarımda bir yox, bir neçə üslub hiss olunur. Çünki mən bir neçə sənətkardan bəhrələnmişəm. Bunun üçün ideal seçmək mənim üçün çətindir. Amma ilk olaraq, onu görüb bu sənətə gəldiyimə görə deyərdim ki, idealım Əşrəf Əşrəfzadədir. Həqiqətən də mən onun sənətini çox sevirəm. Bildiyimiz kimi, o, dünyasını çox cavan yaşında dəyişib. 1997- ci ildə Vahid poeziya evində mən onun üçün gözəl bir xatirə gecəsi təşkil etmişdim. Bir çox görkəmli sənətkarlarımızı bu gecəyə dəvət etmişdim. Düşünürəm ki, əgər 10 % insan mənə görə gəlmişdisə, 90 % məhz ona- Əşrəf Əşrəfzadəyə görə təşrif buyurmuşdu. Dəyərli sənətkar idi. Allah rəhmət eləsin!
   
- İfalarınızda daha çox nəyi tapırsınız? Lirikamı, romantikamı...
   - Lirikanı sevirəm, lakin lirikaya həddən çox yer verməyi də lazım bilmirəm. Çünki həddini aşmış liriklik kədər gətirir.
  
 - İnşallah, nə vaxta qədər bu sənətlə məşğul olmaq istəyirsiniz?
   - Nəfəsim tükənənə qədər! Mənim məqsədim də elə budur. Buna görə özümə yaxşı baxıram. Amma çox yaşamaq üçün yox, bu sənəti yaşatmaq üçün!
  
 - Sənətin yavaş- yavaş əldən getdiyindən gileylənirik. Bəs şəxsən siz şagird yetişdirməklə bunun qarşısını almağı düşünürsünüzmü?
   - Bilirsiz, bu elə bir sənətdir ki, burada "nə qədər qazanacam?” yox, "nə qazanacam?”- deyə düşünmək lazımdır. Nə isə qazanmaq da ki illər tələb edir. Ona görə də burda səbirli olmaq məqsədəuyğundur. Mənim bir neçə şagirdim var idi, istedadları da öz yerində. Güclü istedadları olsa da, onlar axıra qədər getmədilər. Maddiyyatla əlaqədar olaraq, klarnet ifaçılığını yarımçıq qoyub, başqa bir sahə üzrə çalışmağa başladılar. Lakin indi 1- 2 şagirdim var, hansı ki, mən onlardan nə isə gözləyirəm. İnşallah, ümidlərimi doğruldarlar.
   
- Təəssüf ki, söhbətimizi yekunlaşdırmalıyıq. Son olaraq, nə deyərdiniz?
   - Hamıya firavan həyat arzulayıram. Təki millətimin günü xoş keçsin və musiqimizə həmişəki kimi lazımi dəyərini verməyi bacarsın! Millliliyi itirməmək şərtilə müasirləşən, gözəlləşən musiqimizə...
   
   
Könül NƏCƏFOVA    "Mədəniyyət” qəzeti 24 iyun 2009 il


 Hacı Məhərrəmov Hacıbaba Həmid oğlu 2 yanvar 1956-cı ildə Bakıda dünyaya gəlib. 138 №-li orta məktəbi bitirib. Klarnet nəfəs aləti ilə 1974-ci ildən məşqul olur. 1975-ci ildən İslam Rzayevin rəhbərlik etdiyi, sonralar isə "Araz” instrumental ansamblarında çalışıb. Xalq artistləri Rübaba Muradova, Əlibaba Məmmədov, Leyla Şərifova, Hacıbaba Hüseynov, Canəli Əkbərov və s. görkəmli sənətçilərimizlə birgə çalışıb. Milli müsiqimizi Hindistan, Almaniya, Fransa, Türkiyə, Russiya, Polşa,Ukrayna, Misir, bir sıra Afrika dövlətlərində təmsil edib. Dövlət Radio və Televiziya Fondunda ifa etdiyi 90 yaxın xalq  və bəstəkar müsiqiləri, muğamlar saxlanılır. Bir neçə audi diskləri çıxıb.  2006-cı ildə Həcc ziyərətində olub.  

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться