Manafov
Dəyanət Həşim oğlu
Keçən əsrin ikinci yarısında
təkcə Novxanıda deyil, bütövlükdə Bakıda, Abşeronun kəndlərində, eləcə də
Sumqayıtda sayılıb-seçilən novxanılılardan söz düşəndə Dəyanət Həşim oğlunun
adını birincilər sırasında çəkiblər. Bu adlı-sanlı novxanılı hansı keyfiyyətlərinə
görə belə hörmət qazanmışdı? Əlbəttə, ilk növbədə elin-obanın işinə yaramaqla,
yetimlərə, imkansızlara arxa durmaqla, haqqın-ədalətin tərəfini saxlamaqla,
eləcə də səxavəti ilə.
O,
Rübabə nənəmin qardaşıdır. 1937-ci ildə babam repressiyaya məruz qalıb. Nənəmi
beş uşaqla yaşadığı evdən çıxarıblar. 17 yaşlı Dəyanət bacısının köçünü at
arabasına yığaraq ata mülkünə gətirib. O vaxt Həşim kişinin mülkü də şura
hökumətinin sərəncamına keçirilmişdi. Nənəmin ailəsini əvvəllər tövlə olmuş
otaqda yerləşdiriblər. Hökumət məmurları onları buradan da çıxarmaq istəyiblər.
Lakin Dəyanət hər dəfə işə qarışıb, təhlükəni sovuşdurub.
Yardım
üçün ona müraciət edənlərin hamısını razı salırdı. Sumqayıtda təşkil etdiyi
toxuculuq fabriki yüzlərlə ailə üçün, necə deyərlər, çörək ağacı olub. Oradakı
işçilərin bir çoxu novxanılı idi. Həmin işçilərin ailə üzvləri bu gün də Dəyanət kişini
hörmətlə yad edirlər. Oğlu Əliheydərin dediklərindən: "Kasıb bir qadın atama müraciət edərək
süpürgəçi vəzifəsinə götürülməsini istəmişdi. Ərizəsini qol çəkmək üçün
direktora verdikdə o soruşdu:
- Bundan
mənə bir şey çatacaq?
Atam qeyzləndi və səsini qaldırdı:
- Sən
kişisən, sən insansan?! Biz istəyirik ki, bir kasıba əl tutaq, həm də
oturub-durduğumuz otaqlar təmiz olsun! Sən isə...
Direktor
daha bir söz deməyə cəsarət eləmədi, qadının ərizəsinə imza atdı. Atamı heç kəs
adı ilə çağırmırdı, hamı onu "Kişi” deyə hallandırırdı”
Azərbaycan Respublikasının əməkdar
jurnalisti Əliabbas Əlimədətoğlu onu belə xatırlayır: "Şəxsən tanış deyildim,
lakin haqqında qardaşlarımdan çox eşitmişdim. O vaxt "Bakı” axşam qəzetinin
partiya-siyasi iş şöbəsinin müdiri idim. Xalq nəzarəti orqanlarının
fəaliyyətini də mənim şöbəm qəzetdə işıqlandırırdı. Bir gün nahardan sonra
kabinetimin qapısı döyüldü, Dəyanət kişi içəri girərək salam verdi və dedi:
- Deyirlər
ki, Əlikövsərin qardaşı burada işləyir...
Ona yaxınlaşıb əlimi uzatdım:
- Xoş
gəlibsiniz, Dəyanət qardaş, mənə görə qulluq!
O, əlimi
sıxaraq sözünə davam etdi:
-
Fikirləşirdim ki, birdən məni tanımazsan, Novxanıya gedib Əlikövsərdən xahiş
eləmək istəyirdim...
Sözünü davam etdiyməyə qoymadım:
- Ağzım
nədir ki, səni tanımayım! Sən kəndimizin fəxri-fəxarətisən!
Xalq
nəzarəti komitəsinin xətti ilə keçirilən yoxlamada bir tərəvəz dükanının
satıcısı da ilişmişdi, özü də müdirin təqsiri üzündən. Bu adamın bir çətən
külfəti vardı. O vaxt qəzetdə tənqidi yazı getsəydi, onun işi şuluq olardı.
Lakin bəxti gətirmişdi ki, Dəyanət kişini tanıyırdı. Mən şöhrətli eloğlumun
sözünü yerə sala bilməzdim”.
O,
1920-ci ildə Bakıda doğulub. Gənc yaşlarında valideynlərini itirib. Özündən
kiçik iki qardaşını və iki bacısını dolandırıb. 1941-ci ildə müharibəyə
aparılıb, vuruşub, yaralanıb, əlil olub. 1994-cü ildə həcc ziyarətində olub.
Geniş
dünyagörüşlü insan idi. Həyat ona təhsil almağa imkan verməmişdi. Lakin həmişə
elm, incəsənət adamları ilə oturub-durardı. Akademiklər Kamil Əliyev, Vasim
Məmmədəliyev, xalq rəssamı Tahir Salahov, xalq artisti Tələt Qasımov və bir
sıra başqaları tez-tez ona baş çəkərdilər, söhbətləşərdilər.
Vaqif
Ağayev