Abdullayev İlqar Niftulla oğlu
Qaradinməz, hündürboy, cüssəli,
vətənpərvər, qeyrətli oğul idi İlqar. Erməni faşistlərinin ölkəmizə qarşı ərazi
iddiaları başlayanda, onların Qarabağda yaşayan soydaşlarımıza qarşı
törətdikləri vəhşilikləri eşidəndə özünü saxlaya bilmirdi. ˝Mən bu alçaqları
yaxşı tanıyıram, cavab vermədikcə üstümüzə ayaq açacaqlar˝, - deyirdi.
İlqar Niftulla oğlu Abdullayev 1962-ci il
aprelin 11-də İrəvan vilayətinin Dərələyəz mahalının Əmağu kəndində anadan
olub. Hələ uşaq ikən qanı millətçiliklə yoğrulan ermənilərin türklərə düşmən
münasibətini hiss etmiş, onları müxtəlif bəhanələrlə yurd-yuvalarından didərgin
saldıqlarının şahidi olmuşdu. Bəli, düşmən bizim ˝xalqlar dostluğu˝ndan
ağızdolusu danışdığımız dövrdə də öz işini görürdü və İlqargilin ailəsi də belə
bir müsibət nəticəsində doğma torpaqlarından çıxıb əvvəlcə Şəkiyə, 2 il sonra 1974-cü
ildə isə Novxanı kəndinə köçüb gəlməyə məcbur oldu.
İlqar uşaqlıqdan dənizçi olmaq istəyirdi.
Elə bu məqsədlə səkkizinci sinfi bitirib sənədlərini Bakıdakı gəmiçilik üzrə
peşə məktəbinə verdi. 1981-ci ildə həmin məktəbi bitirib, hərbi xidmətə yollandı.
O, iki il Monqolustan Xalq Respublikası ərazisində keçmiş sovet ordusu
sıralarında xidmət etdi. Ordudan təxris edildikdən sonra İlqar Bayıldakı gəmi
təmiri zavodunda işə başladı.
O, ailədə, dördüncü övlad idi. Dörd
bacısı, iki qardaşı vardı. Qaradinməzliyi, işgüzarlığı, mehribanlığı ilə
qardaş-bacılarından fərqlənirdi. Oxuduğu məktəbdə, işlədiyi kollektivdə hamı
onu çox istəyirdi. Dostluqda çox möhkəm idi.
...İlqar Milli Ordumuzun yaradılmasını
gözləyə bilmədi. 1991-ci ilin oktyabr ayında özü üçün tikdirdiyi evin inşasını
yarımçıq qoyub könüllü Qarabağa yola düşdü. Kərkicahanın müdaiəsində iştirak
etdi. Sonralar isə birinci batalyon təşkil ediləndə bu taqımın əsgəri kimi
Şəhidlər Xiyabanında and içdi. Həmin andiçmə mərasimindən televiziya işçilərinin
hazırladığı reportajda müsahibə verdi. Dedi ki, torpaqlarımızdan yağı ayağı
kəsilənədək geri dönməyəcək, şəhid olmuş bacı və qardaşlarımızın qanını yerdə
qoymayacaq.
Tez-tez zəng vurardı. Səsi gah
Kərkicahandan, gah da Malıbəylidən, Quşçulardan, Meşəlindən gələrdi. Ön
cəbhədən xəbər tutmaq üçün qohum-əqraba ona çoxlu sual verərdi. ˝Daşaltı
əməliyyatı˝nı unuda bilmirdi. Bircə onu deyərdi ki, bizi satdılar, çoxlu
igidimiz bu xəyanətin qurbanı oldu. İlqar özü isə üç nəfər yoldaşı ilə üç gün qarın
altında qalmış, təsadüf nəticəsində sağ qurtarmışdı. Sonralar kiçik qardaşı
Vüqar evdən icazəsiz Qarabağa gedir. İki qardaş Şuşadan bir-birindən xəbərsiz
vuruşmuşlar. Bir gün İlqarın dostu Sahib Namazov təsadüfən Vüqarı görüb İlqara
xəbər verir. Onda İlqar Kosalarda imiş. Eşidən kimi Şuşaya gəlir. Təcrübəsiz,
hərbi təlim görməmiş Vüqarı güclə qoca ata-anasının yanına qaytarır.
İlqar Şuşaya bir çox xəyanətlərin,
satqınlıqların canlı şahidi idi. Şuşanın işğalından 10-15 gün qabaq birinci
batalyonun ləğv edilməsi və əsgərlərin evə buraxılması bunu bir daha təsdiq
etdi. Lakin bir çox qeyrətli oğullar kimi, İlqar evə qayıtmadı. Onda Zəngilan
rayonu da çətin günlərini yaşayırdı. İlqar döyüş dostları ilə birgə Zəngilanın
müdafiə edilməsi üçün oraya yollandı. Düşmən Seyidlər kəndinə tez-tez hücum
edirdi. İlqar burada özünü əsl qəhrəman kimi göstərdi. Nəinki Seyidlərlə, hətta
Zəngilanın özündə də çoxları onu tanıyırdı. Lakin xəyanət, satqınlıq tezliklə
buraya da ayaq açdı. Ərzaq, silah alveri gedirdi. Xalqın əsgərlərimizə
göndərdiyi ərzaqlar satılırdı. Döyüşçülərimiz soyuq səngərdə günlərlə ac,
susuz, siqaretsiz qalırdılar. İlqar buna dözə bilmirdi. Ona görə də bir neçə
yoldaşı ilə Müdafiə Nazirliyinə gəldi, ˝Vətən, millət˝ deyən başabəla rəhbər
soydaşlarımızı bu xəyanətdən xəbərdar etmək istədi. Amma kim idi onları eşidən?
Zəngilana qayıdandan sonra heç bir həftə
keçməmişdi ki, İlqar Abdullayevi və onun döyüş yoldaşı Asif Ağakişiyevi
Seyidlər kəndindən geri qayıdarkən 1992-ci il mayın 24-də rayon mərkəzində
müəmmalı şəkildə qətlə yetirdilər. İlqarın ömrü də evinin tikintisi kimi
yarımçıq qaldı.
Yeganə yadıgarı – oğlu Qurban və
ömür-gün yoldaşı Güləndam İlqarın Bakının Şəhidlər Xiyabanıındakı qəbrini
tez-tez ziyarət etsələr də, onun ölümünə hələ də inanmırlar.
İlqar Abdullayevin adı əbədiləşdirilərək
yaşadığı küçəyə verilib.